Onlayn ictimai-siyasi qəzet
Ukraynaya Qərbdən gələn hərbi və maliyyə dəstəyi sürətlə azalır. Avropa isə bu çatışmazlığı kompensasiya etməkdə çətinlik çəkir.
“Neue Zürcher Zeitung” yazır ki, ilin əvvəlindən Qərb ölkələrinin Kiyevə hərbi yardımı xeyli azalıb. Əvvəllər Ukraynanın əsas silah donoru olan ABŞ, Donald Trampın prezident andiçməsindən sonra yeni hərbi tədarükləri dayandırıb.
Avropa Birliyi isə bu boşluğu qismən doldurmağa çalışsa da, texnoloji və istehsal imkanlarının məhdudluğu səbəbindən artilleriya sursatı, raket sistemləri və hava hücumundan müdafiə sahəsində çatışmazlıq yaranıb.
Yay aylarında Avropanın Ukraynaya maliyyə öhdəlikləri 57 faiz azalıb — ayda 3,8 milyard avrodan 1,9 milyard avroya düşüb. Ümumilikdə, donor ölkələrin yardımı ilin əvvəlki dövrü ilə müqayisədə təxminən 40 faiz azalıb.
“Purl Təşəbbüsü” çərçivəsində Danimarka, Norveç, İsveç, Almaniya, Niderland və Kanada kimi ölkələr ABŞ-dan Ukrayna üçün silah alır. Bu layihənin ümumi həcmi 1,9 milyard avrodur.
Danimarka bütün artilleriya ehtiyatını Ukraynaya göndərib, Fransa və İtaliya kimi Cənubi Avropa ölkələri isə daha böyük istehsal potensialına malik olduqları üçün təzyiqlərə daha davamlı hesab olunur.
Hazırda Ukraynaya ayrılan ümumi yardım 215 milyard avro civarındadır. Bu, Avropa İttifaqının pandemiya və avro böhranı zamanı ayırdığı vəsaitlərlə müqayisədə qat-qat azdır.
Bəs Qərbin Ukraynaya yardımı niyə bu qədər kəskin şəkildə azalıb?
Yardımın azalması Ukraynanın döyüş qabiliyyətinə və daxili sabitliyinə necə təsir edəcək? Bu vəziyyət Rusiyanın diplomatik və hərbi üstünlüyünü möhkəmləndirirmi?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloq qeyd edib ki,
Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi fərqli istiqamət götürüb:
"Co Baydenin dövründə ABŞ tamamilə Ukrayna məsələsini dəstəkləyir və Ukraynanın savaş siyasətini ictimaiyyətə və siyasətə dəstək verərək təşviq edirdi. İndi isə bu sahədə bir qədər fərqli siyasət tətbiq olunur. ABŞ məsələləri daha çox Rusiya ilə münasibətlər çərçivəsində təzyiq üsulu kimi istifadə edir.
Ukraynanı dəstəkləyərkən, məsələn, Rusiya tərəfindən müəyyən razılıq alınmasa, ABŞ Ukraynaya silah təminatını həyata keçirirdi; "Tomahawk” qanadlı raketlərinin verilməsi məsələsi də məhz bu kontekstdə gündəmə gəlmişdi. Lakin Putin ilə Tramp arasındakı telefon danışığından sonra həmin raketlərin verilməsi demək olar ki, ABŞ tərəfindən rədd edildi və Tramp bildirdi ki, raketlər verilə bilməz. Çünki ABŞ-ın özü üçün həmin raketlərə ehtiyacı var. Bu faktiki olaraq göstərir ki, ABŞ Ukrayna məsələsinə Rusiya ilə münasibətlərin ikili prizmasından yanaşır: münasibətlər yaxşı olduqda və Rusiyadan istədiyini ala bildikdə, ABŞ açıq şəkildə Ukraynaya dair siyasətini dəyişir və dəstəyi azalda bilir; əksi baş verdikdə isə Ukraynaya olan silah dəstəyini davam etdirir".
Politoloqun fikrincə, Avropa Birliyi ölkələrinin ABŞ-ın dəstəyi olmadan Ukraynaya tammiqyaslı silah təminatı həyata keçirməsi çox da real görünmür:
"Çünki AB ölkələrinin resursları məhduddur və bir çoxu NATO üzvüdür, NATO-da isə əsas silahlı güc ABŞ-dır. ABŞ-ın öz silah arsenallarını paylaşmaqdan imtina etməsi və müəyyən qədər geri çəkilməsi Ukraynanın müdafiə potensialının Rusiya qarşısında tükənməsi anlamına gələ bilər.
Belə davam edərsə, Ukraynanın cəbhədə vəziyyəti gərginləşə bilər, xüsusən Donbas bölgəsində. Rusiya artıq qış hücum planını hazırlayıb və konkret hücuma keçə bilər. Əgər həlledici silahlar Ukraynaya verilməsə, Donbasın tamamilə itirilməsi məsələsi aktuallaşa bilər".
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ