İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı ən çox təlaşlandıran nədir?..

Ötən həftənin ən azı ilk günlərinin ən əsas siyasi mövzusu Zəngəzur dəhlizi oldu. Azərbaycan-Ermənistan-ABŞ arasında memorandumun imzalandığı, hətta dəhlizə xidmətdən gələcəkdə alınacaq gəlirlərin necə bölünəcəyi hıqqında xeyli deyildi və yazıldı.

Rusiyalı siyasətçilər, diplomatlar və təhlilçilər də prosesdən - gündəmin əsas mövzusundan kənarda qalmadılar.

Diplomatlar Qərbi, xüsusən də ABŞ-ı regiondakı prosesləri öz maraqlarına sərf edəcək istiqamətə yönəltməkdə ittiham etdilər, siyasi təhlilçilər və jurnalistlərsə bölgədə son vaxtlarda formalaşmış atmosferin guya ətraflı analitik şərhini və yozumunu verdilər.

Konkret olaraq nə yazdı Rusiya nəşrləri? Əlbəttə, ən çox diqqətdə olan Zəmgəzur dəhlizi oldu. Moskva Bakıya və İrəvana hələ 2020 -ci ildə əldə olunmuş razılığı xatırlatdı.

Amma nə qədər qəribə olsa da Moskvanı Zəngəzur formatından kənar etməyə çalışan daha çox İrəvan və Paşinyan hakimiyyətidir.

Azərbaycana gəldikdə, bizim də Rusiyanın hərbçilərini, Moskvanın vaxtilə Dağlıq Qarabağda yaratdığı “xüsusi idarəetmə” sxemi çərçivəsində Rusiya hərbçilərinin necə davrandığını, ən əsası da lap son illərdə onların Dağlıq Qarabağdakı müvəqqəti fəaliyyətini izləmək imkanımız olub. Üstəlik, son bir neçə həftədə Moskvanın öz ərazisindəki azərbaycanlılarla (Rusiya vətəndaşlığı olanlarla da!) necə davranmasını da bir daha müşahidə etdik.

Hələ onu demirik ki, vaxtilə bilavasitə rus hərbçilərinin iştirakı ilə Ermənistandan yüz minlərlə azərbaycanlı qovulmuşdu. Rus hərbçilərinin bilavasitə iştirakı ilə Xocalı qətliamı törədilmişdi. Sual olunur: Bundan sonra Bakı Moskvaya və onun hərbçilərinə heç inanarmı? Kreml Zəngəzur dəhlizinə nəzarəti ələ ala bilsə, onu Azərnaycana qarşı təzyiq, siyasi şantaj alətinə çevirməyəcəkmi? Məsələ də ondadır ki, çevirəcək və onu dəhlizin istismarından əldə olunacaq gəlir yox, ondan geosiyasi təzyiq “rıçaq”ı kimi istifadə etmək perspektivləri cəlb edir.

Ermənistana gəldikdə, ən azı Paşinyan hökuməti addımbaaddım Rusiyadan uzaqlaşmağa cəhd edir. Bu günlərdə deyildi ki, guya İrəvan növbəti ildə rəsmi şəkildə KTMT-ni tərk edəcək. İndi Paşiinyan nə etsin? Durub daha yüz il Rusiyanın növbəti boyunduruğunu ölkəsinin boynuna keçirsinmi?..

Düşünürük ki, belə olmayacaq. Amma Kreml hələ ümidlərini tamam itirmir. Hamı kimi rus nəşrləri də üçtərəfli memorandum haqqında çox yazdılar. Amma onu da bildirdilər ki, guya İrəvan üçtərəfli memorandum haqqındakı söz-söhbəti hələ inkar edir, guya hələki nəinki hansısa memorandum, ümumiyyətlə, heç bir razılaşma yoxdur.

İndi inanaqmı bunlara? Tələsmək lazım deyil, hər şey tezliklə aydınlaşacaq. Baxaq, görək, nə olur? Hiss olunanı budur ki, proseslər Rusiyaya sərf edən istiqamətdə cərəyan etmir.

Həm də Kremli dilxor edən təkcə Zəngəzur dəhlizi deyil. Rusiya nəşrlərinin yazdığına görə, guya 2027-ci ildə Azərbaycanda Türkiyənin hərbi bazaları qurulacaq. Ən əsası isə bu bazaların tərkibində guya NATO-nun hərbi bölmələri olacaq!..

Bəli, Rusiya analitik nəşrlərinin iddialarına görə regiondakı geosiyasi, hətta hərbi balans yenidən Qərbin xeyrinə pozulmaqdadır.

Doğru ehtimallardırmı bütün bunlar? Düzü, hələ bilmirik, amma Kremldə bir məsələni anlamalıdırlar: nəinki Azərbaycanı, ümumiyyətlə, Cənubi Qafqaz ölkələrini yeni hərbi-siyasi müttəfiqlər axtarmağa sövq edən elə Rusiyanın özünün təzyiqləri və şantajlarıdır. Nə etməlidir bu ölkələr, onların rəhbərləri? Durub kirimişcə Moskvanın SSRİ-ni bərpa etmək haqqındakı çağırışlarını dinləməlidirlərmi?..

Bir sıra postsovet ölkələri illərlə Moskvanın geosiyasi maraqlarını nəzərə almağa çalışdılar. Məsələn, Bakı bloklara qoşulmamaq yolunu tutdu, müvafiq Qərb institutları ilə əməkdaşlığı xeyli məhdudlaşdırdı.

Moldova Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq etsə də NATO ilə müəyyən məsafə saxlamağa çalışdı. Hətta Gürcüstan, hansına ki, ”NATO-nun qeyri-formal üzvü” deyirdilər, Qərblə münasibətləri bir az soyutdu. Amma bütün bunların nəticəsi nə oldu? Kremlin “SSRİ sevdası” sovuşdumu, səngidimi? Təəssüf! Moskva özünü elə göstərir ki, sanki bu vaxta qədər SSRİ-nin bərpası yolunda müvəqqəti pauza, fasilə götürübmüş.

Burada bəzi rus millətçilərinin vaxtilə dedikləri yada düşür: guya “SSRİ-nin bərpası” sadəcə zaman məsələsidir.

“SSRİ-nin bərpası” deyəndə bəzi insanlar çaşır, elə bilirlər sovet dövləti qayıdacaqdır, amma söhbət keçmiş SSRİ hüdudlarındakı rus imperiyasının bərpasından gedir...  

Ona görə də Gürcüstanı, Moldovanı və qeyrilərini bilmirik, amma Azərbaycan ərazisində Türkiyənin hərbi bazalarını yerləşdirsə çox yaxşı olar.

Zənnimizcə, məsələyə bir azacıq da geniş baxmaq lazımdır. Niyə görə “türk NATO-su” yaradılmasın?

Türküstan dövlətləri bilməlidir ki, çətin günlər onları da gözləyir: Moskva qonşusu Bakının sərnişin təyyarəsini vurur, Rusiyada çalışan və hətta vətəndaşlığı olan azərbaycanlılara müharibə elan edir...

Ən dəhşətlisi budur ki, bununla da kifayətlənmək istəmirlər: guya bunları post-sovet məkanında rusdillilərin, hətta rus dilinin problemləri narahat edir.

Bütün bunlar bir gün Türküstan dövlətlərinə də ünvanlanacaq. Ona görə  ayıq-sayıq olmaq lazımdır. Prosesi zamanın öhdəsinə buraxmaq, düşünmək ki, guya tədricən Rusiya zəifləyəcək, çökəcək və bununla da hər şey spontan həll olunacaqdır, çox səhv bir yanaşmadır: ağıllı və müdrik siyasətçilər heç vaxt passiv-seyrçi mövqe tutmur, prosesləri fəal şəkildə istiqamətləndirməyə çalışırlar.

Şərq və şərqlilər həmişə daha müdrik hesab olunub, bəlkə buna görə bütün qədim sivilizasiyalar Şərqdən başlayıb. Nahaq yerə məşhur filmdə deyilmir ki, Şərq incə məsələdir. Gəlin sübut edək ki, həqiqətən belədir və qoy, Kremldə başa düşsünlər ki, Şərqlə ehtiyatlı davranmaq lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR