İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Bu zərərli içkilər məktəblərə də ayaq açıb - Xəbərdarlıq

Gənclər arasında artan qəfil ölümlərin bir səbəbi də enerji içkiləri ola bilər, çünki...; həkim əhalini bu məhsullardan uzaq olmağa çağırdı

“Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır”.

Bu fikirləri Modern.az-a qida təhlükəsizliyi hərəkatının üzvü Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu gün məktəb və universitet kənarlarında enerji içkilərinin azyaşlılara satıldığını görə bilərik.

“Nəticədə görürük ki, bu içkilərin satışında müştərinin yaşı nəzərə alınmır. Məhsulların zərərləri tərkibindəki maddələrlə bağlıdır. Yüksək miqdarda kofein, şəkər və digər kimyəvi maddələrin olması insan orqanizmi üçün zərərlidir. Bəzən bu maddələri vitamin adı altında məhsul üzərinə yazırlar. Sintetik maddələrdən ibarət olduqları üçün insan orqanizmi zərərli hesab olunur”,- M.Hüseynova həyəcan təbili çalıb.

Mütəxəssis xəbərdar edib ki, bu içkiləri daimi qəbul etmək ürək-damar xəstəlikləri, şəkərli diabet riskini artırır: “Tərkibində olan kofein yorğunluğu azaltsa da, artıq qəbul etmək yuxusuzluq, iştahsızlıq, narahatlılıq yaradır. Jenşen bitkisi immun sisteminin güclənməsinə şərait yaratsa da, enerji içkisinin tərkibində olduqda öz funksiyasını itirir”.

Onun sözlərinə görə, 20-25 yaşlı gənclər bu içkilərdən uzaq dursalar yaxşı olar: “Bu, tükənmişlik enerjisini artırır. Həmçinin reproduktiv sağlamlığa zərərdir. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, enerji içkiləri hər gün içilməməlidir. Üstəlik, bu içkilərin çoxu sadəcə ”enerji" adı altında satılır".

Qeyd edək ki, hazırda “Full”, “Berg”, “Hell”, “Red Bull” və müxtəlif adlarda enerji içkiləri satışdadır.

Bu aludəçiliyi necə azaltmaq olar? Qadağa nəticə verərmi?

Həkimlərin və tibb ekspertlərinin enerji içkiləri ilə bağlı mövqeyi ümumilikdə ehtiyatlı və tənqidi xarakter daşıyır. Onlar bu içkilərin tərkibindəki stimullaşdırıcı maddələrin - xüsusilə kofein və şəkərin - orqanizmə qısa müddətdə enerji versə də, uzunmüddətli və ya nəzarətsiz istifadəsinin ciddi sağlamlıq fəsadlarına yol aça biləcəyini bildirirlər.

Kardioloqlar xəbərdarlıq edirlər ki, enerji içkiləri ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldə bilər və bəzi insanlarda ürək ritm pozğunluqlarına səbəb ola bilər. Bu, xüsusilə əvvəldən ürək-damar problemi olan şəxslər üçün təhlükəlidir. Gənc və sağlam insanlarda belə qəfil ürək dayanması halları qeydə alınıb, xüsusilə fiziki gərginlik zamanı və ya alkoqolla birlikdə istifadə olunduqda.

Nevropatoloqlar və psixiatrlara görə, enerji içkiləri beynin fəaliyyəti üzərində güclü təsir göstərir. Davamlı istifadəsi yuxu pozğunluqlarına, əsəbilik, panik atak, depressiya və asılılıq simptomlarına səbəb ola bilər. Onlar həmçinin uşaqlar və yeniyetmələrin sinir sistemi hələ tam inkişaf etmədiyi üçün bu içkilərin onlarda daha güclü və zərərli təsir göstərə biləcəyini vurğulayırlar.

Endokrinoloqlar və diyetoloqlar enerji içkilərinin yüksək şəkər tərkibinə diqqət çəkirlər. Onlar bildirirlər ki, bu içkilərin tez-tez qəbulu piylənmə, insulin müqaviməti və 2-ci tip şəkərli diabet riskini artırır. Süni şirinləşdiricilərdən istifadə edilən “şəkərsiz” versiyalar da maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.

Pediatrlar bu içkilərin uşaqlara ümumiyyətlə verilməməsini tövsiyə edirlər. Onların fikrincə, enerji içkiləri uşaqlarda hiperaktivlik, diqqət dağınıqlığı, yuxusuzluq və davranış pozuntularına səbəb ola bilər. Həmçinin, erkən yaşlardan belə məhsullara öyrəşmək gələcəkdə kofein və şəkər asılılığının əsasını qoya bilər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq səhiyyə qurumları da enerji içkilərinin tərkibi və istifadəsinə nəzarətin gücləndirilməsini tövsiyə edir, xüsusilə gənclərin qorunması üçün yaş məhdudiyyətlərinin tətbiqini və reklamların məhdudlaşdırılmasını dəstəkləyirlər.

Azərbaycanda estetik əməliyyatlar sürətlə artır”-Vaqif Qarayev

Vaqif Qarayev

Həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Əslində, energetik içkilər bütün yaşlarda ziyandır. 18 yaşdan aşağı olanlara isə ümumiyyətlə vermək olmaz. Amma telekanallar fasiləsiz reklam edirlər. İnsanlarda belə bir stereotip formalaşıb, həkim nə deyir ona məhəl qoyan yoxdur. Əsas sosial şəbəkələr və telekanalların sosial verilişlərində nə deyilirsə, odur. Energetik içkilərin tərkibində normadan artıq kofein, şəkər var, onlar böyüyən orqanizm üçün ziyandır, qətiyyən olmaz. Energetik içkilərin verdiyi dırnaqarası enerji əslində orqanizmi zəiflədir. Orqanizm öz-özünü yeyir, bitirir - belə bir ifadə də var. Əvvəlcə xoş əhval-ruhiyyə yaradır. Amma təkrar qəbul edəndə əsəb sisteminə, ürək-damar sisteminə zərər verir. Bu barədə dəfələrlə kardioloqlar da açıqlama verib, energetik içkilər ürəyə ziyandır. Amma kardioloqa qulaq asan var?! Adını tanınmış qoyduqları müğənniləri bu reklam çarxlarına dəvət edirlər. Cəmiyyətdə hörməti olan idmançılar belə energetik içkiləri reklam edir. Ortada kifayət qədər pullar var. Qazanan, qazanır, amma əziyyət çəkən övladlarımızdır”.

V.Qarayevin sözlərinə görə, təbabət, səhiyyə, həkim bu pulların qarşısında acizdir: “Mən də görürəm, marketlərdə uşaqlar energetik içki alırlar. Ümumiyyətlə, qazlı, rəngli içkilər də uşaq orqanizminə ziyandır. Həmin rəngli içkiləri adi salfet üzərindən süzgəcdən keçirmiş kimi edin, görün orada necə çöküntülər qalır. Bu, süzgəcdə qalırsa, eynilə uşaq orqanizmində də qalır. Bu, dövrümüzün bəlasıdır”.

Pediatr “fast-food”ların zərərindən də danışıb: “Elə ölkələr var ki, ”fast-food" məmulatlarının istehsalı qadağandır. O cür iaşə müəssisələrini bağlayıblar. Amma bizdə hər yerdə var. Kartof qızartmasını hamı bişirə bilir. Bunu evdə bişirin də. Kartof sözünün sonuna “free” əlavə edəndə  nə olur. Bunu hansı yağda bişirirlərsə, uşaq orqanizmi üçün kökündən ziyandır. Bilirsiniz, bunun haqda çox danışmışıq, amma eşidən yoxdur".

Qeyd edək ki, mütəxəssislərə görə enerji içkilərinin alkoqolla birlikdə istifadəsi də çox risklidir. Alkoqolun yuxululuq və sakitləşdirici təsiri kofeinlə örtüldüyü üçün insan öz sərxoşluğunu hiss etmir və bu da daha çox alkoqol qəbuluna, nəticədə zəhərlənməyə və ya riskli davranışlara yol aça bilər. Bu cür qarışıqlar dünyada bir çox ölkədə qadağan edilib.

Müntəzəm enerji içkisi istifadəsi orqanizmin bu maddələrə asılı hala düşməsinə səbəb ola bilər. Asılılıq nəticəsində bədən daha çox kofein və stimullaşdırıcı tələb edir ki, bu da uzunmüddətli nevroloji və psixoloji pozuntulara yol aça bilər. Əlavə olaraq, bu içkilər fiziki enerjini süni şəkildə artırdığından, real istirahət və bərpa ehtiyacını basqılayır və bədən yorğunluğunu vaxtında hiss etmədiyi üçün daha dərin tükənmə sindromlarına gətirib çıxara bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR