Onlayn ictimai-siyasi qəzet
2006-cı ildə İraqın devrilmiş lideri Səddam Hüseynə ölüm hökmü çıxaran baş hakim Rauf Rəşidin taleyi illərdir müzakirə mövzusudur.
Musavat.com xəbər verir ki, bəzi mənbələr onun İŞİD tərəfindən qətlə yetirildiyini iddia etsə də, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Rauf Rəşid Əbdül Rəhman 1941-ci ildə İraqın Hələbcə şəhərində anadan olub. O, 1988-ci ildə Səddam Hüseynin əmri ilə həyata keçirilən kimyəvi hücumda yaxınlarını itirib. 2006-cı ildə Səddam Hüseynin məhkəməsində baş hakim vəzifəsini icra edərək, onu ölüm hökmünə məhkum edib.
2014-cü ildə bəzi beynəlxalq media orqanları Rauf Rəşidin İŞİD tərəfindən əsir alındığını və edam edildiyini bildirsə də, Kürdüstan Regional Hökumətinin Ədliyyə Nazirliyi bu iddiaları təkzib edib.
Nazirlik nümayəndəsi Nariman Talib Moryasi bildirib ki, o, şəxsən Rauf Rəşidlə əlaqə saxlayıb və onun sağ olduğunu təsdiqləyib.
Son məlumatlara görə, Rauf Rəşid Əbdül Rəhman Kürdüstan bölgəsində sakit həyat sürür. O, mediadan uzaq durmağa çalışır və təhlükəsizlik səbəbilə ictimaiyyət qarşısına çıxmır. Onun hazırkı fəaliyyəti və yaşayış yeri barədə ətraflı məlumat yoxdur.
Beləliklə, Səddam Hüseynə ölüm hökmü oxuyan baş hakimin aqibəti ilə bağlı yayılan müxtəlif iddialara baxmayaraq, rəsmi mənbələr onun sağ olduğunu və təhlükəsiz bir bölgədə yaşadığını bildirir.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ