Onlayn ictimai-siyasi qəzet
Son illər gənclər arasında geniş yayılan panik atak, qəfil başlayan və şiddətli qorxu ilə müşayiət olunan narahatlıq vəziyyətidir. Gərgin həyat tərzi, psixoloji təzyiqlər və gələcək qorxusu bu halın əsas səbəblərindəndir. Panik atak gənclərin gündəlik həyatına ciddi təsir edir və tez-tez fiziki xəstəliklərlə qarışdırılır. Bəs çıxış yolu nədir?
Həkim, nevroloq Rəna Abbasova bu haqda “Yeni Sabah”a danışıb:
“Öncə ondan başlayaq ki, gənclərin panik ataq adlandırdıqları problem həqiqətən budurmu? Panik ataq nədir? Heç bir səbəb olmadan, insanın normal həyat məşğuliyyətlərini icra etdiyi zaman ürək döyünməsi, döş qəfəsində ağrı, soyuq tər basması, arterial təzyiqin bəzən artması, enməsi, təşviş, qorxu, tez yardım axtarmaq istəyinin yaranmasıdır. Heç bir səbəb olmadan bu hal baş verir və 15-20 dəqiqə davam edir. Həmin an xəstə həddən artıq həyəcan içində olur və həkimə müraciət edir, təcili yardım çağırılmasını tələb edir, yanındakı insanlardan kömək istəyir və dərhal öləcəyini düşünür. Belə xəstələr daha çox insan olan yerlərə gedir və evlərini belə tibb məntəqələri olan yerlərə yaxın seçirlər”.
Həkim vurğulayıb ki, digər hallar, yəni gənclərin panik ataq adlandırdıqları əslində həqiqi deyil:
“İmtahan, yaxud iş stressi gənclərdə həyəcan, qorxu ilə bərabər məsuliyyət hissi də yaradır. Bütün bu faktorlardan normal olmayan bir təşviş hissi yaranır ki, gənclər bu əlamətləri axtaranda qarşılarına panik ataq xəstəliyi çıxır. Bu sadəcə olaraq həyəcan simvoludur. Gənclər situasiyaya uyğun olaraq imtahan qabağı, yaxud intervyu öncəsi mövcud rəqabəti hiss edərək təşvişə düşürlər. Haradasa özünü göstərmək və tanıtmaq istəyi və bunun yetərsiz olması düşüncəsi gənclərdə bir həyəcana səbəb ola bilir. Bu ikisi tamamilə fərqlidir.
Belə olan hallarda gənclər düzgün yönləndirilərsə, yaxud psixoloji yardım alarsa, daha düzgün olar. Onlar informasiyanı xəstəlik olaraq qəbul etməməlidirlər”.
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ