İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalasıgöyçək Arşakın vaqiəsi – Paşinyan arxiyepiskopun arxasını yerə pis vurdu

Ermənistan kimi demokratik institutların oturuşmadığı, dinc hakimiyyət dəyişikliyi mexanizmlərinin işləmədiyi, hakimiyyət məsələsini qaba gücün (silahlı qüvvələr və küçə izdihamı) həll etdiyi ölkələrdə belədir: siyasi mübarizədə hər üsuldan istifadə edilir.

“Hər üsul” dedikdə hədd yoxdur – siyasi rəqiblər bir-birini gözdən salmaqdan ötrü intim videolardan, keçmişdəki qəbahətlərdən, ifşaedici materiallardan, gizli bağlılıqlardan, hətta şər-böhtandan da yararlanırlar və düşünürlər ki, əsas məqsədə çatmaq üçün ən iyrənc vasitələr də məqbuldur.

Bu baxımdan Ermənistanda baş verən hadisə - baş nazir Nikol Paşinyanın erməni kilsəsinin rəhbərlərini hədəf alan ifşaedici materialları yayması, konkret olaraq, arxiyepiskop Arşakın bir qadınla (xalası olduğu deyilir) intim görüntülərini ictimailəşdirməsi anlaşılandır. Ermənistanda hakimiyyət uğrunda canavar davası gedir. Bu boğuşmanın bizə də dəxli var. Bu barədə sonrakı abzaslarda.

Eçmiədzin nə qədər təkzib etsə də, videoda görünən kişi arxiyepiskop Arşakdır. Ancaq qadının həqiqətən də Arşakın doğma xalası və ya xalası qızı olmasını yalnız ermənilər, həm də o “xala”nı öncədən tanıyan şəxslər bilər. Görüntülərdə farağat durmayanların qohumluq əlaqəsinin necə olmasından asılı olmayaraq, bir din xadiminin öz qohumu ilə intim əlaqəsi insestdir, dini ehkamlara görə yasaqdır, dünyanın bütün ölkələrində qəbahət hesab edilən hərəkətdir. Hətta həmin qadın Arşakın qohumu olmasa da, “subaylıq andı” içmiş ruhaninin dünyəvi həzzlərə meyllənməsi artıq onun “müqəddəs ata” statusunu itirməsi deməkdir.

Bizim ruhanilərə baxmayın, çox zövcə almağı savab işi kimi legitimlləşdirib, problemi həll ediblər, hətta yad bir qadınla tutulsalar da, “dini nikahdayıq” deyib işin içindən sıyrıla bilirlər. Xristianlarda isə başqadır. Onlar bu qədim ehkamı hələ də qoruyub saxlayırlar. Çətin olur, arada tablaşa bilmir, andlarını pozur, ilişir, ifşa olunurlar, amma yenə də ruhaninin ömrünün sonuna qədər subay qalmalı olması barədə yasağa düzəliş etmirlər.

Paşinyan siyasi rəqiblərini belə bir yuxa yerlərindən yaxalayıb. Güman ki, o, din adamlarının dünya həzzlərinə laqeyd olmaması barədə deyilənləri ciddiyə alıb və hər birinin toqqa çəkilən nahiyəsinə kameralı nəzarətçi təyin edib. Onlar da gördüklərini qeydə alıblar. Beşi ifşaedici lentlərdə “qəhrəman” olmayanda, biri - məsələn, arxiyepiskop Arşak arxasında çəkiliş olduğunu bilməyib və xalasına qarşı sapıqlıq edib.

Bu, həm də maniakal hərəkətdir. Öz yaxınına tamah salmaqdan özünü saxlaya bilməyən şəxsin əlində hakimiyyət olsa, nələr edər – Paşinyan xalqa bunu deyir. Andlarını pozan məişət pozğunları dövlət idarəçiliyinə buraxıla bilməzlər – onun devizi budur.

Bu məsələnin bizim ölkəmizə təsirinə gəlincə, Paşinyanın etdiyi nə qədər iyrənc mübarizə üsulu olsa da, biz sırf milli mənafe baxımından onu qınaya bilmirik. Çünki Paşinyanın mübarizə apardığı qüvvələr bizə qəvi düşməndirlər və onlar zaman-zaman ölkəmizə qarşı mübarizədə daha iyrənc, azğın, vəhşi üsullardan istifadə ediblər. Hələ bu cür davam etmək niyyətlərini də gizlətmirlər.

Xalqımızın 1988-ci ildən bəri məruz qaldığı ən böyük sarsıntılar, iztirablar, mərhumiyyətlər məhz erməni kilsəsinin – vazgenlərin, qareginlərin, arşakların adıyla bağlıdır. Prinsipcə, biz onların daha betər günə qalmalarını, tam ifşa edilmələrini, siyasət səhnəsindən birdəfəlik silinmələrini istəməliyik və istəyirik.

Onlara baxanda Paşinyan yola gəlmiş, reallığı dərk etmiş siyasətçidir. O və komandası xalqının gələcəyini qonşularla sonu görünməyən didişmədə yox, anlaşmaqda, əməkdaşlıqda görür və bu istiqamətdə hərəkətinə opponentləri ilə çarpışa-çarpışa davam edir.

Əgər o, demokrat bir siyasi xadimin, mötədil rəqibinin bu cür görüntülərini yaysaydı, yəqin ki, demokratik prinsipləri rəhbər tutan, şəxsi həyatın toxunulmazlığını prioritet sayan demokratlar tərəfindən qınaqla qarşılanardı.

Ancaq biz bilirik ki, “xalasıgöyçək” Arşak irticaçı birisidir, beləsini hər vasitə ilə sıradan çıxarmaq məqbuldur.

Ən ümdəsi odur ki, erməni kilsəsi, üsyankar katolikos bu zərbədən sonra özünə gələ bilməyəcək.

Paşinyan isə bir daha göstərdi ki, hakimiyyətini qorumaq yolunda heç bir bənd-bərə tanımır, qorxu-ürkü bilmir. O, yoluna çıxan hər bir rəqibini kotanlı K-700 traktoru kimi şumlayıb keçəcək – bəzilərini tutduracaq, bir qismini ölkədən didərgin salacaq, bir neçəsini də beləcə, xalasıyla, katibəsiylə, oğlan dostuyla lentə aldıracaq.

Arraj, Paşinyan! 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR