Rusiya Ermənistanı Qərbin əlindən almaq üçün yeni təməllər atmaq istəyir-ilginc
Rusiya XİN rəhbərinin Ermənistana səfəri Prezident Putinin və Lavrovun özünün təhqir olunduğu tarix kimi yaddaşlarda qalacaq.
Bunu Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Sergey Lavrovun İrəvana səfərini şərh edərkən bildirib. Politoloq qeyd etdi ki, Ermənistandakı atmosferi bilə - bilə Lavrov bu ölkəyə səfər etdi:
“Bu, onu göstərir ki, Ermənistanla son illər yaşanan soyuqluğa baxmayaraq, Rusiyanın onu cəzaalandırmaq fikri yoxdur və Cənubi Qafqazda Rusiyanın əsas dayağı yenə Ermənistan olacaq. Rusiya bu mesajı verdi və Ermənistanın təhlükəsizliyi üçün hər şey edəcəyini dilə gətirdi. Lavrov İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün maraqlı olduqlarını da dilə gətirib. Rusiya atətən, bölgədə gərginlik və münaqişə olduğu təqdirdə müdaxilə imkanlarına malik olur. Münaqişə yoxdursa, Rusiyanın edəcəyi nə ola bilər?” Q.Çaxmaqlı Kremlin təmkinli davranışını səbəbsiz saymır: “Rusiya Ermənistanın Qərbdə özünə havadarlar aramasının nəticələr vermədiyini hesablayır və Ermənistana təhlükəsizlik qarantiyası verə bilər. Gümrüdəki 102-ci hərbi baza, Metsamor Atom Elektrik Stansiyasının yenilənməsi, Qafanda konsulluğun açılması və s. Ermənistanı yenidən Rusiyanın təsir sahəsinə sala bilər”.
Ekspert Kremlin maraq dairəsində olan digər məsələdən də bəhs etdi:
“Məlumdur ki, 9 noyabr 2020 - ci il üçtərəfli bəyannaməsinə əsasən, Rusiya Zəngəzur koridoruna nəzarəti özündə saxlamaq istəyir və Ermənistanın buna qarşı olması rəsmi Moskvanı narahat edir. Yaxın zamanlarda Rusiya aktiv şəkildə bu məsələnin üzərinə gedəcək, çünki bu yol Rusiya üçün həyati əhəmiyyət daşıyır. Konkret şəkildə deyə bilərik ki, Rusiya Ermənistanı Qərbin əlindən almaq üçün yeni təməllər atmaq istəyir və o, Paşinyan hakimiyyətinin dəyişdirilməsinə qədər gedə bilər. Ermənistanda da belə hesab edənlərin sayı artmaqdadır ki, Avropa Birliyi və ABŞ bir çox məsələlərdə Rusiyanın alternativi olmaqdan uzaqdır”.
Ermənistandakı Qərb tərəfdarlarına gəlincə, Q.Çaxmaqlı bildirdi ki, onların dəstəkçiləri azalmağa başlayıb:
“Rejissor Tiqran Xzmalyan kimi adamların heç bir təsir gücü yoxdur. Xzmalyan özü hakimiyyətlə işləyir və tapşırıq yerinə yetirir”.
ELŞAD,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ