İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Gümrüyə müəmmalı uçuşlar – Kreml Paşinyana qarşı çevriliş planını işə saldı

Güney Qafqaz bölgəsi öz tarixinin bəlkə də ən həssas, ən taleyüklü və ən təlatümlü dövrünü yaşayır. Vəziyyətin qəlizliyi isə yenə də birbaşa Rusiyanın regionla bağlı ənənəvi imperiya ambisiyalarından, pozucu siyasətindən qaynaqlanır. O Rusiya ki, onun hərbi varlığı hələ heç bir ölkəyə xeyir gətirməyib. Cənubi Qafqazda rusların yeganə legitim hərbi bazası isə qonşu Ermənistanda, əsasən də Gümrüdədir.

Yeri gəlmişkən, bu arada Rusiyaya aid daha bir hərbi yük təyyarəsinin Ermənistana endiyi bildirilir (Bakupost.az). Bu, son 10 gündə Rusiyadan 12-ci reysdir. Onların 10-u Gümrüyə, 2-si isə İrəvana edilib. İrəvana gələn 2-ci təyyarə bir qədər öncə eniş edib. Maraqlıdır ki, Kreml mövzuya münasibət bildirməkdən çəkinib. “Biz belə xəbərləri şərh etmirik. Məsələ barədə Müdafiə Nazirliyinə müraciət etməyiniz məsləhətdir”, - rəsmi reaksiyada vurğulanır...

Yada salaq ki, bu günlərdə Ukrayna kəşfiyyatı Rusiyanın Gümrüdəki hərbi qüvvələrinin sayını artırdığı haqda sensasion məlumat yaymışdı. Qeyd edilirdi ki, əsas hədəflərdən biri Ermənistanda daxili vəziyyəti qarışdırmaq və bu fonda onu Azərbaycana qarşı hərbi toqquşmağa vadar etməkdir.

Rəsmi İrəvan isə açıqlamaya münasibətdə bəyan eləmişdi ki, Ermənistan öz ərazisindən üçüncü dövlətə qarşı hücuma heç bir halda izn verməyəcək. Göründüyü kimi, buna rəğmən, Moskvanın məkrli və təhlükəli oyunları davam edir...

Məlumdur ki, Rusiya Ermənistanda özünə bağlı oliqarx-milyarder, hakimiyyətə zorla dəyişməyə çağırış edən və kilsəyə açıq dəstək verən, Azərbaycanın axtarışa verdiyi Samvel Karapetyanın, ardınca çevriliş cəhdində suçlanan, Rusiyaya bağlı bir sıra ictimai-siyasi fiqurların və din xadimlərinin həbsindən yumşaq desək, məmnun deyil. Kreml özünün bir sıra yüksək rütbəli məmurların dilindən Rusiya orbitindən uzaqlaşmağa çalışan Nikol Paşinyan hökumətini üstüörtülü şəkildə hədələyib də.

Söz düşmüşkən, Ermənistan Qriqoryan Kilsəsinin rəhbərliyinə yaxın şəxslərdən biri – katolikos II Qareginin qardaşı dünən sensasion bəyanatla çıxış edib. O açıq şəkildə bildirib ki, kilsə Ermənistanda inqilab üçün çalışacaq, çünki baş nazir Nikol Paşinyanın seçdiyi yol – qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalamaq xətti kilsənin maraqlarına ziddir.

Sirr deyil k, hazırda ölkədə Paşinyan hökuməti ilə kilsə arasında görünməmiş səviyyədə kəskin münaqişə yaşanır. İlk dəfədir ki, iki arxiyepiskop həbsdədir, ilk dəfədir ki, Ermənistan rəhbərliyi kilsənin hökmran mövqeyinə açıq şəkildə meydan oxuyur. O da məlumdur ki, erməni kilsəsi tarixi boyu Çar Rusiyası dövründən bəri daima Rusiyanın təsiri altında olub. Bundan əlavə, məlum olub ki, katolikosun qardaşı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni açıq dəstəkləyir, rus əsgərlərinə xeyir-dua verərək bu qanlı kampaniyanı legitimləşdirir. Mart ayında isə bunun qarşılığında şəxsən Putin tərəfindən ordenlə təltif olunub...

Beləcə, Paşinyan hökuməti faktiki olaraq təkcə daxili rəqiblə yox, Ermənistan kilsəsinin timsalında Rusiyanın regiondakı təsir şəbəkəsi ilə döyüşür. Bu fonda diqqət çəkən həmçinin Rusiyadan müəmmalı uçuşların, yaxud demarşların Əbu-Dabi görüşündən bir neçə gün sonraya təsadüf eləməsidir. Məsələ ondadır ki, həmin görüş iki qonşu ölkə və xalq arasında barışığın əldə olunması yönündə çox mühüm, hətta həlledici hadisə sayılır. Azərbaycanla Ermənistan, bunun davamı olaraq isə Türkiyə və Ermənistan arasında düşmənçilik səhifəsinin qapanması Moskvanın Güney Qafqazla bağlı imperiya maraqlarına öldürücü zərbə deməkdir.

Odur ki, Ukrayna bataqlığında ola-ola belə, Rusiya tələsir. Moskva Bakı ilə İrəvanın sülh sənədi imzalamasını önləmək üçün ən əvvəl Ermənistanda hakimiyyət dəyişikliyini reallaşdırmağı hədəfləyib. Hərçənd üzdə guya sülh anlaşmasının tərəfdarı olduğunu bəyan edir. Ancaq həm Azərbaycan, həm də Ermənistanda, eləcə də Avropada və ABŞ-da Kremlin gerçək niyyətinin nə olduğunu yaxşı bilirlər.

Bu mənada Bakı və İrəvanın məhz bu il sülh sənədini imzalaması və ya paraflaması nəinki iki xalq, bütövlükdə bölgə üçün tarixi önəm kəsb edir. Əfsus ki, bu məsələdə Azərbaycandan asılı çox az şey var...

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR