İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil yüngül cəza istədi, hakim açıb buraxdı

Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses zamanı cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək Arzuman Əsədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Təqsirləndirilən şəxsin müdafiəçisi isə çıxışında müvəkkilinə daha yüngül cəza verilməsini xahiş edib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Arzuman Əsədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin bu cəza şərti hesab olunaraq, ona 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisənin 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verdiyi müəyyən edilib. Münaqişə Arzuman İsmayıl oğlu Əsədov ilə onun qohumu Ramo Rövşən oğlu Əliyev arasında 40 manat məbləğində pul borcu üstündə yaranıb. Mübahisə zamanı Arzuman Əsədov bıçaqla Ramo Əliyevə xəsarətlər yetirib.

Baş vermiş hadisə ilə bağlı aparılan araşdırmalardan sonra Arzuman Əsədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə və ya özgənin əmlakına ziyan vurmaqla müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR