İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Ukraynanı yarıyolda buraxır - Kiyev hərbi və maliyyə dəstəyini İTİRİR

Ukraynaya Qərbdən gələn hərbi və maliyyə dəstəyi sürətlə azalır. Avropa isə yaranan çatışmazlığı, xüsusilə də əsas silahlar üzrə kompensasiya edə bilmir.

Musavat.com xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) nəşri məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən etibarən Qərbin əsas ölkələrinin Kiyevə hərbi yardımı xeyli azalıb. Əvvəllər Ukraynanın ən böyük silah donoru olan ABŞ, prezident Donald Trampın andiçmə mərasimindən sonra yeni hərbi tədarükləri dayandırıb.

Avropa isə ilin ilk mərhələlərində bu boşluğu qismən doldurmağa çalışsa da, texnoloji və istehsal imkanlarının məhdudluğu səbəbindən irimiqyaslı silah tədarükləri həyata keçirə bilmir. Xüsusilə raket sistemləri, artilleriya sursatı və hava hücumundan müdafiə vasitələri sahəsində ciddi çatışmazlıq müşahidə olunur.

Yay aylarında Avropa ölkələrinin Ukraynaya maliyyə öhdəlikləri ilin birinci yarısı ilə müqayisədə 57 faiz azalıb - ayda 3,8 milyard avrodan 1,9 milyard avroya düşüb. Ümumilikdə, bütün donor ölkələrdən gələn yardım həcmi ilin ilk altı ayı ilə müqayisədə təxminən 40 faiz azalıb.

“Purl Təşəbbüsü” və NATO-nun rolu

“Purl Təşəbbüsü” çərçivəsində NATO ölkələri Ukrayna üçün ABŞ-dan silah alırlar. Danimarka, Norveç, İsveç, Latviya, Almaniya, Niderland, Belçika və Kanada da daxil olmaqla ən azı 16 ölkə bu prosesə qoşulub.

Ümumi alış həcmi 1,9 milyard avro təşkil edir. Danimarka bütün artilleriya ehtiyatını Ukraynaya göndərib və Ukrayna müdafiə sənayesi ilə birbaşa əməkdaşlığa başlayıb.

Fransa, İspaniya və İtaliya kimi Cənubi Avropa ölkələri daha böyük hərbi-sənaye potensialına və tam silah ehtiyatına malikdirlər. Bu da onları Rusiyanın təzyiqlərinə qarşı daha davamlı edir.

Bununla yanaşı, Baltikyanı ölkələr, Çexiya və Polşa kimi Rusiya təhdidini birbaşa hiss edən dövlətlərdə vəziyyət fərqlidir. Onlar daha çox risk altındadırlar.

Cənubi Avropa isə mövcud tədarük azalmasına baxmayaraq, gələcəkdə Ukraynaya yardım üçün daha geniş potensiala sahib hesab olunur.

Artıq dördüncü ildir davam edən müharibəyə baxmayaraq, Ukraynaya ayrılan maliyyə resursları Avropa İttifaqının əvvəlki böhranlar zamanı ayırdığı vəsaitlərlə müqayisədə xeyli aşağıdır.

Məsələn, koronavirus pandemiyası və avro böhranı dövründə Aİ yüz milyardlarla avro sərmayə ayırmışdı. Hazırda Ukraynaya ayrılan yardımın ümumi həcmi isə təxminən 215 milyard avro təşkil edir.

Yeni təşəbbüslər

İsveç Ukraynaya hərbi dəstəyini radar kəşfiyyat sistemləri və erkən xəbərdarlıq təyyarələri ilə gücləndirmək niyyətindədir. Gələcəkdə bu dəstəyə "Gripen" qırıcılarının verilməsi də daxil ola bilər.

Norveç isə 2026-cı ildən etibarən Ukraynaya mülki yardım proqramını genişləndirməyi planlaşdırır. Yardım enerji infrastrukturunun bərpası, səhiyyə və təhsil müəssisələrinin dəstəklənməsi, humanitar layihələr və müdafiə qabiliyyətinin artırılması istiqamətlərində xərclənəcək.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR