İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ı Çempionlar Liqasından 3, Avropa Liqasından 1 addım ayırır...

Qurban Qurbanovu finala bərabər oyun gözləyir; məsələ avqustun 12-də Bakıda həll olunacaq

Azərbaycan çempionu “Qarabağ” avqustun 5-i gecəsi bizi bir daha sevindirdi. Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Şimali Makedoniya klubu “Şkendiya”nı 1:0 hesabı ilə məğlub etdi. Bununla da “köhlən atlar” klublar arasında keçirilən yarışlarda ən mötəbər turnir sayılan liqanın qrup mərhələsinə bir addım da yaxınlaşdı.

“Qarabağ” avqustun 12-də doğma azarkeşlərin önündə meydana çıxacaq. Konfrans Liqasının qrupunu təmin edən “Qarabağ” bu mərhələni keçərsə, Avropa Liqasının qruplarını təmin etmiş olacaq və Çempionlar Liqasında pley-off oynayacaq. Orada isə onun rəqibi “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalib olacaq. “Qarabağ” ötən illərdə hər iki kluba qalib gəlib. Görünən odur ki, Ağdam təmsilçisinin tarixində ikinci dəfə bu mötəbər turnirin qruplarında oynamaq şansları öz əlindədir.

Qol.az xəbər verir ki, Q.Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında sona qədər dözdüklərinə görə futbolçularına təşəkkür edib.

Mütəxəssis Bakıdakı cavab oyununda daha diqqətli olmaqlarının lazım gəldiyini bildirib: “Hər bir halda bu cür oyunda belə bir komandaya qarşı qalibiyyətlə dönmək böyük bir üstünlükdür, amma biz Bakıda daha diqqətli və ciddi olmalıyıq”.

“Qarabağ” qalib gəlsə də, oynanılan oyun heç də birmənalı qarşılanmayıb. Xüsusilə bəzi oyunçular tənqid hədəfi olublar.

Azərbaycan yığması onlar üçün də qapazaltı olub” – Natiq Muxtarlı Yeni Sabah

 Natiq Muxtarlı 

Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a açıqlamasında “Qarabağ”ın Bakıdakı oyunda heç bir halda arxayınlaşmamalı olduğunu düşünür: ""Qarabağ" artıq Avropada 3 oyuna çıxıb. Bu 3 oyuna görə müəyyən qənaətlər formalaşıb. İki məqam sevindirməyə bilməz: Birincisi, hər kəs “Qarabağ”ın müdafiə xəttində problemlərin olduğunu deyirdi. “Problemli müdafiə xətti” bu 3 oyunda qol buraxmadı.

İkincisi, hər kəs “Qarabağ”ın hücum xəttində problemlərin olduğunu iddia edirdi. “Qarabağ” hər 3 oyunda qol vurmağı bacardı. Düzdür, sırf hücumçu mövqeyində oynayanlar qol vurmadı, amma bu, heç nəyi dəyişmir. Əsas odur ki, “Qarabağ” qol vurmağı bacarır, hətta hücumçusuz oynasa belə. Deməli, komandada oyun sistemi var. Bunlar müsbət məqamlardır.

Ancaq hücum mövqeyinə mütləq futbolçu lazımdır. Özü də bitiricilik funksiyası yüksək olan futbolçu. “Şkendiya” ilə oyunda bu məqam özünü açıq şəkildə göstərdi. “Qarabağ” xeyli qol şansı əldə etdi, amma son nöqtəni qoyan tapılmadı. Əslində bu, “Qarabağ”ın köhnə “xəstəliyidir”.

N.Muxtarlı hesab edir ki, “Şkendiya” keçiləsi rəqibdir, amma bir qolluq üstünlük böyük fərq deyil: “Bakıdakı oyunda müdafiə diqqətli, hücum isə bitirici olmalıdır. Məncə, "Qarabağ" bu komandanı mübarizədən kənarlaşdırıb Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək".

Amma hədəf Çempionlar Liqasıdır. Potensial rəqiblər də, tanışdırlar. Zəif deyillər, baxmayaraq ki, “Qarabağ” onların hər ikisinə qalib gəlib. Amma unutmayaq, Qurban Qurbanov özü etiraf edib: “Hər il Avropa futbolu ilə Azərbaycan futbolu arasındakı səviyyə fərqinin artdığını görürəm”. 

İdman mütəxəssisi Kənan Məstəliyev də “Qarabağ”ın bu mərhələni keçəcəyinə əmin olduğunu bildirib. Zubir və Nərimanın xeyli qol epizodunu boşa verdiyini deyən şərhçi qeyd edib ki, Addai “başsız atlı” idi və əsas heyətə yaramadığını göstərdi. “Cavab görüşündə daha rahat oynayacaq və bu rəqibi daha rahat keçəcəyik. Belə rəqibləri "Qarabağ" çox udub, yenə də udacaq".

Oyunçu aparsın! - Aydın Bağırov yazır

 Aydın Bağırov 

Qol.az saytının baş redaktoru Aydın Bağırov isə hələ də şansları yarıbayarı görür: “Matç heç-heçə də bitə bilərdi. "Qarabağ" “Şkendiya”nı Şimali Makedoniyada məğlub etsə də (1:0), cavab matçı finala bərabər olacaq. Mənə görə, qalib gəlməsinə baxmayaraq, bizimkilərin mərhələ adlama şansı hələ də 50/50-yədir.

“Şkendiya” təhlükəli və hər cür yüksək hörmətə layiq rəqibdir. Təsdiq etdilər ki, Rumıniya FCSB-sini təsadüfən Çempionlar Liqasından kənarlaşdırmayıblar. “Qarabağ”la oyundakı təhlükəli hücumlarını yada salın".

A.Bağırov daha bir narahatedici məqam kimi Benzianın mövqeyində boşluq olduğunu qeyd edir: “Hələlik məcburiyyətdən o mövqedə oynadılan Addai onu əvəzləyə bilmir, Kadi hələ ki əvvəlki Kadi deyil. Vaxtında əvəzlənməsəydi, sırf məsuliyyətsizliyindən qırmızı vərəqə alacaqdı. İstənilən halda qələbə əla oldu”.

Beləliklə, yeni mövsümdə “Qarabağ” 3 oyunun 3-də də uğurlu nəticə göstərib. Bütün azarkeşlər ölkəmizin ən titullu futbol komandasının uğurlarının davamını gözləyir.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR