İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın "sıradakı oyunçusu": Köçəryan silahlı təxribatlara rəhbərlik edəcəkmi?

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyana rəqib olacağını rəsmən bəyan edib.

Köçəryan bu qərarını ötən ay Moskvaya səfərindən sonra yekunlaşdıraraq İrəvanda keçirdiyi mətbuat konfransında ictimaiyyətə açıqlayıb. Sabiq prezident çıxışında Paşinyan hökumətini kəskin tənqid edərək, hazırkı iqtidarı "ölkəni zəiflətməkdə və geosiyasi dayaqlardan məhrum etməkdə" ittiham edib.

Eyni zamanda, Robert Köçəryan Moskva və Tehranla münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb, bununla da açıq şəkildə Rusiya və İrana reveranslar edib.

Onun çıxışı bir daha göstərdi ki, sabiq prezident yenidən köhnə ritorikasına, yəni anti-Azərbaycan, revanşist və rusiyayönümlü xəttə qayıdıb.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb.

MEHEMMED.jpg (68 KB)

Politoloqun fikrincə, Rusiya Robert Köçəryanı seçkiləri pozmaq üçün meydana gətirib:

"Köçəryanın anti-Azərbaycan ritorikası erməni cəmiyyətində müharibə kimi başa düşülür. Ona görə də bu mətbuat konfransı ilə Köçəryan erməni xalqının nəzərində sülh tərəfdarı deyil, müharibə tərəfdarı kimi qəbul edildi. Robert Köçəryanın mətbuat konfransı onun siyasi fiaskosu idi.

Köçəryan ötən ay Kremldə Rusiya prezidentinin xüsusi nümayəndəsi ilə keçirdiyi görüşdən ilhamlanaraq indidən qələbə eyforiyasına qapılıb. Artıq qərarlar Kremldə deyil, Ermənistanın Respublika meydanında verilir.

Rusiyanın sabiq prezident Robert Köçəryana siyasi dəstək verməsi Kremlin namizəd məsələsində problemlərlə qarşılaşmasıdır. Kreml Ermənistanda Gürcüstan ssenarisini tətbiq etməyə çalışırdı. Amma Nikol Paşinyan Rusiyanın Ermənistana göndərdiyi "Taşir" şirkətlər qrupunun prezidenti, milyarder Samvel Karapetyanı həbs etdi.

Təbii ki, Köçəryanın Nikol Paşinyana qalib gəlmək şansı yoxdur. Rusiya Ermənistanda "B" variantını tətbiq edə, ölkədə silahlı təxribatlara rəvac verə bilər. Belə silahlı təxribatların idarə edilməsində Robert Köçəryan Rusiya üçün əvəzsizdir. Rusiyanın məhz Köçəryanı Ermənistanda seçkilərdə silahlı təxribatlara rəhbərlik etmək üçün gətirməsi istisna deyil.

Ermənistan baş nazirinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi, ABŞ-ın dəhlizə nəzarət etməsi Kremli narahat edən faktordur. Həmçinin Azərbaycan və Türkiyə ilə normallaşma Rusiyanın Cənubi Qafqazdan tam getməsi deməkdir. Ona görə də Rusiya Robert Köçəryanı bu geosiyasi layihələrin qarşısını almaq üçün seçkilərdə ortaya atıb".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR