İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh zamanı gəldi - bəs qalib kimdir, məğlub kim?

Hərbi ekspertlərin fikrincə, İran bu qarşıdurmada ciddi texnoloji zərbələr alıb, həmçinin hərbi elitası ağır itkilər verib, İsrail isə...

İyunun 13-də İsrailin hərbi hücumu ilə başlanan İsrail-İran münaqişəsi iyunun 24-də səhər saat 8-də iki dövlətin atəşkəs razılaşması ilə dayanıb. Bu barədə ilk olaraq İranın “Press TV” telekanalı məlumat yayıb. Bildirilib ki, İran tərəfindən Bakı vaxtı ilə 24 iyun səhər saat 08:00-dən atəşkəs qüvvəyə minib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, İsrail və İran təxminən altı saat sonra atəşkəs sazişinin icrasına başlamaq üçün tam razılaşıblar.

Donald Tramp özünün “Social Truth” sosial şəbəkəsində etdiyi paylaşımda Tehranın bölgədə sülh və harmoniyaya doğru irəliləmək istədiyini,  İsrailin də eyni məqsədi olduğunu bildirib.

“Social Truth”da etdiyi ikinci paylaşımında Tramp Qətər Əmirinə “bölgədə sülh axtarışında etdiyi hər şey üçün” təşəkkür edib.

“Təbriklər dünya, sülh zamanıdır!”, - Tramp üçüncü paylaşımında yazıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi də İranla atəşkəs razılaşmasının əldə olunduğunu rəsmən təsdiqləyib. İsrailin dövlət televiziyasının məlumatına görə, atəşkəs Qətərin vasitəçiliyi ilə əldə olunub.

İran və İsrail arasında atəşkəs razılaşmasının ardınca prosesin hansı məcrada davam edəcəyini demək elə də asan deyil. İran tərəf müharibənin qalibi olduğunu bəyan etsə də, İsrailin hücumları nəticəsində böyük itkilərə məruz qaldığı gerçəkdir. Ötən 12 gün ərzində İranın İsrailə, son günlərdə isə Suriya və Qətərdəki ABŞ obyektlərinə zərbələrinin elə də effektiv olmadığı iddiaları da var. Bu münaqişə günlərində bir gerçəklik də üzə çıxdı: İran Prezidenti Məsud Pezeşkian meydanda tək qalmışdı, ara-sıra XİN rəhbəri Əraqçinin görünməsini nəzərə almasaq. Belə bir rəy yaranıb ki, radikalların, mühafizəkar kəsimə aid şəxslərin, o cümlədən dini lider başda olmaqla, mollaların sığınacaqlarda gizləndiyi bu günlərdə İran prezidenti faktiki olaraq meydanda tək qalıb.

Bəlkə də indiki durumda İranın xilas yolu Pezeşkianın səlahiyyətlərinin artırılması və onun ölkədə əsas söz sahibinə çevrilməsi olardı, çünki ölkə prezidenti İran düşmənləri tərəfindən hədəfə alınan sima deyil.

İranın dövlət mediası-İslam Respublikası Radio və Televiziyası (İRİB) isə dünən səhər saatlarında yayımladığı bəyanatda İranla İsrail arasında əldə olunan atəşkəsi Tehranın “tam hərbi qələbəsi” kimi təqdim edib. Rəsmi açıqlamada bildirilir ki, SEPAH-ın ABŞ-ın Qətərdəki Əl-Udeyd hərbi bazasına endirdiyi raket zərbəsi “uğurlu olub” və bu əməliyyatın nəticəsi olaraq ABŞ tərəfinin atəşkəsə çağırdığı iddia olunub: “SEPAH-ın dəqiq və sarsıdıcı cavabından sonra düşmənin geri çəkilməkdən başqa çarəsi qalmadı. Atəşkəs İran xalqının tarixi müqavimətinin və hərbi zəfərin nəticəsidir”.

İran Milli Təhlükəsizlik Şurası isə günün ikinci yarısı bəyanat yayıb: “Qələbəmiz İsraili birtərəfli qaydada məğlubiyyətini etiraf etməyə və hücumları dayandırmağa məcbur etdi”.

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami isə ABŞ-ın hücumundan sonra nüvə obyektlərindəki vəziyyətlə bağlı açıqlama verib. İslami nüvə işi prosesində hər hansı bir axsamadan qaçmaq üçün planlar qurduqlarını bildirib. Lazımi hazırlıqları gördüklərini bildirən İslami hazırda dəyən ziyanın qiymətləndirilməsini apardıqlarını qeyd edib.

O, təmir hazırlıqlarının əvvəlcədən nəzərdə tutulduğunu bildirib: “Planımız istehsal və xidmət prosesində hər hansı bir fasilənin qarşısını almaqdır”.

Hərbi ekspertlərin fikrincə isə İran bu qarşıdurmada ciddi texnoloji və kəşfiyyat zərbələri də alıb, həmçinin hərbi elitası ağır itkilərə uğrayıb. HHM sisteminin isə biabırçı durumda olduğu, ya da ümumiyyətlə, heç olmadığı hər kəsə bəlli olub. İran bir açıq qapıdır və hər kəs oraya fəzadan daxil olub, istədiyini edə bilərmiş.

Bu baxımdan, İRİB-in qələbə elanları daha çox daxili ictimaiyyəti sakitləşdirməyə hesablanmış təbliğat mövqeyi kimi qiymətləndirilir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirib ki, İsrail İranla münaqişəni 14 günə bitirəcəyini bəyan etmişdi. Müharibə bundan iki gün əvvəl bitdi: “Müharibə iştirakçılarından hər biri qələbə qazandığını bildirir. İsrail və ABŞ hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-a layiqli cavab verdiyini bildirir. Halbuki İsrail və ABŞ-ın raket zərbələrinə və verilən itkilərə İranın cavabı adekvat olmadı. Doğrudur, İran raketləri İsrailin haqqında çox danışılan "Dəmir dəbilqə" havadan müdafiə sistemini yardı, şəhərlərə zərbələr dəydi. Ancaq İsrail nə qədər iranlı generalı və hərbçini öldürdü, İran nə qədərini? ABŞ İranın nüvə mərkəzlərinə dağıdıcı zərbələr vurdu, İran Qasım Süleymani olayında olduğu kimi, ABŞ-ı əvvəlcədən xəbərdar edərək boşaldılan hərbi bazasına raket atdı, onun da əksər hissəsi havada vuruldu. ABŞ Prezidenti Donald Trampın buna görə İrana minnətdar olması Tehranın aşağılanması anlamına gəlir. Buna baxmayaraq, İrandakı rejim müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq. Halbuki İran vətəndaşlarının beyinlərində sualların sayı artıb".

Politoloq hesab edir ki, İsrail pandoranın qutusunu açıb. “İsrail-İran müharibəsi heç zaman olmaz” hekayəsi qüvvəsini itirib: “Münaqişə bitdi, ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaq. Tel-Əviv və Vaşinqton İranın yenidən uranı zənginləşdirməsindən şübhələnərlərsə, qonşu ölkəyə yenidən zərbələr endirəcəklər. İsrail üçün müharibənin bir günü yüz milyonlarla dollara başa gəlirdi. 12 günlük müharibənin hesabı bir neçə milyardı keçib. İsrail xərclərini bərpa edəcək, ABŞ da, həmişəki kimi, müttəfiqinə yardım əlini uzadaq. Bəs İran itkilərini necə bərpa edəcək - əsas sual budur. İrana bombalanan mərkəzləri bərpa etmək üçün heç bir ölkə, hətta tərəfdaşları olan Rusiya və Çin havayı pul verməyəcəklər. İran sanksiyalar altındadır. İranın yeganə alternativi satdığı neftin pulunu bərpaya yönəltməkdir. Ancaq bu halda İran vətəndaşlarının sosial problemlərinin həlli arxa plana keçəcək, bu isə insanların haqlı narazılığa səbəb olacaq. Onsuz da müharibəyə qədər də İran iqtisadiyyatı ağır günlərini yaşayırdı, indi isə bu ölkəyə daha çox maliyyə resursları tələb olunacaq.

ABŞ və İsrail birinci məqsədlərinə çatdıqlarını bəyan ediblər, yəni İranın uranı zənginləşdirmək mərkəzləri yararsız hala düşüb, ancaq ikinci məqsədlərinə, yəni rejim dəyişikliyinə nail olmadılar. Bunun üçün daha uzun müddət lazımdır".

E.Şahinoğlunun sözlərinə görə, İrandakı rejim öz varlığını qorumaq istəyirsə, daxili və xarici siyasətini ciddi şəkildə korrektə etməlidir: “Buna ümid azdır. Çünki İranda islahatların genişlənməsi rejimin dəyişməsi anlamına gəlir. Mühafizəkarlar buna getməzlər”.

qaynarinfo.az

 Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, müharibənin iki tərəfdən birinin geri çəkilməsi halında bitməsi mümkün görünürdü, bu razılaşmadan hər iki tərəf özünü “qalib” hesab edir: “Vaşinqton və Tel-Əviv məqsədlərinə nail olduqlarını-İranın nüvə proqramını məhv etdiklərini deyir. İran ABŞ və İsrail qarşısında dirəniş göstərdiyini, təslim olmadığını bəyan edir. Əslində hər iki tərəf qazandığı kimi, itirdi də. İranın zəifliyi ortaya çıxdı, "toxunulmazlıq" iddiaları alt-üst oldu. Bu zəiflik təkcə daxildə yox, bölgədə İran rejiminin mövqelərinə ciddi təsir edəcək. Lakin ABŞ-İsrail cəbhəsinin İran rejimini tam təslimə məcbur edə bilmədiyi də ortadadır: nüvə potensialını tam məhv etdikləri hələ də mübahisəlidir; rejimi dəyişdirmək (cari məqsədin bu olmadığı, yaxud qısa müddətdə bunun mümkünsüz olduğu məlumdur) iddiaları reallaşmadı;

ABŞ-ın da qısamüddətli olsa belə qoşulduğu müharibədə təslim olmayan İran rejiminin dayanacağını demək çətindir, əksinə, bundan geniş təbliğatda istifadə edəcəyi, xüsusilə “müqavimət oxu” adlandırdığı coğrafiyada mövqelərini bərpa etməyə çalışacağı istisna edilməməlidir".

Beləliklə, İran ətrafında hadisələr sürətlə dəyişməkdədir. “Reuters” beş mənbəyə istinadən xəbər verir ki, İranın ali dini lideri Əli Xamneyi tərəfindən iki il əvvəl onun varisini təyin etmək üçün təyin edilmiş üç nəfərdən ibarət komitə son günlər öz işini sürətləndirib.

Hazırda müzakirə olunan iki əsas namizəd Xamneyinin 56 yaşlı oğlu Müctəba Xamneyi və İslam İnqilabının banisinin nəvəsi Həsən Xomeynidir.

Siyasi və sosial məhdudiyyətlərin yumşaldılmasını müdafiə edən islahatçı qanadla yaxından əlaqəli olan Xomeyni keçmişinə görə yüksək səviyyəli din xadimləri və SEPAH tərəfindən hörmətlə qarşılanır.

Müctəba Xamneyi isə əksinə, atasının müxalifəti sıxışdırmaq və İranın düşmənlərinə qarşı sərt mövqe nümayiş etdirməklə bağlı sərt xəttini izləyib. "Bununla belə, mənbələr bildiriblər ki, hələlik heç bir qərar verilməyib: namizədlər dəyişə bilər və son söz hələ də hazırkı liderin olacaq", - "Reuters" qeyd edib.

Bundan əvvəl “New York Times” xəbər vermişdi ki, Ayətullah Xamneyi də mümkün varislər kimi üç namizəd seçib, baxmayaraq ki, onların arasında oğlu Müctəba  yoxdur...

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR