Onlayn ictimai-siyasi qəzet
Yaxud növbəti zoomorfologiya
Bəzən insan çox mənalı, həyatını dəyişdirən şeyləri unudur. Olduqca önəmsiz, mənasız əhvalatlar isə qırsaqqız kimi yaddaşımıza yapışır, həkk edilir. Mənim yadımdan çıxmayan belə mənasız epizodlardan biri 1990-cı ilin avqustunda İraq Küveyti işğal edəndə olub. Azərbaycan Televiziyasının “Ekran və Efir” adlı proqram qəzeti var idi. (İndiki uşaqlar belə şeyləri anlamaz. O zaman televeriliş və radioproqramların həftəlik proqramı qəzetdə dərc edilirdi. Sən də qəzeti alırdın, səhifəyə quş qoyurdun və bilirdin ki, məsələn, cümə günü axşam saat 11-də “Zita və Gita” filmi veriləcək. Başqa alternativ yox idi). Həmin qəzetdə proqramla yanaşı İraq lideri Səddam müəllimin şəninə qəribə bir şeir dərc edilmişdi. Şeirin epiqrafı isə nə az, nə çox, birbaşa Şəhriyarın misraları idi: “Orada bir şir darda qalıb bağırır, Mürüvvətsiz insanları çağırır”.
Təsəvvür elə. Səddamın Kərkük türkmənlərinə elədiyi zülm, Küveyti işğalı, İrana hücumu və sairə yaddan çıxmışdı, sovet propaqandasının təsiri ilə qəhrəman, bütün Qərblə döyüşən aslan-filan kimi təsvir edilmişdi. O zamanlar bizdə, insafən, xalq arasında da Səddam müəllimə böyük rəğbət var idi. Xeyli insan öz uşaqlarına Səddam adı qoyurdu.
Bəs bu epizod indi niyə yadıma düşüb? Həm İran özünü hələ də gülünc şəkildə aslanla assosiasiya edir, həm də dünən İsrail əleyhinə hansısa iranlı məmurun çıxışına baxırdım, orda adam Netanyahunun saxtakar olmasını isbat üçün onun... vaxtilə Səddam əleyhinə çıxışını göstərirdi.
Bu nəyə bənzəyir bilirsinizmi? Məsələn, biz hazırda Vardanyanı Qarabağa qanunsuz soxulmaqda ittiham edirik və haqlı da edirik. Lakin, tutaq ki, onun əleyhinə Paşinyanın çıxışını yayırıq... Ya da, nə bilim, Sərkisyan və Köçəryanı, Marqarita və Solovyovu özümüzə “haqq şahidi” çağırırıq. Belə etmək olarmı? Tragikomikdir axı.
İndi iranlı məmurların da İsrail əleyhinə “Səddam haqsız şərlənmişdi” teması qaldırmağı bu cür gülünc, unutqan, axmaq hərəkətdir. 1980-1988-ci illərdəki İraq-İran müharibəsini məhz Səddam başlamışdı. O müharibədə iki tərəfdən ölən, itkin düşən insan sayı 1 milyona yaxın idi. Təkcə İran 258 min qurban vermişdi. 258 min insan ölümü nə deməkdir, təsəvvür edirsinizmi? Müqayisə qüsurlu olsa da, biz 2020-ci ildə 3 min əsgər itirmişdik, yanıb-yaxılırdıq.
İndi sən belə qaniçən rejimin yıxılmasını “haqsız” sayırsan, eləmi? Bəlkə Səddama baxanda güzgüdəki Xomeynini gördüyünüz üçün? Müdriklərdən kimsə dəqiq deyib: “Demokratiyalar bir-biri ilə savaşmır”.
İranın repressiv dini diktaturasından yerli xalqın bezdiyi əməliyyatın gedişindən aydın görünür. İsrail nə üçün elə rahatlıqla İranda dronlar, raketlər, gizli bazalar yerləşdirib? Bəyəm o “satqınlar”ın hamısı vətəni pulla satıblar? Yox. Xalq azadlıq istəyir. Bu çürük molla rejimindən mümkün bütün vasitələrlə canını qurtarmaq istəyir. Əks halda, Avropaya qaçan iranlı mühacirlərlə İsrailə köçən yəhudi mühacirlərin say nisbəti təxminən bərabər olmazdı. Nə üçün camaat İrandan qaçmaq istəyir, İsrailə isə köçmək? Bunun üzərində düşündünüzmü?
Azərbaycan hökuməti hazırkı davadan əziyyət çəkən iranlı dinc sakinlərə humanitar yardım etməlidir, şübhəsiz. Lazım gəlsə biz sərhəd bölgələrində çadır düşərgələri də yaratmalıyıq. Əlbəttə, BMT bayrağı altında.
Sözgəlişi, 1993-cü ildə İranın Biləsuvarda köçkünlərimizə qurduğu çadır şəhərcikləri həmişə yada salınır, lakin niyə o fəaliyyət qısamüddətli olmuşdu, heç kim demir. Çünki Azərbaycan hökuməti qəfil ayılıb görmüşdü ki, düşərgələr iranlı molla emissarla dolub-qaynaşır, orada əlifba kursu, burada din dərsi, nə bilim, mərsiyə oxuyan, sinə döyən... Hökumətimiz bundan qorxuya düşüb iranlılara mədəni şəkildə qapını göstərmişdi. Sonrakı dövrdə bütün köçkünlər ABŞ-ın USAİD, BMT-nin UNHCR (Qaçqınlar üzrə Ali Komissarlıq), Norveç, Britaniya, Almaniya, Türkiyə və sairə dövlətlərin humanitar təşkilatlarının himayəsində qaldı, heç birindən narazılıq olmadı. Ona görə ki, missiya insanlara yardım idi, dini ideologiya yaymaq yox.
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ