Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova Nazirliyin rəsmi saytına müsahibə verib.
Musavat.com həmin müsahibəni təqdim edir:
- Lalə xanım, ilk öncə bilmək istərdik ki, təşviş pozuntusu nədir və əlamətləri hansılardır?
- Təşviş insanların qavradıqları və ya gözlənilən stress, təhlükəyə cavab olaraq hiss etdikləri bir duyğudur. Bu vəziyyət, bir insanın gündəlik həyatına ciddi şəkildə təsir edir və həyat keyfiyyətini azaldır.
Təşviş pozuntusunun əsas əlamətləri arasında davamlı narahatlıq, gərginlik hissləri müşahidə olunur. Ürək döyüntülərinin sürətlənməsi, nəfəs alıb-vermənin daralması, güclü soyuq tərləmələr, yuxusuzluq və ya yuxu ritminin pozulması, ümidsizlik, bədbinlik hissləri, həzm sistemi problemləri və mədə bağırsaq narahatlıqları, diqqət konsentrasiyasında çətinlik, eyni fikirləri təkrar-təkrar düşünmək meyli (ruminasiya) təşviş zamanı müşahidə edilən hallardır.
- Təşviş pozuntusunun səbəbləri nələrdir?
- Təşviş pozuntusunun səbəbləri bioloji və psixoloji faktorların qarışımından qaynaqlanma ehtimalı var. Təşviş pozuntusu beyindəki bəzi kimyəvi maddələrin balanssızlığından yarana bilər. Bu kimyəvi maddələrə neyrotransmitterlər kimi tanınan serotonin və norepinefrin daxildir. Bundan başqa, genetik faktorlar, stres, xroniki xəstəliklər, zərərli və ya narkotik maddə istifadəsi təşvişin yaranmasına gətirib çıxara bilər.
Genetik faktorlar dedikdə, əgər valideynlər arasında təşvişli, həyəcanlı olan varsa, təşviş halı uşağa da ötürülə bilər. Uşaqlıq dövründə yaşanmış stress və travma halları təşvişin yaranmasına səbəb olur. Xüsusən uşaqlıqda yaşanmış travmatik hadisələr, beyindəki qoxu emal mexanizmlərini həssaslaşdıraraq, stres faktorların qarşı yüksək həssaslığa səbəb ola bilməkdədir.
- Təşviş pozuntusunun növləri hansılardır?
- Təşviş pozuntusunun müxtəlif növləri var. Generalizə olunmuş Təşviş Pozuntusu (Generalized Anxiety Disorder - GAD) olan şəxslərdə davamlı və həddindən artıq narahatlıq müşahidə olunur. İdarə oluna bilməyən vəziyyətlər, insanı daim narahat edir və yuxusuz qalmasına səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar hər bir vəziyyətdə ən pis şeyləri düşünüb, kontrolu itirməkdən və müsbət nəticənin və ya geri dönüşün olmadığını düşünürlər.
Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Panika pozuntusunda panik hücumlar qısa müddətli, lakin çox intensiv qorxu və narahatlıq hissinin yaranmasıdır. Bu hücumlar fiziki simptomlar da yarada bilir. Məsələn, ürək döyüntüsü, nəfəs darlığı və başgicəllənmə, ağız quruluğu, boğulma hissi, uyuşma, tərləmə və titrəmə halı kimi simptomlar müşahidə olunur.
Fobiyalar zamanı xüsusi obyekt və ya vəziyyətlərə qarşı qorxu hissi özünü büruzə verir. Bizim fobiyalarımız da hiss etdiyimiz qorxuların bir versiyasıdır. Fobiyalar cəmiyyətdə xəstəlik kimi deyil, şəxsiyyət xüsusiyyəti və ya vərdiş kimi qəbul edilir.
Post-travmatik stres pozuntusu (PTSP) ciddi bir travmatik hadisə (məsələn, avtomobil qəzası, təbii fəlakət, zorakılıq, müharibə və s.) yaşadıqdan sonra yaranan bir psixoloji vəziyyətdir. PTSP-nin təsirləri fərqli ola bilər, amma ümumiyyətlə insanın gündəlik həyatını, psixoloji vəziyyətini və emosional sağlamlığını əhəmiyyətli dərəcədə mənfi şəkildə təsir edir.
Obsessiv kompulsiv pozuntu (OKP) insanların təkrarlanan,məcburi düşüncələr (obsessiyalar) və ya davranışlara (kompulsiyalar) qarşı təbii olmayan bir ehtiyac hiss etməsi ilə özünü göstərir. Bu pozuntu şəxsin gündəlik həyatına ciddi şəkildə təsir edə bilər.
Obsessiyalar şəxs tərəfindən nəzarət edilə bilməyən və çox narahatedici olan təkrarlanan düşüncələr, şəkillər və ya impulslar ola bilər. Bu düşüncələr şəxsə narahatlıq və gərginlik yaradır. Məsələn, bədənə zərər verə biləcək mikroblar və ya çirklənmələr haqqında narahatlıq şəxsdə təmizlik qorxu hissi yaradır. Düzgünlük və nizam, hər şeyin müəyyən bir qaydada olması və düzgün yerində olması barədə obsessiv düşüncələr yaranır.
Kompulsiyalar şəxs tərəfindən narahatlıq və qorxuları azaltmaq üçün təkrarlanan hərəkətlərdir. Kompulsiyalar müxtəlif formalarda ola bilir. Təmizlik və dezinfeksiya, təkrarlanan şəkildə əlləri yumaq, əşyaları təmizləmək, yerə toxunmamaq kimi davranışlar sərgiləyir. Cavab verməklə təkrarlanan şəkildə müəyyən bir söz və ya cümləni deyərək, narahatlıq hissini azaltmağa çalışır və bununla da özündə rahatlıq hissi tapır.
Bəzən əşyaların sıralanması və nizamlanması şəxsdə əşyaların dəqiq bir şəkildə yerinə qoyulması, məsələn kitabların və ya paltarların müəyyən bir şəkildə sıralanması müşahidə olunur. Bir şeyin düzgünlüyünü yoxlamaq üçün təkrarlanan davranışlar, məsələn qapıların bağlandığını və ya elektrik cihazların söndüyünü yoxlamaq kimi hərəkətlər meydana çıxır.
- Təşviş pozuntusu necə diaqnoz qoyulur və onun müalicəsi mümkündürmü?
- Təşviş pozuntusu psixoloq və ya psixiatr tərəfindən aparılan klinik müayinələr nəticəsində diaqnoz edilir. Müxtəlif suallar və testlər istifadə olunur. Buna görə də, peşəkar bir mütəxəssisə müraciət etmək vacibdir. Təşviş pozuntusu müalicə oluna biləcək bir xəstəlikdir. Psixoterapiya, xüsusilə Koqnitiv Davranış Terapiyası (Cognitive Behavioral Therapy, CBT) və dərman müalicəsi bu vəziyyəti yaxşılaşdırmağa kömək edir.
CBT şəxsin düşüncə və davranışlarını dəyişdirərək təşviş pozuntusunu azaldır. Bu terapiya, şəxsin narahatlıq yaradan düşüncələrini tanımasına və onlara fərqli yanaşma yolları tapmasına kömək edir. Dialektik davranış terapiyası koqnitiv davranış terapiyaya bənzər olaraq, diqqət mərkəzi insanın davranışını dəyişdirməkdir. Bu terapiya emosional vəziyyətləri, münasibətləri tənzimləməyi və bunlarla əlaqəli yaranan problemlərin öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Şəxslər təşviş pozuntusu ilə mübarizə aparmaq üçün müxtəlif strategiyalar tətbiq edə bilərlər. Bunlar arasında nəfəs məşqləri, meditasiya, yoqa, fiziki fəaliyyətlər və terapiya müalicələri var. Fiziki məşqlər endorfinlərin ifrazını təşviq edərək narahatlıq hissini azalda bilər.Müntəzəm idman fəaliyyəti təşviş pozuntusunun simptomlarını yüngülləşdirə bilər. Eyni zamanda, yaxınlarının göstərdiyi səylə təşviş pozuntusu olan insana kömək göstərmək olar. Anlayışlı, səbirli olmaqla, şəxsə göstərilən emosional dəstək şəxsin təşvişini azaltmağa kömək edə bilər. Ailə üzvləri, şəxsə psixoterapiya və müalicə axtarışında dəstək göstərə bilərlər. Təşviş pozuntusunun təkrarlanma ehtimalı var. Lakin düzgün müalicə və stresə idarəetmə üsulları ilə təkrarlanma ehtimalı azaldıla bilər.
- Təşviş pozuntusunda risk faktorları hansılardır?
- Təşviş problemləri ayrılıq və tərk edilmə vəziyyətlərinə qarşı yüksək həssaslıq göstərən insanlarda daha sıx görülə bilir. Qəzəbi idarəermə problemləri və asılılıq meylləri olan fərdlər təşviş pozuntularına daha çox meylli ola bilir. Bundan əlavə, davamlı stresli və təzyiqli bir mühitdə yaşayan insanlar təşviş inkişaf etdirmə ehtimalı daha yüksək olan fərdlərdir.
Güvənsiz və ya problemli bağlanma üslubları təşviş problemlərinə yol açır. Şəxsin özü ilə ətrafdakı dünya arasında davamlı bir qopuqluq hissi yaşaması təşviş pozuntularının inkişafına kömək edir.
- Təşviş hücumlarını necə aradan qaldırmaq olar?
- Təşviş hücumları zamanı sakitləşmək və simptomları yüngülləşdirmək üçün bəzi strategiyalar tətbiq oluna bilər. Bu üsullar təhlükə və ya stres azaldıldıqda və ya siz sakitləşdikdə təşviş vəziyyətinin də yüngülləşdirməsinə kömək edir. Sakitləşmə prosesində düzgün nəfəs alma olduqca effektivdir. Nəfəs alma məşqləri etməklə sakitləşə və diqqətinizi yenidən bərpa edə bilərsiniz. Məsələn, 4 saniyə içərisində burnumuzla nəfəsi daxilə alırıq, 4 saniyə içərisində nəfəsimizi saxlayırıq və ağzımızla həmin nəfəsi buraxırıq.
Narahat edən düşüncələrinizi yazın və onlar haqqında düşünmək üçün günün müəyyən bir vaxtını ayırın. Bu, davamlı narahat edən düşüncə nümunələrinin qarşısını almağa kömək edə bilər. Gələcək üçün narahat olmaq əvəzinə, indiki məqama diqqət yetirin. İndiki anda narahat olmanıza səbəb olacaq bir vəziyyətin olmadığını özünüzə xatırladın. Təşviş hücumlarının başladığını hiss etdikdə, özünüzü məşğul edəcək fəaliyyətlər tapın. Gəzinti, kitab oxumaq və ya film izləmək kimi fəaliyyətlər sizə narahatedici düşüncələrdən uzaqlaşmağa kömək edə bilər. Həddindən artıq şəkər istehlakı təşvişi artıra bilər. Bu səbəblə, təşviş hücumu zamanı şəkərli qidalardan uzaq duraraq, zülalla zəngin qidalar seçin və bol su içməyə diqqət edin.
- Təşviş pozuntusunun uzunmüddətli təsirləri nədir və onun qarşısını almaq mümkündürmü?
- Uzunmüddətli təşviş pozuntusu insanın iş və sosial həyatına mənfi təsir edə bilər. O, həmçinin yuxu pozuntuları, depressiya və fiziki sağlamlıq problemləri yaradır. Təşviş pozuntusu olan şəxs iş yerində qərar verməkdə çətinlik çəkir, eyni zamanda yüksək narahatlıq hissi məhsuldarlığı azalda bilər. Əgər təşviş pozuntusu uzunmüddətli müalicə olunmazsa, o zaman digər psixoloji pozuntular, məsələn depressiya və digər psixiatrik vəziyyətlər inkişaf edə bilər.
Təşviş pozuntusunun müalicəsi fərdi olaraq dəyişir. Bəzi insanlar qısa müddət ərzində yaxşılaşarkən, digərləri üçün daha uzun müalicə dövrü tələb olunur. Bundan başqa, təşviş pozuntusu hər yaşda ortaya çıxa bilər. Yetişkinlərdə və həyatın çətin dövrlərində təşviş pozuntusu inkişaf edə bilər.
Müalicə müddəti hər bir şəxs üçün fərqlidir. Ümumiyyətlə, müalicə prosesinin başlanğıc mərhələsi bir neçə ay ərzində görülür, davamlı müalicə isə uzunmüddətli ola bilər.
Təşviş pozuntusunun yalnız “zəif” insanlarda olduğunu düşünmək yanlışdır. Hər kəsdə təşviş pozuntusu inkişaf edə bilər və bu, ciddi bir sağlamlıq problemidir. Güclü xarakterə malik insanlarda da yaşadığı hadisələr nəticəsində təşviş yarana bilər.
Tam olaraq qarşısını almaq çətin olsa da, streslə başa çıxma metodları, sağlam həyat tərzi və dəstəkləyici mühit təşviş pozuntusunun qarşısını almağa kömək edə bilər. Sağlam qidalanma beyin funksiyalarını yaxşılaşdırmağa və narahatlıq səviyyələrini azaltmağa kömək edir. Omeqa-3 yağ turşuları və kompleks karbohidratlar təşvişin yüngülləşdirməsində faydalı ola bilər.
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ