Onlayn ictimai-siyasi qəzet
Avqustun 1-də axşam saatlarında Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərinə endirdiyi növbəti dron hücumu nəticəsində 11 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, yaralananlar arasında azyaşlı uşaqlar da var: 9 və 10 yaşlı oğlan uşaqları, eləcə də 5 aylıq körpə zərər çəkib.
Bu barədə Xarkov Regional Hərbi-Mülki Administrasiyasının rəhbəri Oleq Sinegubov və şəhərin meri İqor Terexov məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu “Molniya” tipli pilotsuz uçan aparat vasitəsilə Xarkovun Kiyevski rayonunu hədəfə alıb.
İlkin məlumata görə, dron yaşayış binasının yaxınlığında yerləşən ağaca çırpılıb. Zərbənin gücündən ətrafdakı binaların pəncərə şüşələri sınıb. Hadisə yerinə dərhal təcili tibbi yardım cəlb olunub.
Əvvəlcə yaralılar arasında 25 və 35 yaşlı iki qadın müəyyən olunaraq xəstəxanaya yerləşdirilib. Lakin daha sonra yaralıların sayı artaraq 11-ə çatıb. Zərərçəkənlərin hamısı xəstəxanaya aparılıb və hazırda tibbi nəzarət altındadırlar.
Ukrayna rəsmiləri hadisəni dinc əhaliyə qarşı növbəti hərbi cinayət kimi qiymətləndiriblər. Hücumla bağlı araşdırma aparılır.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ