Onlayn ictimai-siyasi qəzet
Türkiyənin cənub-qərbində yerləşən Muğla vilayətinin Datça rayonu yaxınlığında Aralıq dənizində güclü zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, Afət və Fövqəladə Halların İdarə Edilməsi Baş İdarəsi (AFAD) tərəfindən yayılan rəsmi məlumata görə, təbii fəlakət yerli vaxtla saat 01:51-də qeydə alınıb.
Yeraltı təkanların 6 bal gücündə olduğu bildirilib. Zəlzələnin episentri Datça sahillərindən təxminən 155 kilometr uzaqlıqda, Aralıq dənizinin dərinliklərində yerləşib. Yer qabığının 20 kilometr dərinliyində meydana gələn bu təkan ətraf bölgələrdə də hiss olunub.
Hazırda zəlzələ ilə bağlı xəsarət alan və ya maddi ziyan barədə hər hansı məlumat verilməyib. AFAD və digər aidiyyəti qurumlar hadisəni diqqətlə izləyir və mümkün təkrar təkanlara qarşı əhaliyə ehtiyatlı olmalarını tövsiyə edib.
Xatırladaq ki, Aralıq dənizi bölgəsi seysmik fəallıq baxımından riskli ərazilərdən biridir və bu səbəbdən bu cür təkanlar mütəmadi olaraq qeydə alınır.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ