Onlayn ictimai-siyasi qəzet
Azov bölgəsində Rusiyanın elit ordu hissələrinin gözlənilməz şəkildə yenidən yerləşdirilməsi qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu, Xerson istiqamətində artan təhlükənin göstəricisidir.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın İşğalın Araşdırılması Mərkəzinin rəhbəri Petro Andryuşenko məlumat yayıb.
“Biz dəniz piyadalarının və Krım bölmələrinin (iki üçbucaqla işarələnmiş) Zaporojye istiqamətində yenidən yerləşdirilməsini müşahidə edirik”, - o, Telegram kanalında yazıb.
Andryuşenkonun sözlərinə görə, Mariupolda qaldıqdan sonra elit rus bölmələri, ən azı bir hissəsi, yenidən Azov bölgəsinə qaytarılıb. Mütəxəssis bildirib ki, Donetsk vilayətinin şimalını gücləndirmək planlarına baxmayaraq, həmin bölmələr bu həftənin ikinci yarısında polis müşayiəti ilə Berdyansk istiqamətinə doğru hərəkət ediblər.
“İndi diqqət yalnız işğal olunmuş Zaporojyeyə deyil, həm də Xerson istiqamətinə yönəlməlidir. Rus təbliğatının “adalara nəzarət” və “Dneprdən keçməyə hazırlaşmaq” barədə iddialarını nəzərə alsaq, vəziyyətə daha geniş bucaqdan baxmaq lazımdır”, - Andryuşenko qeyd edib.
Xatırladaq ki, oktyabrın ortalarında Andryuşenko Moskvadan göndərilən FTX-nin xüsusi təyinatlı qüvvələrinin və dəniz piyadalarının Mariupola köçürüldüyünü də bildirib. Onun sözlərinə görə, ilk belə köçürmə sentyabrda baş verib, lakin həmin bölmələr Donetsk vilayətinin Urzuf kəndində məhv edilib. İkinci dəstə isə sonradan İlyiç Dəmir və Polad Zavodunun ərazisində qeydə alınıb.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ