Onlayn ictimai-siyasi qəzet
Küçədə corab satan aktyorumuzun əhvalatını hamımız ürək ağrısı ilə izləmişdik. Axı ölkədə sənətkarlara böyük diqqət vardır. Onlar pensiya, fəxri ad, medal, maşın, ev, putyovka, sponsor, həci, məşədi, plastik cərrah, gözdartan, piyəridən, qarınyığan, repetitor, köşə yazarı, rəis və sairə lazımi ünsürlərlə vaxtaşırı təmin edilirlər.
Haçan efiri açsan, orada divandakı oturacaq başına (bəlkə də, üzr istəyirəm, arxasına) düşən ekspert sayında üstünlüyü əməkdar və xalq artistləri təşkil edir. Bizdəki xalq artisti sayı Yaponiyada maşın istehsalından çoxdur. AYB üzvlərinin sayı ABŞ-ın ümumi daxili məhsulunu milyon dəfə ötüb keçmişdir. Məsələn, Anar müəllim hər il qəlyanında 10 ton tütün yandırmaqla dövlət planını artıqlaması ilə doldurur. Lakin mövzudan uzaqlaşmayaq, mövzumuz bu deyildir. Oxucuları da çaşdırmaq olmaz. Necə deyərlər, tələsmə, Zaur.
Bəli, artistin corab satmağı diqqət çəkdi, əslində prosesin videoicmalını izləyərkən onun uğurlu satıcı olmasını mütləq qeyd etməyə borcluyam. Bir nəfərə 2 corabı 10 manata satmışdı, özü də əvvəl etiraf etdi ki, mayası 2 manatdır. Deməli, təmiz 6 manat gəlir əldə olunmuşdu. Heç "Azdrama"da pafosla qışqıran artistlərin qazancı bu qədər olmur.
O cümlədən hörmətli artistimiz corabsatan rolunu istedadla oynayaraq özünə diqqət cəlb etməyi bacarmışdı. Niyə bizdə corab istehsalı yoxdur? Nə üçün pambıq əkinlərinin sahəsi ildən-ilə azalır? İpəkqurdu tədarükü də həmçinin, artıq dəbdən düşmək üzrədir. Yəni aktyor iqtisadi potensialımıza təkan verərək regional inkişaf proqramlarını cari ildə... Nəsə, burada dayanıram, qalanını özünüz fikirləşin.
Həmin günlərdə bizi sevindirən anonslar verildi. Nazir aktyora zəng vurub, onu teatrda işə düzəldiblər, bəlkə corab fabriki açacaq və sairə... Hamımız xəbərin gözəlliyindən ağlaşdıq, bir neçə oxucu başına corab keçirtdi. Lakin indi ortaya başqa mənzərə çıxıb. Aktyor növbəti müsahibəsini verib, deyir məni heç kim işə düzəltməyib, yay tətilidir, bəlkə payızda teatra qatarlar, hesabıma pul köçürülmədi və sairə. Hətta deyir indi mən nə edim, təzədən corab satım?
Qəribədir ki, eyni vaxtda Bakıdakı hoteldə xarici turistin başına corab hörülməsi xəbərini aldıq. Orada bir-iki qısmat kartof-çörək yeyən, mineral su içən adama 1300 manata yaxın hesab nallamışlar (mümkün qədər mədəni yazdım, çünki 5 butulka mineral suya 100 manat almaq nəsə başqa intim münasibətlərin göstəricisidir).
Bu vəziyyətdə turizm, hotelçilik, restoran, xidmət, qeyri-neft sektoru inkişaf edərmi? Etməz.
İnsafən, adını çəkmək istəmədiyim həmin hotellər zənciri bütün dünyada belə anormal qiymətləri ilə tanınır. Necə deyərlər, kim harın kapitalistə xeyir vermək istəyir, buyursun. Dünyanın hər yerində “qazları” məmnuniyyətlə soyurlar. Lakin müqayisə üçün eyni şəbəkənin dünyanın ən baha şəhərlərindən olan Tokiodakı hotelində restoranın menyusuna baxdım. Çin restoranında 11 min yen (bizim pulla 126 manat) ödəməklə “nə qədər istəsən ye” menyusu sifariş etmək mümkün idi. Bakıdakından 10 dəfə ucuz.
Üstəlik, 4 porsiya kartof qızartmasına 48 manat almaq hətta Gədəbəydə də insanda qəzəb oyadar, nəinki Tokio və ya Bakıda.
Yaxud 6 balaca çörəkarası ət parçasına (lap adı “burger” olsun) 252 manat qiymət qoymaq müştərinin bir yerindən tutub burmaq kimi əhvalatdır. Məqsəd yəqin səfəri turist üçün unudulmaz etməkdir. Bunlar corabı hörür, sənətkarlarımız da satır. Amma turist bu tamaşaya cəmi bir dəfə baxır. Bir daha belə yerə gəlməz. Hərçənd çox da lazım idi... Neftin canı sağ olsun. Turist yox idi, səhər açılmırdı?
Ümidvaram turistlər də artistlərə qoşulub hesabı ödəmək üçün corab satacaqlar.
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ