Onlayn ictimai-siyasi qəzet
Musavat.com təhsil texnoloqu, dosent Şəmil SADİQİN müəllif yazısını təqdim edir.
Yazıda son günlər sosial şəbəkələrdə də müzakirələrə səbəb olan təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirilib:
Düşünürəm ki, gələcəyin təhsili yalnız elm, bilik ötürmək məqsədi daşımayacaq. Əsas hədəf əxlaqi dəyərlərin, davranış qaydalarının və sosial məsuliyyət hissinin formalaşdırılması olacaq. Çünki müasir dövrün reallıqları göstərir ki, informasiya əldə etmək heç vaxt bu qədər asan, əlçatan olmayıb. Artıq bilik üçün məktəb binasına getməyə ehtiyac yoxdur – smartfon, internet bağlantısı kifayətdir. Statistikalara görə 2024-cü ilin sonunda dünya əhalisinin 66 %-i internetə çıxış əldə edib və bu nisbət gənclər arasında 90 %-ə qədər yüksəlib. Bu gün hər ev, hər kafe, hər park öyrənmək üçün sinif otağına çevrilib.
Bu sürətli və nəzarətsiz informasiya axını bilik əldə etmə imkanlarını artırsa belə, insani və əxlaqi dəyərləri təhdid də edir. Milyonlarla uşaq internetdə həm müsbət, həm də zərərli məzmuna məruz qalır. UNESCO-nun 2023-cü il hesabatına görə məktəblilərin 56 %-i onlayn məkanda zorakılıq və ya neqativ davranış formaları ilə qarşılaşır. Bu, görünən statistikadır, indi siz təsəvvür edin, görünməyən, şüuraltıda özünə yer tapan nə qədər zərərli məlumatlar vərdişə çevrilir.
Buna görə də təhsil sisteminin yeni prioriteti texniki, elmi-nəzəri bilikdən çox, insani dəyərlərin qorunması və inkişaf etdirilməsi olmalıdır və olacaq da. Gələcəyin məktəbləri uşaqlara nəyi öyrənməkdən daha çox, necə yaşamağı, necə davranmağı və necə insan olmağı öyrədəcək. Bu dəyişikliyi vaxtında qəbul etməsək, texnologiya ailəmizə müdaxilə edəcək, övladlarımızı bizdən alacaq və onların şəxsiyyətini anonim, dəyərlərsiz virtual məkanlar formalaşdıracaq.
Bunun simptomlarını indidən görürük, artıq məktəblər uşaqlar üçün də, valideynlər üçün vacib təhsil məkanı olmaqdan çıxıb. Onlar təhsili daha rahat, daha əlçatan mühitdə əldə etməyə yönəliblər.
Yazıya bu qədər geniş girişlə başlamağımın səbəbi son zamanlar sosial mediada sertifikasiya ilə bağlı gedən söz-söhbət oldu.
Görünən odur ki, müəllimlər bal yarışına girib, sertifikasiya balları, etirazları ilə səhifələr gözlərimizi qabar edib. Bu tendensiya heç bir halda düzgün deyil və bizi çox təhlükəli istiqamətə apara bilər. Dünya təhsil sistemi qiymətləndirməni “at yarışı”na bənzədib bundan uzaqlaşmaq istəyir, amma təəssüf ki, uşaqların qəbul balları ilə müəllimlərin sertifikasiya ballarının eyni formada yarışdığını görürük. Bunu biz müəllimlər edirik. Əminəm ki, sertifikasiya xoş niyyətlə, Azərbaycan təhsilinin illərlə yığılıb qalan problemlərini aradan qaldırmaq, inkişaf etdirmək üçün atılan addımdır.
Hansısa qüvvələr sertifikasiya ilə bağlı elə imic yaradıb ki, sanki bununla kimsə kiməsə qarşı düşmənçilik edir, müəllimi gözdən salmaq istəyir. Burada bir müqəssir sualları hazırlayan, təşkilatçılığı edən qurumdursa, digər və əsas müqəssir elə müəllimlərdir. Bir neçə ildir həyata keçirilən sertifikasiya haqqında ilk illər ciddi etiraz dalğası başladı. Nəticəsiz olduğunu görəndə isə ikinci və başqa dalğa hərəkətə keçdi. İndi də fənlər arasında müqayisələr aparıb, “O fənn çətin olub, bu fənn asan olub. Niyə bu fəndə maksimum bal yoxdur, o fəndə var?” və sair fikirlərlə yersiz müzakirələr açılır. Onsuz da valideynlərin təhsilə, məktəbə, müəllimə etibarı yerlə-yeksan olub, indi də belə söz-söhbətlər bu etibarsızlığı haqlı çıxarır, od üstünə benzin səpir.
Sertifikasiya vacibdir, lazımlıdır, amma onu belə reklam və antireklam ünsürü kimi istifadə etmək tamamilə yanlışdır. Bunu həm aidiyyəti qurumlar, həm də müəllimlər ciddi şəkildə nəzərə almalı, ikrah doğuran söhbətlərə son qoymalıdırlar.
Bütün bunlarla yanaşı, düşünürəm ki, sertifikasiyanın formatında dəyişiklik edib, ikinci səviyyəyə keçməyin vaxtıdır. Məncə, bu günə qədər aparılan proses düzgün, faydalı oldu, Elm və Təhsil Nazirliyi öz yanaşması ilə böyük ictimai qüvvə ilə üz-üzə gəlib bu addımı atmaqda haqlı olduğunu sübut edə bildi. Məhz buna görə Elm və Təhsil Nazirinə təşəkkür düşür. Çünki qınaqdan qorxmadı, bütün dedi-qodulara sinə gərdi və yüksək amallar üçün döyüşdü.
İkinci mərhələyə keçid isə ona görə vacibdir ki, bir müəllimi müəllim edən sadəcə onun biliyi yox, digər səriştə və bacarıqlarıdır.
Faktoloji biliyi yaxşı səviyyədə olmayan müəllimlər var ki, həm sevilir, həm ciddi hörmət, həm də yaxşı öyrətmə bacarığına sahibdir. Onun digər bacarıqları biliyinin tam olmamasını pərdələyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək, alim formalaşdırmaq deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi-biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Cəmiyyətə robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanlar qazandırmaq daha vacibdir.
Yazının əvvəlində də verdiyim giriş məhz bunu ifadə etmək üçün idi. Müəllimin sinifdə sevilməsi, qəbul edilməsi artıq biliyi ilə yox, insani dəyəri ilə ölçülür. Əslində, bu həmişə belə olub, amma XX əsrin bizə bəxş etdiyi müəllim modeli, məktəb formatı hələ də yaxamızdan yapışıb, əziyyət verir. XX əsrə qədər bütün məktəblər, mədrəsələr tədris proqramları əxlaqi və mənəvi dəyərləri aşılamaqda məsul idi. Sonralar bu sadəcə əzbərçiliyə və diplom xəstəliyinə çevrildi.
Təklifim budur ki, müəllimin göstəricilərini dəyərləndirmək üçün məsələyə daha peşəkar yanaşılmalı, birinci mərhələni uğurla başa çatmış hesab edib ikinci mərhələyə başlamalı, müəllimin biliyi ilə yanaşı, digər səriştə və bacarıqlarını da ölçməliyik. Qiymətləndirməni də bunun əsasında aparmalıyıq. Bu məqamda bir neçə ölkənin sertifikasiya ilə bağlı yanaşmasını qeyd etmək istərdim:
ABŞ və Kanada kimi ölkələr müəllimlərin təlim proqramını bitirdikdən sonra xüsusi testlər vasitəsilə fənn biliyi və pedaqoji bacarıqlarını ölçür.
Finlandiya, İngiltərə və Sinqapurda isə müəllim hazırlığı o qədər ciddi və keyfiyyətlidir ki, əlavə testlərə, bizim anlayışla desək, sertifikasiyaya ehtiyac qalmır. Bu ölkələrdə təhsil müəssisələrinin özləri ciddi seçim və hazırlıq aparır.
Ən uğurlu yanaşma İngiltərə və Sinqapurda tətbiq olunur: burada yeni müəllim bir neçə il mentor dəstəyi ilə işləyir, sonda isə qiymətləndirmə nəticəsinə uyğun şəkildə tamhüquqlu müəllim olur.
ABŞ və Kanadada müəllim müəyyən illər ərzində yenidən qiymətləndirmədən keçməli, yaxud inkişaf proqramlarında iştirak etməlidir.
Finlandiya və Sinqapurda isə lisenziya birdəfəlik verilir, çünki müəllim hazırlığı sisteminin özü çox güclüdür.
Xüsusilə İngiltərə, Kanada və ABŞ-də bu sertifikatın yenilənməsi şərtdir.
Finlandiyada bu məcburi deyil, amma məktəblər, təhsil idarələri müəllimləri aktiv şəkildə dəstəkləyir və inkişaf mühiti yaradır.
Aşağıdakı cədvəl aydın göstərir ki, dünyanın qabaqcıl təhsil sistemlərində tədrisin keyfiyyətini təmin etməyin müxtəlif yolları var. Bəziləri imtahanlar, rəsmi sertifikatlarla, digərləri isə keyfiyyətli müəllim hazırlığı, güclü praktik təcrübə və etimadla bunu həyata keçirir. Son sütundakı CDP “davamlı peşəkar inkişaf” ifadəsinin abreviaturudur.
Düşünürəm ki, güclü sistem qurub, müəllimlərin göstəricilərinin dəyərləndirilməsini aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə həyata keçirə bilsək, daha uğurlu nəticələr əldə edə bilərik:
Şagirdin və valideynin müəllimi dəyərləndirməsi – 15 bal
Şagirdin mənimsəmə faizi – 15 bal
Müəllimin özünü qiymətləndirməsi – 10 bal
Rəhbərliyin müəllimi qiymətləndirməsi – 10 bal
Müəllimin peşəkar inkişaf portfeli – 20 bal
Müəllimin bilik nəticəsi – 30 bal
Hədəf konseptində bu sistemin adını Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi (PKPD) qoymuşuq. Bu sistem düzgün tətbiq edilsə, müəllimi hərtərəfli dəyərləndirmək və haqqı olanı vermək imkanı yaranar. Ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://shamilsadiq.az/pedaqoji-kadrlarin-pergormans-deyerlendirilmesi
Belə hərtərəfli qiymətləndirmə bizə nə verəcək?
Müəllimin təkcə biliyini yox, pedaqoji bacarıqlarını da ölçmək;
Müəllimlərin yaxşı nəticə toplamaq üçün hazırlıqlara getməyinin qarşısını almaq və məktəbdəki fəaliyyətini düzgün qurmağa yönləndirmək;
Şagirdyönümlü yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi müəllimlərə də tətbiq etmək;
Sadəcə yaddaşı yaxşı olan, müəyyən bilikləri əzbərləyib fərqlənən müəllimlərlə fədakarlıqla, gecəsini gündüzünə qatıb insan yetişdirməyə köklənən müəllimlərin fərqini düzgün dəyərləndirmək;
Məsuliyyəti sadəcə test hazırlayan qurumun üzərindən götürüb məktəbin, ailənin, şagirdin, müəllimin arasında bölüşdürmək.
Bu gün dünya təhsili dönüş nöqtəsindədir. Sadəcə biliyə əsaslanan sistemlərin iflasa uğradığı, insani və mənəvi dəyərlərin ön plana çıxdığı çağdayıq. Bu çağırışı vaxtında anlamasaq, texnologiya, rəqəmsal dünya uşaqlarımızı bizdən daha tez anlayacaq və onlara öz istədiklərini verəcək. Vaxtında təhsilin ruhunu dəyişsək – sinif otaqlarını mənəvi məktəblərə çevirsək, müəllimi sadəcə bilik ötürücüsü yox, dəyər aşılayan mentor kimi yetişdirsək, gələcək bizim olacaq.
Gələcəyin məktəbi gələcəyin müəllimi ilə qurulacaq. Həm bilikli, həm də dəyərli müəllimlə!
Şəmil Sadiq,
Təhsil texnoloqu, dosent
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ