Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp xarici liderlərlə rəsmi kanallar əvəzinə şəxsi mobil telefonu vasitəsilə birbaşa əlaqə qurmağa üstünlük verir.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Saytın yazdığına görə, Tramp hələ ilk prezidentlik dövründə bir sıra dünya liderlərinə öz mobil nömrəsini təqdim edərək onlardan ənənəvi diplomatik protokollardan imtina edib birbaşa zəng etmələrini xahiş edib. Hazırda isə bəzi liderlər Donald Trampın xoş münasibətini qorumaq üçün ona mütəmadi olaraq zəng edir və mesaj yazırlar.
Məlumata görə, bu zənglərin bəziləri qlobal əhəmiyyətli məsələləri əhatə etsə də, digərləri tamamilə qeyri-rəsmi və şəxsi xarakter daşıyır.
Trampın şəxsi əlaqə saxladığı liderlər arasında Fransa prezidenti Emmanuel Makron, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Britaniyanın baş naziri Kir Starmer də var.
Mənbənin bildirdiyinə görə, Tramp və Makron arasındakı söhbətlərdən biri "dostyana və bir qədər qəribə" səciyyə daşıyıb. Onlar bir-birinə öz adlarını uzadaraq müraciət ediblər:
"Bu, qəribə dərəcədə əyləncəli idi - Tramp deyirdi: "Emmanueeel!", Makron cavab verirdi: "Dooonald!""
Məlumata əsasən, Donald Trampın bu qeyri-adi diplomatik üslubu onun fərqli yanaşmasının nümunəsidir və dünya liderləri ilə münasibətlərində rəsmi kanallardan çox şəxsi təəssüratlara önəm verdiyini göstərir.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ