Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanda Rusiyaya bağlı siyasi və media dairələri yenidən aktivləşib və sülh prosesi fonunda cəmiyyəti yanlış istiqamətə yönləndirmək üçün təxribatçı çağırışlara əl atırlar. Onlar ictimai fikirdə qorxu və panika yaratmaq, Ermənistanı yenidən qarşıdurma yoluna sürükləmək məqsədilə müxtəlif dezinformasiyalar yayır, sülh gündəliyinə qarşı ictimai müqavimət formalaşdırmağa çalışırlar.
Bu istiqamətdə ən diqqətçəkən yazılardan biri də Rusiyaya yaxın “Armenian Military Portal” saytında dərc edilib. Portal Ermənistanın təhlükəsizlik mühitini qəsdən gərgin təqdim edərək sülh prosesini sual altına almağa və Paşinyan hökumətinə qarşı ictimai basqı yaratmağa çalışır.
Həmin mənbə iddia edir ki, guya “Azərbaycan təxminən 200 kv. km Ermənistanın suveren ərazilərini işğal altında saxlayır” və bu ərazilərdə “intensiv mühəndislik və istehkam işləri aparır”. Yazıda bu, “Bakı tərəfindən dinc yolla geri çəkilmək niyyəti olmadığının sübutu” kimi təqdim edilir. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu məsələlər delimitasiya və demarkasiya prosesi çərçivəsində, danışıqlar yolu ilə həll edilməlidir.
“Armenian Military Portal” həmçinin “Azərbaycan və Türkiyənin kəşfiyyat fəaliyyətinin artması” barədə panik ab-havalı iddialar irəli sürür, Ermənistan sərhədləri boyunca PUA-ların və kəşfiyyat təyyarələrinin uçuşlarını “təhlükə” kimi təqdim edir. Bununla yanaşı, Azərbaycanın hərbi potensialının artması və 2026-cı ildə hərbi büdcənin 5,1 milyard dollara çatdırılması faktı da “təhdid” kimi qələmə verilir. Halbuki bu proses Azərbaycanın suveren hüququdur və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi beynəlxalq hüquqa tam uyğundur.
Portal Ermənistan hökumətinin 2025-ci ildən etibarən hərbi büdcəni 20% azaltmaq qərarını da manipulyasiya edərək “milli təhlükəsizlik üçün faciəvi səhv” kimi qələmə verir. Yazıda “ordu qənaət obyekti ola bilməz”, “bu, dövlətin məhvini sürətləndirəcək” kimi emosional çağırışlarla ictimai narazılıq qızışdırılır və hökumət sülh prosesindən yayındırılmağa çalışılır.
Musavat.com hesab edir ki, “Armenian Military Portal” və ona bənzər media platformalarının yayımladığı bu tip materiallar Moskva tərəfindən idarə olunan informasiya kampaniyasının bir hissəsidir. Məqsəd Ermənistanı Azərbaycan və Türkiyə ilə sülh prosesindən uzaqlaşdırmaq, yenidən qarşıdurma mühitinə qaytarmaq və Rusiya təsir dairəsindən çıxmasının qarşısını almaqdır. Əvvəllər Moskva bu cür etiraz və təxribatçı aksiyaları İrəvan küçələrində təşkil edə bilirdisə, bu gün artıq nəzarəti itirdiyi üçün analoji fəaliyyətləri Moskvada həyata keçirməyə məcburdur.
Musavat.com yazarının fikrincə, Ermənistan cəmiyyəti bu cür manipulyativ çağırışların mahiyyətini anlamalı və regionda uzunmüddətli sabitliyin yeganə yolunun sülh müqaviləsinin imzalanması, qarşılıqlı etimad və praqmatik siyasət olduğunu dərk etməlidir.
Musavat.com
26 Sentyabr 2025
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ