Onlayn ictimai-siyasi qəzet
Elşən Salahov Balaxanının səssiz küçələrində göy üzünə baxaraq yaşayan adamlardandır. 46 yaşlı bu adam üç uşaq atası, peşəkar avtobus sürücüsüdür. Amma onu şəhər yollarından çox səmalar cəlb edir. Deyir ki, həyatda ən çox sevdiyi canlılar atlar, itlər və göyərçinlərdir.
Piraşağıdakı bağında və Balaxanıdakı evinin həyətində yüzlərlə quş saxlayır – bağda onların sayı 600-ə çatır. Elşən üçün bu, təkcə hobbi deyil, bir həyat fəlsəfəsidir. Quşbazlığı ata mirası sayır, babasından, atasından ona keçən bir sevda kimi qəbul edir. İndi isə bu ailə ənənəsini qardaşı ilə birlikdə yaşadır.
“Mən quşu gözəlliyinə görə yox, uçuşuna görə saxlayıram. Saatlarla havada qalırlar, bu, mənim üçün başqa bir aləmdir,” – deyə sevinclə danışır.
Onun üçün göyərçinlərin havadakı rəqsi sözlə izah olunmayan bir xoşbəxtlikdir. Elşən deyir ki, elə günlər olur, saatlarla göyə baxır, quşlarının hərəkətini izləyir. Uçan göyərçin onun üçün azadlığın simvoludur – özünü onlarla birlikdə səmaya yüksəlmiş kimi hiss edir.
Yay mövsümündə isə işə ara verir. O dövrdə Elşənin dünyası yalnız quşları olur:
“Sentyabrdan işə çıxıram, aprelə qədər işləyirəm. Yayda bağdayam, quşlarla. Pul məsələsinə gələndə isə... Allah kömək edir”.
Quşlar arasında yarışlar da keçirilir. Bakı Göyərçin Klubu ilə birgə keçirilən yarışlardan birində Elşənin 10 quşu 73 saat havada qalaraq onu çempion edib. O anı xatırlayanda gözlərində yenə o sevinci görmək olur:
“Bu yarışlarda böyüklər hakimlik edir. 40-a yaxın quşbaz yığılırıq. Hər kəs öz quşunu havaya buraxır. Kimin quşu daha çox qalırsa, o qalib olur. Bu, xəstəlik kimidir – getsən də, fikrin quşlarda qalır”.
Elşən quşlarının hər birini nömrələyib – itənlər tez-tez başqa kəndlərdən tapılır. “Sənin quşun bizdədirmi?” – deyə tanımadığı adamlar onu axtarıb tapırlar. Deyir, Bakının 32 kəndində onun kimi quşbazlar var. Bir növ bu, görünməyən bir icmadır – səssiz, amma göy üzündə birləşən.
Lakin quşların da təhlükəsi var. Tülkülər, pişiklər – bir anlıq laqeydlik 15-20 quşun itkisinə səbəb ola bilər. O səbəbdən axşamlar onları tək qoymur.
Ən yaşlı göyərçini 15 yaşındadır. Onun fikrincə, bu, baxımla bağlıdır:
“Quşun kefi kök olmalıdır. Qışda qanadlarını kəsirəm ki, uçmasınlar. Sonra təzə qanad çıxır”.
Bu sevdanı tərk etmək fikrində deyil. Deyir, ömrünün axırına qədər quşlarla yaşayacaq. Ailəsi də buna qarşı çıxmır – çünki Elşən göyərçinləri ilə xoşbəxtdir. Bu, bir insanın səssiz azadlıq axtarışıdır və hər dəfə bir quş havaya qalxdıqda, sanki o da bir az yüksəlir.
Şahanə Rəhimli
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ