İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “qırmızı xətti” keçdi – Avropanın bütün təhlükəsizlik arxitekturası dağılır

Rusiya bəyan edib ki, orta və qısamənzilli raketlərin yerləşdirilməsinə dair birtərəfli moratoriumu ləğv edir.

Musavat.com xəbəır verir ki, bu barədə ötən gün Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Moskva bildirir ki, bu qərar “kollektiv Qərbin Rusiya sərhədlərinə yaxın ərazilərdə sabitliyi pozan raket imkanlarını artırmasına cavabdır”.

XİN vurğulayıb ki, Kremlin yeni yerləşdirmə qərarları Amerika və digər Qərb dövlətlərinin fəaliyyətlərinin təhlilinə əsaslanacaq.

Xatırladaq ki, bu tip silahlar 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış Orta və Qısamənzilli Raketlərin Ləğvi Müqaviləsi ilə məhdudlaşdırılmışdı. Lakin 2019-cu ildə ABŞ, Rusiyanın müqavilə şərtlərini pozduğunu bəyan edərək sazişdən çıxdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinə moratorium təklif etmişdi. Lakin bu təklif qəbul olunmadı. Rusiya XİN rəhbəri Sergey Lavrov dekabr ayında həmin məhdudiyyətləri “yararsız” adlandırmışdı. İndi isə Moskva rəsmən bildirir ki, bu tip raketlərin istehsalı və yerləşdirilməsi bərpa olunur.

Moskva açıq şəkildə bildirir ki, addım ABŞ-nin Almaniyada orta mənzilli raketlər yerləşdirmək planlarına cavabdır. Berlin isə bu raketlərin Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq, “Rusiyanı cilovlamaq üçün nəzərdə tutulduğunu” bildirir.

Orta və qısamənzilli raketlər (RSMR) 500–5500 km məsafəni qət edə bilən ballistik və qanadlı raketlərdir. Bu raketlərin bir çoxu nüvə başlığı daşımaq qabiliyyətinə malikdir.

Mütəxəssislər hesab edir ki, bu qərar yeni silahlanma yarışını daha da kəskinləşdirəcək və Avropada hərbi balansı dəyişə bilər.

Nə baş verir? Rusiyanın atdığı addım Avropa üçün nə deməkdir?

qabil.jpg (172 KB)

Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Moskvanın moratoriumdan imtinası təsadüfi deyil və bu, Qərbə verilən açıq mesajdır:

“Rusiya açıq şəkildə göstərir ki, Qərbin sərhədlərinə yaxın bölgələrdə hərbi balansın dəyişdirilməsi Moskva üçün qırmızı xəttdir. ABŞ və NATO-nun Almaniyada orta mənzilli raket yerləşdirmək planı Rusiyanın təhlükəsizlik doktrinasına birbaşa ziddir. Kreml də əvvəlki kimi reaksiya verir, qarşılıqlı cavab addımları atır”.

Politoloq hesab edir ki, bu qərar Avropa üçün çox təhlükəli nəticələr doğura bilər:

“Əgər bu raketlər Avropada peyda olarsa, Rusiyanın cavabı da eyni olacaq. Bu, 1980-ci illərdə olduğu kimi, yeni silahlanma yarışının başlanğıcıdır. Bu dəfə vəziyyət daha təhlükəlidir, çünki Ukrayna müharibəsi fonunda tərəflər arasında hərbi qarşıdurma riski kifayət qədər yüksəkdir”.

Qabil Hüseynlinin fikrincə, Qərbin əsas məqsədi Rusiyanı Ukraynada zəiflətmək olsa da, bu raket böhranı Avropa üçün də ciddi təhlükəsizlik böhranı yaradacaq:

“Əslində Avropa ölkələri ABŞ-ın qərarlarının girovuna çevrilir. Yeni raketlərin yerləşdirilməsi isə Moskva üçün legitim hədəf yaradacaq. Yəni bu, Avropa şəhərlərinin nüvə müharibəsi riskinə daha da yaxınlaşması deməkdir”.

Politoloq hesab edir ki, yaranmış vəziyyətdə diplomatik kanalların tamamilə bağlanması ən böyük təhlükədir:

“Moskva ilə Vaşinqton arasında təhlükəsizliklə bağlı dialoqun olmaması hərbi eskalasiyanı daha da artırır. Bu proses təkcə Ukrayna ilə məhdudlaşmır, Avropanın bütün təhlükəsizlik arxitekturası dağılıb. Yeni böhranın başlanğıcı artıq görünür”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR