Onlayn ictimai-siyasi qəzet
Rusiyanın rəsmi dövlət kanalı - ”Rossiya-24” Ermənistandakı həbslərlə bağlı ötən gecə efirə verdiyi geniş sujetdə Moskvanın baş verənlərdən aşkar narahatlıqlarını ortaya qoydu. Bu cür həbslər son aylar məsələn, Gürcüstanda da, Qırğızıstanda da tez-tez olur, amma Moskva buna “dövlətlərin daxili işləri” deyərək diqqət vermir, qarışmır. Ermənistandakı həbslərə isə nədənsə, bu cür “müdaxilədən” çəkinmədilər, hadisələrlə bağlı geniş reportaj yaydılar.
Əvvəla, danışdırdıqları vəkil və siyasi ekspertlərin dili ilə Nikol Paşinyanı “çevriliş şosunda” ittiham etdilər. Axtarışlar zamanı kimlərinsə evindən tapılan bir neçə patron və bir neçə silah göstərdilər, yəni dövlət çevrilişi cəhdi ittihamını qeyri-ciddi hesab etdilər. Efirdə səslən versiyalardan biri budur ki, Nikol Paşinyan seçkilərə bir il qalmış güclü hakimiyyət imici formalaşdıraraq, öz elektoratına ölkəyə nəzarəti nümayiş etdirir. İkincisi, açıq bildirildi ki, Paşinyan mühüm xarici siyasət qərarlarının qəbulu üçün hazırlaşa bilər. Bu həm Avropa Birliyinə parlamentlə razılaşdırılmış inteqrasiya da, Azərbaycanla sülh prosesi və kommunikasiyaların (Zəngəzur) açılmasına hazırlıq da mümkündür.
Avara əyalət keşişi Baqrat Qalstanyanı az qala “siyasi lider”kimi təqdim etmək bir kənara, onun məhz sərhədyanı bölgədəki ərazilərlə bağlı etiraza qalxdığı da sətiraltı vurğulandı. Daha bir diqqətçəkən xətt isə Rusiya vətəndaşlığı da olan iş adamı Samvel Karepetyanla bağlı oldu. Bəllidir ki, o da hakimiyyəti zorla dəyişdirmək ittihamı ilə bir həftədir həbsdədir. Bu yerdə isə sujetdə Kremlin “ağır toplarından” olan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov önə çıxarıldı. O, Ermənistanı “dost ölkə” adlandıraraq dedi ki, Rusiya vətəndaşlığı olan Karapetyanın həbsi ilə bağlı bu ölkənin müvafiq strukturları ilə danışıqlar aparılır. Reportajda hakimiyyətin kilsə ilə gərgin münasibətləri konteksi də qabardıldı. Bir müxalifətçinin dili ilə Nikol Paşinyanın həbslərlə 2026-cı il seçkilərində qələbə qazana bilməyəcəyi xəbərdarlığı da edildi. Amma efirə Ermənistan hakimiyyətinin də mövqeyini əks etdirən bir cümlə belə verilmədi.
Bu cür reportajların məhz Kremlin tezisləri əsasında hazırlandığı şübhə doğurmur. Bəllidir ki, bu yaxınlarda Vladimir Putin Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonu gözlənilmədən Ermənistana yeni kurator təyin edib. Kiriyenko son olaraq separatçı Abxaziyada hakimiyyətlə bağlı küçə narazılıqlarını yatırmış, qondarma seçkilərlə oraya yeni rəhbər təyinatı kerçəkləşmişdi. Bu xidmətinə görə isə Putindən “molodes” və belə görünür ki, əlavə “toçka” da almışdı.
Kiriyenko neçə illərdir ki, Putinin yanında “bişib” və indi ölkəsində ən parlaq siyasi texnoloqdan biridir. 2026-cı ildə Ermənistanda kritik parlament seçkiləri olacaq və təcrübəli texnoloqun öz komandası ilə İrəvana nəzarətçi məsul edilməsi Moskvanın bu ölkəni orbitindən çıxarmaq fikrində olmadığını bir daha göstərdi. Bu təyinat Ermənistanda revanşist qüvvələri daha çox sevindirdi. Çünki Kiriyenko Abxaziyadan başqa Cənubi Osetiya, eləcə də Dnestryanıya da hələ də nəzarət edir. Onun Qarabağla bağlı revanşist illüziyaların hələ də davam etdiyi ölkəyə təyinatı separatçı əhval-ruhiyyənin alovlanması riskini artıra bilər. Rusiyanın tanınmış nəşrlərindən biri Kiriyenkonun qarşısına hansı vəzifə qoyulduğu açıq yazmışdı: “Kiriyenkoya Ermənistanda Rusiyanın maraqlarını təmin etmək üçün “yumşaq güc”dən istifadə etmək vəzifəsi tapşırılıb”.
“Yumşaq güc” anlayışını siyasətə 1990-cı ildə amerikalı politoloq Nay Cosef gətirib. Onun izahına görə, “yumşaq güc” “digər dövlətlərə təsir göstərmək və əməkdaşlıq yolu ilə istənilən nəticələrə nail olmaq” metodur. Rusiya xarici siyasətində yalnız son illər, həm də keçmiş possovet ölkələrində “yumçaq güc” metoduna üstünlük verdiyini demək olar. Məsələn, Ermənistanın son illər aşkar anti-Rusiya siyasətinə qarşı Kremlin çoxlarını anlamadığı təmkinli mövqeyi əslində “yumşaq gücə” üstünlük verməsidir. Ermənistanda baş verənlərdə Rusiyanın əli varsa, bu artıq “yumşaq güc” deyil...
Paşinyanın son davranışları Rusiyaya münasibətdə daha ehtiyatlı kurs götürdüyünü demək olardı. Onun xüsusilə Qərbin xəbərdarlığına baxmayaraq, 9 may paradında iştirakı, Rusiya qoşunlarının Ermənistanda qalacağı, Avropa İqtisadi İttifaqından ancaq referendum yolu ilə çıxmağın mümkünlüyü haqda dedikləri buna sübutdur. Belə görünür ki, Rusiya baş nazirin dediklərinə inanmır, ona görə Paşinyanın “yumşaq güc”lə deyil, zorla hakimiyyətdən devrilməsi planı aktuallaşır.
Ermənistan balaca ölkədir və ona nəzarət etmək çətin deyil. Paşinyan bu işi öyrəndi, o da gərgin keçən bu illərdə siyasi təcrübə topladı. Paşinyanın cevriliş cəhdində hələ ki həbslər əks düşərgədə gedir. Yəni bu işin içində hakmiyyətdəki qüvvələr, həm də əlində güc olan (məsələn, daxili işlər naziri) strukturlar qoşulmayıbsa, onun real nəticələri çətin ki, olardı. O səbəbdən Paşinyanın çevriliş həqiqət də şou ola bilər. Amma baş verənlər istənilən halda ölkədəki vəziyyəti daha da gərginləşdirəcək. Bu isə revanşistlərin və Rusiyanın maraqlarına uyğundur.
Erməni blogerlər yazır ki, Paşinyan indi kilsə liderləri də daxil savaşı o qədər genişləndirib ki, ona “Allah səni hifz etsin” demək də olmur...
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ