İnsanlara hürriyət, millətlərə istiqlal!

Münhauzen metodu

Artıq pis ənənə şəklini alıb, hətta media aləmində bir növ şablon cümlə ilə ifadə edilir: “Qışda qazdan, yayda sudan boğuluruq”. Bəzən də belə deyirlər: “Suda batma fəsli başlandı”. 25 iyul beynəlxalq təqvimdə Suda boğulmaların qarşısını alma Günü kimi qeyd edilirmiş. Həmin gün də Sabirabadda 1 nəfər kanalda batdı.

Ümumiyyətlə, hər gün bir-iki nəfərin batmağı haqda xəbərlər gəlir. Dənizdə, göllərdə, çay, kanal və su anbarlarında. Arada Bakıda da keçid və kanalizasiyada boğuluruq, lakin bu sanki bir az başqa kateqoriyadır. Bəs gündəlik xəbərlər əsasında hansısa rəy yarana bilərmi? Təəssüf ki, yox. Bizdə suda batanların dünya miqyasında, başqa dövlətlərə nisbətən çox və ya az olmasını qiymətləndirməyə əlimizdə hər hansı informasiya bazası olmalıdır, lakin yoxdur - Dövlət Statistika Komitəsi belə xüsusi hesabat aparmır. İş ancaq subyektiv dəyərləndirməyə qalıb. Məsələn, kimsə yazmışdı ki, bizim uşaqlar üzməyi öyrənmir, lakin Rusiyada uşaqların hamısı üzə bilir. Guya orada valideynlər buna diqqətlə yanaşırmış.

Statistika belə demir. 2024-cü ildə Rusiyada 3600 nəfər suda batıb, onlardan 383-ü uşaqdır. O cümlədən orada məktəblilərin 60 faizdən çoxu üzməyi bacarmır. Bizdə mətbuatda-filanda çıxan xəbərlər əsasında sayanda ildə 60-70 boğulan olur. Bunu da əhali nisbətinə götürəndə bizdə vəziyyət hətta Rusiyadan yaxşıdır. Bəs bizim şagirdlər arasında üzməyi bacaranlar nə qədərdir? Təəssüf ki, hökumətimiz bu cür lazımlı, həyati statistikanı da aparmağı lazım bilmir.

Dünyada üzməyi bacaranların ən çox olduğu ölkələr İsveç, Norveç, Finlandiya, Niderlanddır. Bu ölkələrdə 97 faiz əhali üzə bilir. O cümlədən ABŞ və Avropada, Avstraliyada üzmə bacarığı faizi dünyanın başqa yerlərinə nisbətən çox yüksəkdir. Əlbəttə, burada əhalinin rifah halı əsas rol oynayır. Kimin dövləti varlıdırsa, onlar üzə bilir. Kasıblar isə batır - bütün mənalarda. Dünya Səhiyyə Təşkilatının informasiyasına görə hər il planetimizdə 300 min adam boğulur, bunun 92 faizi kasıb ölkələrin “payına düşür”.

Ancaq bu işi bizdə həll etmək də olar axı. Azı iki dəfə yazmışam, üçüncü dəfə də yazıram: bizim məktəblərdə üzgüçülük dərsləri keçmək lazımdır. Nəğmə, əmək təlimi, həyat bilgisi, nə bilim, lap elə riyaziyyat dərsi suda batanda adamı xilas eləmir.

Yenə dünyadan örnəklər çəkim, boş laqqırtı olmasın. Çexiya və Slovakiyada üzgüçülük 1-ci sinifdən tədris edilir. Artıq 3-cü sinifdə hər bir balaca ən azı 1 üzmə üsulunu mənimsəməlidir.

ABŞ-da üzgüçülük dərslərinə məktəbdə 36 saat ayrılır, həftədə 2 dəfə üzmə dərsi keçilir. Bütün ibtidai siniflər üzməyi bacarmalıdır. Özü də iki üsulla - sinə üstə və kürəyi üstə üzmə. Norveçdə məktəbin idman dərsinin yarısı üzgüçülüyə ayrılır.

Fransa, Vyetnam, Avstraliya, Britaniya və sairə - dünyada üzgüçülüyü məktəbdə öyrədən dövlətlər çoxdur.

Azərbaycanda bu işi tətbiq eləmək ilk baxışdan çətin görünür. Ən başlıcası, hovuz problemi var. Hər yerdə hovuz yoxdur. Ancaq yeni tikilən məktəblərdə bunu vacib element kimi qoymaq olmazmı?

Məktəbliləri həftədə 1-2 dəfə yaxınlıqdakı hovuza aparıb üzmə dərsi keçmək mümkündür. “Yaxın” yazarkən, rəsmi hesabatlara görə hər rayonda zırpı olimpiya komplekslərimizin olmasını nəzərdə tuturam.

Bunun üçün vəsait tapılar - məmurların bəzisinin villasındakı hovuz xərclərini dövlət büdcəsinə, təhsil qrafasına yönəltmək şərtilə. Hətta bunsuz da üzgüçülük dərsinə pul tapmaq mümkündür. Onsuz orta məktəbdə idman dərsləri yalandan, saxta keçilir, o dərs saatlarının haradasa yarısı üzgüçülüyə, bunun instruktorlarına, təlimçilərinə ayrılsa, xirtdəyəcən bəsimizdir. 

Üzgüçülük olimpiya idman növü olaraq da ciddi potensial daşıyır. Məsələn, ABŞ-ın hər olimpiadada topladığı medalların çoxu üzgüçülük növləri üzrə olur. (2024 Paris olimpiadasında 28 medalı üzgüçülükdən qazanıblar, 8 qızıl, 13 gümüş olmaqla). Hökumətimiz həqiqətən idmana diqqətlə yanaşırsa, heç olmazsa bu baxımdan məktəblərdə üzgüçülüyü təbliğ və tədris eləsin. Yoxsa adətən üzmə yarışlarında axırıncı yeri tuturuq, bəzən idmançımızı xilasedicilər sudan çıxarır.

P.S. Bəlkə maraqlı olar, bu faktı da axırda yazım: 1988-89-cu ildə Vəzirov öz iqamətgahındakı hovuzu məktəblilərin ixtiyarına vermişdi. Əlbəttə, o, sarsağın biri idi. 

P.P.S. Münhauzen bataqlıqda batarkən özünü saçından dartıb çıxarmışdı. Bu üsulu da tətbiq edə bilərik. Əlac buna qalıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR