İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı İsmayılov: “Azərbaycan böyük bir yazıçısını itirdi”

“Çox kədərli bir gündür. Azərbaycan böyük, görkəmli bir yazıçısını, dramaturqunu, ictimai və dövlət xadimini – Elçin Əfəndiyevi itirdi”.

Musavat.com xəbər verir ki, bunu Xalq artisti Hacı İsmayılov deyib.

O bildirib ki, yazıçının Azərbaycan ədəbiyyatında xüsusi yeri olub:

“Hələ 60-cı illərdə ədəbiyyata gələn istedadlı gənc yazıçılardan biri idi və ədəbiyyata yeni üslub, yeni ifadə tərzi gətirdi. Hər kəs yaxşı bilir ki, o, görkəmli dramaturqumuz İlyas Əfəndiyevin oğludur. İlyas Əfəndiyev teatrı çox sevirdi, əsərləri səhnələrdə tez-tez tamaşaya qoyulurdu. Onun vəfatından sonra Azərbaycan dramaturgiyasında böyük bir boşluq yarandı. Bu boşluğu doldurmaq üçün Elçin müəllim “Ah, Paris, Paris!”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir” kimi əsərlər yazdı. O dövrdə Azərbaycan teatrında bir canlanma hiss olundu”.

Aktyor qeyd edib ki, Elçin Əfəndiyev təkcə öz tamaşalarına deyil, digər müəlliflərin tamaşalarına da tez-tez gələrdi:

“Teatra həmişə Günay xanımla birgə gəlir, bu gəlişləri teatr kollektivində məsuliyyət və həvəs hissi yaradırdı. Hamı bilirdi ki, vaxtilə İlyas Əfəndiyevin əyləşdiyi lojada indi Elçin Əfəndiyev tamaşalara baxır. O, təkcə Azərbaycanda deyil, həm də xaricdə tanınan bir sənətkar idi. Əsərləri bir çox dillərə tərcümə olunmuşdu.

Mən hesab edirəm ki, Elçin Əfəndiyevin dövlət və xalq qarşısında gördüyü böyük xidmətlər həmişə Azərbaycan xalqının yaddaşında qalacaq”.

Şahanə Rəhimli
Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR