İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın Moskvadan gözləntisi

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ali dini lideri Əli Xamaneinin məktubunu Rusiya prezidenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya gedib.

Məktubun mətni açıqlanmasa da, aydındır ki, Xamanei Putindən İrana dəstəyin artırılmasını istəyib. Tehranın Moskvadan bir neçə gözləntisi var. Birincisi, Tehran Rusiyanın beynəlxalq təşkilatlarda ABŞ və İsrailə qarşı təzyiqin artıracağına ümid edir. İkincisi, Tehran yanvarda iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq çərçivəsində Rusiyanın İrana hərbi dəstəyini artırmasını istəyir.

Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Onun sözlərinə görə, Tehranın Rusiyadan olan gözləntilərinin reallaşması problematikdir:

“Əlbəttə, Rusiya Çinlə birlikdə BMT-də ABŞ və İsrailin İrana qarşı hücumlarını dayandırmaq üçün müxtəlif təşəbbüslər irəli sürəcək. Ancaq Kreml bundan artığını İran üçün etməyəcək. BMT-nin İrana qarşı hərbi əməliyyatı qınayan mümkün qətnamələri İsraili və ABŞ-ı dayandıran deyil. Rusiya ABŞ və İsraillə savaşmaq üçün İrana raketlər və digər hərbi texnika verməyəcək. Çünki birincisi, ABŞ və İsrail həmin texnikanı İrana çatdırılma yolunda vuracaq.

Digər tərəfdən, Vladimir Putin amerikalı həmkarı Donald Trampla Ukrayna mövzusunda dialoq içindədir. Putin Trampın mövqeyindən məmnundur. Ona görə də Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq”.

Hörmüz boğazının bağlanma ehtimalını şərh edən politoloq qeyd edib ki, Tehran boğazı bağlayarsa, bundan ilk növbədə İran zərər görəcək:

“Çünki İran iqtisadiyyatı enerji daşıyıcılarının satşı üzərində qurulub, bu ölkə neftinin əksər hissəsini məhz Hörmüz boğazı üzərindən müxtəlif ölkələrə satır. İran Hörmüz boğazını qapadarsa, gülləni öz ayağına vuracaq. İran neftinin əsas alıcısı olan Çin də Hörmüz boğazının qapadılmasının əleyhinədir.

Təsadüfi deyil ki, Çin və İran xarici işlər nazirləri Van İ və Abbas Əraqçi telefon danışığında Hörmüz boğazıyla bağlı mövzunu müzakirə ediblər. Hörmüz boğazının Çin üçün həyati əhəmiyyətli olduğunu Vaşinqton da anlayır. ABŞ dövlət katibi Marko Rubio Pekinə müraciət edərək Hörmüz boğazıyla bağlı Çinin İrana təsir etməsini istəyib. Pekin Hörmüz boğazının bağlanması ehtimalını hesablamaq məcburiyyətindədir. Bu halda Çin İran və Körfəz ölkələrinin neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində qalacaq. Bunu isə qısa müddətdə reallaşdırmaq asan olmayacaq.

Vaşinqton Hörmüz boğazının bağlanmasının böyük qarşıdurmaya səbəb olacağıyla bağlı Tehrana birbaşa mesaj da göndərib. Avropa İttifaqından da oxşar açıqlama yayımlanıb. Hörmüz boğazının bağlanması bir çox dövlətin maraqlarına toxunacaq. Bu isə İrana qarşı ABŞ-İsrail ittifaqına başqa dövlətlərin qoşulmasına şərait yaradacaq”.

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR