İnsanlara hürriyət, millətlərə istiqlal!

Quduzluq xəstəliyinin əlamətləri nələrdir? - Şöbə müdiri AÇIQLADI

Quduzluq kəskin virus mənşəlidir və mərkəzi sinir sisteminin iltihabi, degenerativ və nekrotiki zədələnməsi ilə səciyyələnir.

Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

Onun sözlərinə görə, xəstəliyə yoluxma quduz heyvanların dişləməsi, cırmaqlaması və ya zədələnmiş dəri və selikli qişaya heyvanların ağız suyunun təması nəticəsində baş verir.

Virus zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir hüceyrələri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur və burada viruslar toplanır, nəticədə ensefalit inkişaf edir. Sonradan virus tüpürcək vəzilərinə daxil olaraq orada intensiv çoxalmağa başlayır.

A.Qurbanova qeyd edib ki, quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir: “Heyvanlarda gizli inkubasiya dövrü 10 gündən 3-8 həftəyə qədər davam edir. İnkubasiya dövründən sonra heyvanda oyanma, ağız suyu axması, qusma, sudan qorxma əlamətləri meydana çıxır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur. İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, 1 həftəyə qədər qısala bilir, 3-4 aydan 1 ilə qədər uzana bilər. Gizli dövrün müddəti xəstənin yaşından, immun sisteminin vəziyyətindən, zədələnmənin növündən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından asılıdır. Belə ki, uşaqlarda və dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxın olarsa, xəstəliyin inkubasiya dövrü bir qədər qısa olur”.

Şöbə müdiri bildirib ki, xəstəliyin insanlarda inkişafının 3 mərhələsi var:

“İlk öncə xəstəlik zədə və ya yara yerinin birbaşa narahat etməsi ilə başlayır. Xəstədə depressiv hal və yuxunun pozulması əlamətləri müşahidə olunur. Bədənin hərarəti subfebril olur. İknci mərhələdə qıcolmalar, spazmlar, işıqdan və sudan qorxma (hydrofobiya), psixomotor oyanma əlamətləri müşahidə edilir. Üçüncü mərhələdə xəstə hərəkətsizləşir, bədənin hərarəti 40 dərəcəyə qədər qalxır. Bu zaman xəstə komatoz və paraliç vəziyyətinə düşür, ürək-tənəffüs çatışmamazlığından vəfat edə bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR