Onlayn ictimai-siyasi qəzet
Son günlər ölkə ərazisində müxtəlif infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda cəmiyyətdə COVİD-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hazırda ölkədə epidemioloji durum sabitdir: “Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu adi haldır və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının keçən ilin eyni dövrü ilə müqayisədə artmadığını qeyd edə bilərik”. Bəs əslində nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?
Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır. Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Gülnarə Əhmədova
İnfeksionist Gülnarə Əhmədova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, mövsümi qriplər hər il müşahidə olunur və bu, təbii haldır. Qrip əleyhinə peyvəndlərin məqsədi isə yoluxma hallarını azaltmaq və xüsusilə işgüzar, aktiv əhali üçün qoruyucu rol oynamaqdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda Avropa ölkələrində olduğu kimi inkişaf etmiş laborator diaqnostika sistemi tam qurulmayıb: “Qrip viruslarının konkret ştamlarını müəyyən etmək üçün xüsusi laborator şərait və bu sahədə ixtisaslaşmış mikrobioloqların işi tələb olunur. Əgər bu təyin edilməyibsə, həkimlər konkret hansı ştamdan söhbət getdiyini deyə bilməzlər. Bu səbəbdən də yerli həkimlər əsasən virus mənşəli infeksiyalarla - o cümlədən qrip və digər virus infeksiyaları ilə mübarizə aparırlar, lakin dəqiq diaqnoz qoymaq çətinlik yaradır”.
Profilaktik tədbirlər baxımından həkim tövsiyə edir ki, hər kəs mövsüm dəyişikliyindən əvvəl ümumi “check-up” müayinəsindən keçsin: “Bu, insanın sağlamlıq vəziyyətini dəyərləndirmək və qarşıdakı mövsümə hazırlıqlı olmaq baxımından vacibdir. Müayinələr zamanı immun sistemi, qan dəyərləri və digər göstəricilər yoxlanılmalıdır. Məsələn, qanazlığı olan şəxslər qripə daha tez yoluxa bilər. Eyni zamanda xroniki xəstəlikləri olan insanlara fərdi yanaşma və xüsusi müalicə planı tətbiq olunmalıdır. Yay aylarında kifayət qədər D vitamini qəbul etməyən insanlarda da immun zəifliyi müşahidə oluna bilər.
Qrip və digər virus infeksiyalarına yoluxma zamanı orqanizmin bərpası üçün düzgün qidalanma və bol maye qəbulu vacibdir. Gün ərzində kifayət qədər su içmək, vitaminlərlə zəngin sulu yeməklər, zülal və faydalı maddələrlə zəngin qidalar qəbul etmək müalicə prosesini sürətləndirə bilər".
Hazırda dünyada bir neçə virus infeksiyası yayılmaqda davam edir və bəzi bölgələrdə ciddi epidemiyalar qeydə alınıb. Bu infeksiyalar həm insan sağlamlığına birbaşa təhlükə yaradır, həm də səhiyyə sistemləri üçün əlavə yük formalaşdırır. Chikungunya virusu 2025-ci ilin ilk 9 ayında 40 ölkədə yayılaraq təxminən 445,000 şübhəli və təsdiqlənmiş yoluxma hadisəsinə, eləcə də 155 ölümə səbəb olub. Bu virus əvvəllər nadir rast gəlinən bölgələrdə də yayılmağa başlayıb və bu hal qlobal narahatlıq doğurur. Virus əsasən ağcaqanad vasitəsilə ötürülür və yüksək hərarət, oynaq ağrıları ilə müşayiət olunur.
Quş qripi, xüsusilə A(H5N1) ştammı heyvanlar, əsasən də quşlar arasında geniş yayılıb. Meksika və bəzi digər ölkələrdə insanlara yoluxma halları qeydə alınıb. Hazırda bu virusun insanlar arasında davamlı yayılma riski aşağı qiymətləndirilir, lakin potensial təhlükə hələ də mövcuddur. Dünya Səhiyyə Təşkilatı vəziyyəti yaxından izləyir. Qızılca (measles) virusu da bəzi bölgələrdə ciddi problemə çevrilib. ABŞ-nin cənub-qərb bölgəsində 2025-ci ilin əvvəlindən etibarən yüzlərlə yoluxma halı baş verib. Yoluxmaların böyük hissəsi peyvənd olunmamış əhali arasında müşahidə olunur və bu, bir daha immunizasiya proqramlarının əhəmiyyətini ön plana çıxarır. Mpox (əvvəllər monkeypox kimi tanınırdı) epidemiyası əsasən Mərkəzi Afrika ölkələrində yeni variant - clade Ib ilə yayılıb. Bu variant əvvəlkilərdən daha yoluxucudur və xəstəliyin yayılma trayektoriyasına ciddi təsir göstərib. Epidemiyaların qarşısını almaq üçün bəzi ölkələrdə peyvənd kampaniyaları həyata keçirilir. Ebola virusu ilə bağlı da narahatedici hallar var. Xüsusilə Konqo Demokratik Respublikasının Kasai əyalətində yeni Ebola epidemiyası qeydə alınıb. Zaire ebolavirusu növünün səbəb olduğu bu epidemiyada yoluxma və ölüm hallarının artdığı bildirilir. Yerli və beynəlxalq səhiyyə qurumları bölgədə təcili tədbirlər görürlər.
Bütün bu hallar onu göstərir ki, dünya hələ də müxtəlif virus infeksiyalarına qarşı davamlı mübarizə aparmalı və profilaktik tədbirlərə önəm verməlidir. Xüsusilə yoluxucu xəstəliklərin qarşısını almaq üçün vaxtında peyvəndləmə, gigiyenik qaydalara əməl etmək və səhiyyə sistemlərinin gücləndirilməsi prioritet sayılmalıdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ