İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün xüsusi tribunal - yay hücumu iflas olur

Avropa Şurasının bu qərarı ölümcül prosesin ilk addımı kimi görünür

Xəbər verildiyi kimi, ötən həftə Avropa Şurası Rusiyaya qarşı xüsusi tribunalın qurulmasına qərar verib. Sənədi baş katibi Alen Berset və Ukrayna Prezidenti Vladimir Zelenski Strasburqda imzalayıb. İlk dəfə yaradılan belə bir xüsusi tribunal Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı cinayətləri araşdıracaq. Bersetin sözlərinə görə, razılaşmanın imzalanmasından sonra ona “mümkün qədər çox ölkə qoşulsun və tribunala dəstək ola bilsin” deyə genişləndirilmiş saziş üzrə danışıqlar başlayacaq.

Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Yevgeniya Kravçuk müqaviləni effektiv hüquqi alət saydığını deyib. “Xüsusi tribunal Rusiya Federasiyasının təcavüz cinayəti ilə bağlı yurisdiksiyasına malik olmayan Beynəlxalq Cinayət Məhkəməsinin işini tamamlayır. İştirakçı dövlətlər də potensial olaraq məsuliyyətə cəlb olunacaqlar”, - əlavə edib.

Bu qərar nəyi dəyişəcək? Artıq müharibənin 4-cü ili gedir. Rusiya sülh anlaşmasına getmək əvəzinə yay hücum kampaniyası başlayıb. Ancaq yayın 1-ci ayı bitsə də, işğalçı qoşunlar irəliləyə bilmir. Səbəb?

Bu arada Ukrayna özünün ortamənzilli ballistik raketlərin istehsalına başladığını bildirib. Bu raketlərlə Rusiyanın arxa dərinliklərini, hətta Moskvanı da vurmaq olar. Putin isə bəyan edib ki, Rusiya Ukraynada öz hədəflərinə çatmaq fikrindədir. Mümkündürmü?

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Rusiyaya qarşı xüsusi tribunalın qurulması vacib qərarlardan biridir: “Çünki bu günə qədər yalnız Rusiya prezidenti Putin və bir neçə rus çinovniki barədə çıxarılmış məhkəmə hökmü vardı. Hökm Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən çıxarılmışdı, Ukraynadan qaçırılan uşaqların taleyi ilə maraqlanır və Putinlə yanaşı bir neçə rus məmurunu əhatə edirdi. Halbuki Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bir neçə nəfərin üzərində fərdiləşdirmək olmaz. Artıq 4-cü ildir ki, Rusiya Ukraynada sözün həqiqi mənasında insanlığa qarşı və hərbi suçlar kimi böyük cinayətlər törədir. Sözsüz ki, bu məhkəmə də eynilə Nurnberq məhkəməsi kimi daha geniş sahəni əhatə etməli və ciddi qərarlar çıxarılmalıdır. Odur ki, Rusiyaya qarşı xüsusi tribunalın qurulması, Ukrayna savaşının bütün günahkarlarının təsbit edilməsi və cəzalarının müəyyənləşdirilməsi lazımdır. Görünür, Avropa Şurasının məlum qərarı da bu məqsədə xidmət edir”.

Bununla belə, Heydər Oğuz hesab etmir ki, rus qoşunlarının Ukraynada irəliləməsinin yavaşlaması xüsusi tribunalın qurulması xofundan qaynaqlanır: “Son zamanlar Ukraynanın hər zamankından daha çox artilleriya və raket atəşinə tutulması rəsmi Moskvanın elə bir məsuliyyət hissinin olmadığını, beynəlxalq hüquqa, mənəvi duyğulara zərrə qədər əhəmiyyət vermədiyi göstərir. Ukrayna cəbhəsində hansısa yavaşlama baş veribsə, bunun yalnız bir neçə səbəbi ola bilər; ya Rusiya Ukraynanın ciddi dirənişi ilə qarşılaşır, ya əvvəlki gücünü getdikcə itirir, ya savaşı sürdürmək üçün tələb olunan maliyyə tapa bilmir, ya da beynəlxalq müstəvidə öz əleyhinə formalaşan qənaətlərin ağır nəticələrindən çəkinir. Məndən soruşsanız, hesab edirəm ki, sadaladığım bütün versiyaların hamısı eyni anda reallaşır. Xüsusilə də Rusiya ilə ticarət əlaqələrini davam etdirən bütün dövlətlərə qarşı 500%-lik gömrük rüsumunun tətbiqi fikrinin ABŞ Senatında müzakirəyə çıxarılması təklifi onsuz da ağır iqtisadi böhran keçirən Moskvanı düşündürməyə bilməz. Belə bir qərarın çıxarılması və qüvvəyə minməsi Moskva üçün ölümcül nəticələr deməkdir. Məncə, Avropa Şurasının Rusiyaya qarşı Xüsusi Tribunal qurulması qərarı da bu ölümcül prosesin ilk addımı kimi görünür”.

Putinin hədəflərinə gəlincə, Heydər Oğuzun fikrincə, müharibə yeni başlayanda Rusiya prezidenti qarşısına o qədər böyük hədəflər qoymuşdu ki, indi onların reallaşma imkanı yox kimidir: “Putinin ilk hədəfi NATO-nun genişlənməsinin qarşısını almaq idi. Müharibə başlayandan sonra Putin bu arzusuna nəinki çatmadı, əksinə, NATO-nun sərhədləri İsveç və Finlandiyanın alyansa qatılımı ilə daha da böyüdü. Onun digər bir hədəfi Ukraynada rus dilinin hegemon gücə çevrilməsi idi. Amma gəlinən nöqtədə rus dili təkcə Ukraynada deyil, digər postsovet ölkələrində də sayğınlığını itirən ünsiyyət vasitəsinə çevrildi. Bir başqa hədəf denazifikasiya siyasəti idi. Putinin fikrincə, Ukraynada milli hissləri olan hər kəs faşist idi və xüsusilə də ölkə hakimiyyəti bu "faşist"lərdən təmizlənməli, yerlərinə isə rusqafalılar gətirilməli idi. Rusiya lideri unudurdu ki, istənilən bir ölkəyə hərbi təcavüz onun əhalisini daha da milliləşdirir və ortaq düşmənə qarşı birgə mübarizədə birləşdirir.  Qısası, Putinin strateji səhvləri nəticəsində hədəflərinin heç biri reallaşmadı, bundan sonra da reallaşmaq imkanı yoxdur. Çünki bu hədəflər reallaşdırmaq üçün qarşıya qoyulmayıb. Putin dünyaya meydan oxumaq üçün uydurduğu əfsanələrin girovuna çevrilib və indi də geri çəkilməyi qüruruna sığışdıra bilmir".

Ukraynanın silahlanma yarışında böyük məsafələr qət etdiyinə inanan Heydər Oğuz onun ortamənzilli ballistik raketlərin istehsalını təsadüfi saymır: “Rusiya getdikcə Avropa üçün böyük problemə çevrilir və dünyanın ən güclü hərbi qüdrətləri onu Ukrayna vasitəsilə zərərsizləşdirməyə çalışırlar. Bunun ən qısa və məsuliyyət tələb etməyən yolu isə Ukraynanın özünün hərb maşınına çevrilməsidir. Məhz bu məqsədlə də Ukraynaya hər cür maddi, mənəvi dəstəklərini əsirgəmirlər və əsirgəməyəcəklər. Nəticədə Rusiya tam tükəndirilənə qədər Ukryanın hərbi bacarıqları təkmilləşdiriləcək. Putin şirin rus nağılları yuxusundan ayılmalı, özünə və Ukraynaya daha artıq zərər vurmadan müharibədən geri çəkilmə dəyanəti göstərməlidir. Əks halda, bütün keçmiş imperiyalar kimi, Rusiyanın adı yalnız tarix kitablarında yaşayacaq”.

Rusiya Ukraynanın Sumı vilayəti istiqamətində yeni hücum mərhələsinə keçib və bu bölgəyə 50 minə yaxın hərbçi toplayıb. Ukrayna ordusu burada üç dəfə az qüvvə ilə mübarizə aparır. ABŞ-ın “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu artıq Kursk vilayətindəki ukraynalı qüvvələri sıxışdıraraq sərhədi keçib və hazırda Sumı şəhərindən cəmi 20 km məsafədədir. Moskvanın yeni hədəfi Sumı vilayətinin mərkəzidir və Kreml burada canlı qüvvə üstünlüyündən istifadə etməyə çalışır. Ukraynalı hərbçilərin sözlərinə görə, son bir ildə cəbhə xətti 150 km genişlənərək artıq 1200 km-ə çatıb.

Qeyd olunur ki, bu ayın əvvəlində Ukrayna vəziyyəti sabitləşdirmək üçün Hərbi Kəşfiyyat İdarəsinin elit bölmələrini Sumıya göndərib. Bundan sonra rus ordusunun irəliləməsi əsasən dayandırılsa da, bölgədə vəziyyət gərgin olaraq qalır və Ukrayna ordusu əksər mövqelərdə sayca geri qalır.

“Onların sayı bizim üçün böyük problemdir. Amma bu, bizi məğlub etməyə kifayət deyil”, - “Ximera” bölməsinin komandiri Kappa bildirib. Onun sözlərinə görə, Rusiya hər gün region üzrə 300-400 canlı qüvvə itirir, lakin bu itkiləri kompensasiya edəcək qədər ehtiyat qüvvə gətirə bilir.

“WSJ” qeyd edir ki, Sumı vilayətini saxlamaq Ukrayna ordusuna çox baha başa gəlir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR