İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya rüsvay oldu: “Rus ev”ləri bir-bir "yıxılır" - Sensasion səbəb

Almaniya parlamentinin (Bundestaq) Kəşfiyyat Xidmətlərinə Nəzarət Komitəsinin sədr müavini Roderix Kisevetter ölkədəki “Rus Evi”ni bağlamağa çağırıb. Bundestaq üzvünə görə, həmin obyekti qapatmaq və daha çox rus diplomatı ölkədən qovmaq lazımdır.

Alman deputat son zamanlar Rusiya kiberhücumları və təxribatlarının nəzərəçarpacaq dərəcədə artması ilə əlaqədar tədbirlər görməyi də təklif edib. “Biz yerdə qalan agentləri və diplomatları ölkədən çıxarmalıyıq”, - komitə sədrinin müavini yerli mediaya müsahibəsində deyib.

O, həmçinin xarici təsirləri, xarici dezinformasiya və təbliğatı məhdudlaşdırmaq yönündə əlavə tədbirlər görməyin zəruriliyinə diqqət çəkib. “Məsələn, turistlər üçün viza qadağası, təbliğatçıların çıxışlarına qadağa qoyulması və təbliğati portalların bağlanması mümkündür”, - siyasətçi qeyd edib...

Bəllidir ki, lap öncə Azərbaycan, ardınca Moldova, Fransa, Suriya (yeni hökumət) analoji addımlar atıb. Hətta Ermənistan da “Rus evi”ni qapatmaq yönündə qərar verməyə hazırlaşır.

“Rus ev”lərinin bunca dilə-dişə düşməsi hər şeydən qabaq Bakının qərarının nə qədər doğru-dürüst və legitim olduğunu dönə-dönə isbatlayır. Növbəti dəfə qənaət hasil olur ki, əslində “Rus ev”ləri hansısa mədəni-humanitar məqsədlər üçün yox, məhz casus missiyasını yerinə yetirmək üçün yaradılıb.

Yəni faktiki surətdə bu, Moskvanın ölkələrdəki “gizli göz”ləridir ki var. Demək, Bakıda bu “evin” bərpasından söhbət gedə bilməz. Zatən Kreml rəsmilərinin həşiri də bununla bağlıdır. Axı “Rus evi”nin əsl hədəfinin faş olması Kremlin konkret dövlətə və xalqa qarşı bəd niyyətini çılpaqlığı ilə ortaya qoyur, onu yerli ictimaiyyət arasında olan-qalan nüfuzdan və etibardan salır, Moskvaya bağlı “5-ci kolon”u pis vəziyyətə salır.

Bütün bunlar əlbəttə ki, “balta” ilə işləməyə vərdiş eləmiş Rusiyanı təlaşlandırmaya bilməz. Xüsusən də şimalda güclənən neo-imperialist, “velikorus” çağırışları və “SSRİ-2” xülyaları fonunda. Ayrı sözlə, baş verənlərə görə Kreml nə Azərbaycanı, nə də digər müstəqil ölkələri qınaya bilər. “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Yaxud “kələklə gələn küləklə gedər”...

Sonra. Sirr deyil ki, ki, Rusiya verdiyi sözə, atdığı imzaya hörmət etməyən bir dövlətdir. Daha iki nümunə. Moskva 1994-ci ildə Budapeşt memorandumuna imza atmaqla nüvə başlıqlarının təhvil verilməsi qarşılığında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə yazılı zəmanət verib. Amma 20 il sonra – 2014-cü ildə Krımı işğal edib. Üstəgəl, 4 ildir Ukraynanın başqa ərazilərini ələ keçirməklə məşğuldur, qonşu dövlətə qarşı əsl işğalçı müharibə aparır.

Yaxud 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış, Vladimir Putinin də imzası duran Moskva Bəyannaməsi. Hansı sənəddə ki, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, separatizm və terrorizmlə birgə mübarizə, təhlükəsizlik məsələlərində ortaq fəaliyyət “qırımızı xətt”lər kimi keçir.

Di gəl, Rusiya “sülhməramlı” kontingentin 2020-2024 aralığında Qarabağda hansı oyunlardan çıxdığını, xunta rejimini ayaqda saxlamaq üçün terrorçu-quldur dəstələrinə necə dəstək verdiyini hamı bilir. Rusiya Müdafiə Nazirliyi hətta öz bülletenlərində Qarabağdakı şəhər və kəndlərimizi uydurma erməni adları ilə təqdim edirdi.

Nəhayət, Putinin imzası duran Moskva Bəyannaməsi hara, Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasının deputat üzvlərinin (Zatilin, Valuyev, Matveyev və b.) vaxtaşırı Azərbaycana, ərazi bütövlüyümüzə dil uzatması və təhdidləri, Bakıya nüvə zərbəsi endirməklə hədələməsi (Mixail Delyagin) hara? Ən maraqlısı isə partiya sədrinin bu qaraguruhla bağlı tədbir görməməsi, susmasıdır. Susmaq isə razılıq əlamətidir.

O halda “Rus ev”ləri bağlanar da, o tərəfə də keçər. Günün birində rus məktəbləri də qapadıla bilər. Çünki etibar, hörmət qarşılıqlı olur. Rusiyaya münasibətdə bizim “səni sevəcəyəm sən sevməsən də” kimi lüksümüz yoxdur! Çoxdan yoxdur...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR