Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya yenidən Ermənistandakı Qarabağdan köçkün düşmüş ermənilərə “humanitar yardım” kampaniyası həyata keçirib. Rəsmi məlumata görə, artıq 27 yaşayış məntəqəsində 1 900-dən çox ailəyə ərzaq və gündəlik tələbat malları paylanıb. Proses "Rossotrudniçestvo", “Avrasiya” və “Rusiya Humanitar Missiyası”nın iştirakı ilə baş tutub.
Lakin Musavat.com hesab edir ki, Moskvanın bu təşəbbüsü sırf humanist məqsədlərə xidmət etmir. Əksinə, Kremlin texnoloqları bu mexanizmi istifadə edərək Ermənistanda Qarabağ ermənilərini təşkilatlandırmaq və Paşinyana qarşı alternativ elektorat formalaşdırmaq niyyətindədirlər.
Xüsusi diqqət çəkən məqam odur ki, Rusiya Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımları “müharibə elanına bərabər” hesab edir. Lakin eyni Moskva iki dəfədir ki, Ermənistanda Qarabağdan köçmüş ermənilərə yardım aksiyaları keçirir. Bu, açıq şəkildə ikili standart və gizli siyasi məqsədlərin göstəricisidir.
Analitiklərin sözlərinə görə, Moskva 100 minlərlə Qarabağ ermənisini bir vaxtlar küçələrə çıxarmaq, Paşinyanı devirmək və özünə yaxın liderləri hakimiyyətə gətirmək üçün plan qurmuşdu. Bu plan ötən il Bagrat Qalstanyan simasında həyata keçirilməyə çalışılsa da, Paşinyanın çevik addımları və Ermənistan cəmiyyətində Rusiyayönlü siyasətçilərə olan etimadsızlıq səbəbindən baş tutmadı.
İndi isə Rusiya həmin oyunu yenidən oynamğa çalışır. Humanitar yardım adı altında erməniləri strukturlayır, narazı kütlə formalaşdırır və Ermənistanda siyasi proseslərə təzyiq rıçağı yaradır. Bu addım, əslində, Moskvanın regionda nüfuzunu saxlamaq üçün son cəhdlərindən biridir.
Hazırda Rusiyanın ekspansiyası nəticəsində yüz minlərlə slavyan əsilli insan – ukraynalılar müharibənin, aclığın və səfalətin içindədir. Əgər Moskvanın həqiqətən humanitar imkanları varsa, bu yardımı “Slavyan qardaşlarına” – Putinin özünün “qardaş xalq” adlandırdığı ukraynalılara göstərməsi daha məntiqli olardı. Kreml Ermənistanda niyə erməniyə yardım etsin ki?! Qarabağ ermənilərinin arxasında dövlətləri – Ermənistan var.
Beləliklə, Kreml “humanitar yardım” pərdəsi altında Ermənistanda gizli siyasi oyunun yeni mərhələsinə start verir.
Musavat.com
19 Avqust 2025
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ