İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: “Qara vəba” qayıdır - Azərbaycanda gözlənti

Bu xəstəlik daha çox kənd yerlərində, dağlıq ərazilərdə və yığcam məskunlaşmış qəsəbələrdə müşahidə olunur - əhaliyə tövsiyə

Bir zamanlar “Qara ölüm” adıyla Avropanın yarısını məhv  edən bubonik vəba, 21-ci əsrin texnoloji və tibbi imkanlarına baxmayaraq, yenidən ciddi narahatlıq yaratmağa başlayıb. Monqolustanda eyni ailənin üç üzvündə aşkar edilən yoluxma halları, yüz illərdir sakit qalan bu xəstəliyin yeni mərhələyə keçə biləcəyinə işarə edir.

Hazırkı dövrdə antibiotiklər və erkən diaqnostika imkanları sayəsində bubonik vəba pandemiya səviyyəsinə çatmaya bilər. Ancaq xəstəliyin yoluxma yollarının dəyişməsi və insanlar arasında ötürülməsinin rəsmi şəkildə təsdiqlənməsi ehtiyatlı olmağın vacibliyini göstərir. Bəlkə də “Qara ölüm” yenidən qapımızı döyür - bu dəfə modern dünyada. Hazır olmağımız üçün isə təkcə tibbi yox, informasiya və səhiyyə sahələrində də çevik və şəffaf davranmaq zəruridir.

Xatırlatmaq yerinə düşər ki, vəba  adını tarix boyu dəhşətli pandemiyalarla yadda saxlamış, bəşəriyyətin ən faciəli səhifələrində öz izini qoymuş xəstəliklərdən biridir. Orta əsrlərdə milyonlarla insanın ölümünə səbəb olan bu infeksiya bu gün də, ara-sıra olsa belə, bəzi ölkələrdə yenidən baş qaldırır. Son vaxtlar Monqolustanda vəba halları qeydə alınıb və bu, qlobal ictimaiyyətin diqqətini bir daha bu təhlükəyə yönəldib.

Vəba “Yersinia pestis” adlı bakteriyanın yaratdığı kəskin yoluxucu xəstəlikdir. Bu bakteriya əsasən gəmiricilərdə olur və insanlara adətən onlara parazitlik edən birələr vasitəsilə keçir. Ənənəvi yayılma yolu budur. Lakin vəbanın hava-damcı yolu ilə yayılan - yəni insandan insana keçən forması da mövcuddur və bu, onu daha təhlükəli edir.

Mütəxəssislər vəbanın əsasən üç formasını ayırd edirlər: Bubon vəbası - ən çox yayılmış formadır. Bədənin müxtəlif limfa düyünləri (boyun, qoltuqaltı, qasıq) şişərək ağrılı hal alır. Septik forma (qan zəhərlənməsi) - bakteriya qana keçərək orqanizmi sürətlə zəhərləyir və ölümə gətirib çıxarır. Ağciyər vəbası - ən təhlükəli formasıdır. Tənəffüs yolu ilə yayılır, cəmi 24-48 saat ərzində ağır fəsadlar törədərək ölümlə nəticələnə bilər.

Ən dəhşətlisi, 14-cü əsrdə Avropada baş vermiş və tarixə “Qara ölüm” kimi düşmüş vəba pandemiyasıdır. Bu dövrdə Avropa əhalisinin üçdə birinin (təxminən 25-50 milyon insanın) vəba səbəbilə həyatını itirdiyi hesab olunur. Sözsüz ki, bu, tibbin hələ inkişaf etmədiyi bir dövr idi.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“Epizodik olaraq bir neçə il öncə belə bir məlumat yayılmışdı: ölkələrdən birində vəbanın baş qaldırmaq ehtimalı var idi. Təbii ki, Monqolustanda bu xəstəliyin yenidən ortaya çıxması müəyyən bir siqnaldır. Bu gün tibbin inkişaf etdiyi bir dövrdə, əlimizdə geniş spektrli dərmanlar və antibiotiklər olduğu halda ciddi narahatlığa əsas da olmaya bilər. Vəba orta əsrlərdə geniş yayılmış, hətta Avropa əhalisinin üçdə birinin ölümünə səbəb olmuşdu. Bu, tibbin hələ inkişaf etmədiyi dövrlərdə baş verib. Ancaq indiki dünya fərqlidir.

Vəbanın yayılma yolları əsasən hava-damcı yolu və birələr vasitəsilə olur. Monqolustandakı vəziyyətin birələr və natəmizlik nəticəsində baş verdiyi ehtimal olunur. Lakin hava-damcı yolu ilə yoluxma bu gün - inteqrasiya olunmuş, sıx məskunlaşmış və olduqca dinamik hərəkətliliyin müşahidə olunduğu bir dövrdə - daha təhlükəli ola bilər".

Baş həkim bildirib ki, xəstəliyin təhlükəlilik dərəcəsini və yayılma sürətini nəzərə alaraq, prosesi yerindəcə nəzarət altına almaq vacibdir: “Müvafiq qurumlar bu məsələyə ciddi yanaşmalıdır. Çünki əgər proses vaxtında nəzarətə götürülməzsə və yayılmağa davam edərsə, daha ciddi fəsadlara yol aça bilər”.

Onu da nəzərə çatdıraq ki, vəbanın yayılmasına bir çox faktor təsir edir, lakin əsas səbəblər sırasında gigiyena şəraitinin zəifliyi, gəmiricilərlə təmas və səhiyyə sisteminin zəifliyi dayanır. Hazırda vəbanın ən çox müşahidə edildiyi ölkələrə nəzər saldıqda bu amillərin özünü aydın şəkildə göstərdiyi görünür.  Ən çox vəba Afrika ölkələri - Konqo Demokratik Respublikası, Madaqaskar, Uqanda, Tanzaniya, Keniyada yayılıb. Bu ölkələrdə təmiz içməli su çatışmazlığı, natəmizlik, birə və siçanların çoxluğu ilə bağlı vəba vaxtaşırı yayılır. Xəstəlik daha çox kənd yerlərində, dağlıq ərazilərdə və yığcam məskunlaşmış şəhər qəsəbələrində müşahidə olunur. Asiya ölkələri  arasında xüsusilə Monqolustanda, Çinin bəzi bölgələri, Qazaxıstan, Qırğızıstanda müşahidə edilir. Monqolustanda insanlar tez-tez yabanı heyvanlarla təmasda olur, ovçuluq və yarıköçəri həyat tərzi xəstəliyin yayılmasını asanlaşdırır. Təbii şəraitdə vəbanı daşıyan gəmiricilər (məsələn, marmot) vasitəsilə yoluxma baş verir. Eləcə də Cənubi Amerika ölkələri arasında Peru, Boliviya, Ekvadorda bu xəstəlik müşahidə edilir. Belə ki, dağlıq ərazilərdə sanitar nəzarətin zəifliyi, səhiyyə xidmətlərinə çıxışın məhdud olması az sayda olsa da, vəba hallarının qeydə alınmasına səbəb olur. ABŞ-də isə Arizona, Kolorado, Nyu-Meksiko, Kaliforniyada vəba əsasən yabanı təbiətdə dövr edir - dağ siçanları, tülkülər və digər heyvanlar xəstəliyin daşıyıcısı ola bilər. Bu ölkələrin ortaq cəhətləri isə ondan ibarətdir ki, gigiyena və sanitariya sistemlərinin zəifliyi, təmiz içməli su və kanalizasiya sisteminin olmaması, tibbi xidmətlərin gec və qeyri-effektiv olması, gəmiricilərlə təmasın çoxluğu, əhali sıxlığının və yabanı heyvanlara yaxınlıq yüksək səviyyədədir". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR