Onlayn ictimai-siyasi qəzet
“Qala Sığorta” ASC-nin əməkdaşını sosial şəbəkədə təhqir edən şəxs cəzalandırılıb. Məhkəməyə verilən şəxs sığorta şirkətinin əməkdaşına “dümbələk” dediyinə görə üzr istəsə də cəzadan canını qurtara bilməyib.
Musavat.com xəbər verir ki, ASC-nin Taleh adlı əməkdaşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək müştəri Sənan Əhmədovun “TikTok” sosial şəbəkə hesabında onu təhqir etdiyinə görə cəzalandırılmasını istəyib.
Xüsusi ittihamçı bildirib ki, Sənan Əhmədov maşınla qəza törətdiyi üçün hadisə yerinə baxış keçirilən zaman onun günahkar olduğu müəyyən edilib. Lakin Sənan Əhmədov dəymiş zərərə görə sığorta ödənişi istəyib. Ödənişi ala bilmədiyi üçün sosial şəbəkədə video paylaşaraq “Qala Sığorta” və şirkətin əməkdaşının ünvanına “mürdəşir”, “maşennik", “çaqqal”, “fırıldaq”, “vicdansız”, “murdar”, “dümbələk”, “şərəfsiz”, “tərbiyəsiz”, “alçaq” kimi sözlər işlədib.
Sənan Əhmədov paylaşdığı videolarda sığorta şirkətinin onun pulunu vermədiyini, şirkətin dələduzluqla məşğul olduğunu iddia edib.
Bundan sonra şirkətin əməkdaşı məhkəməyə müraciət edərək şərəf və ləyaqətini nalayiq formada alçaldan Sənan Əhmədovun cəzalandırılmasını istəyib.
Barəsində şikayət verilən Sənan Əhmədov deyib ki, Talehə sadəcə “dümbələk” deyib. Həmçinin bildirib ki, etdiyi səhvə görə öz “TikTok” səhifəsində də paylaşım edib. Sənan bildirib ki, Talehlə barışmaq istəsə də qarşı tərəf razı deyil.
Məhkəmə iclasında Sənan Əhmədovun paylaşdığı videolar sübut kimi izlənilib və qeyd edilən ifadələrin səsləndirildiyi təsdiq edilib.
Məhkəmə Sənan Əhmədovu təhqir və böhtan atama maddələri ilə təqsirli bilərək 1200 manat cərimə edib.
İ.Muradov
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ