İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp o “açarı” niyə Əliyevə verdi – İlginc SƏBƏB

Ağ Evdə üçlü formatda baş tutan dünənki tarixi görüş və imzalanan Birgə Bəyannamə haqda hələ çox deyiləcək, çox yazılacaq. Şübhəsiz ki, mühüm səbəblərdən biri sənəddə dünyanın 1 nömrəli dövlətinin prezidenti, həm də güclü prezidenti Donald Trampın imzasının durmasıdır. Sözsüz ki, bu imza Birgə Bəyannaməyə xüsusi sanbal gətirir, onu ciddi zəmanət altına almaqla uzunömürlü edir.

Belə bir anlaşma Co Bayden dönəmində də mümkün idi. Təəssüf ki, ayrı yol seçildi. Əvvəlki hökumət bölgənin açar dövləti Azərbaycanı boşuna incitmək, şantaj eləmək, ona təzyiq göstərmək kimi yanlış və perspektivsiz bir yol tutdu. Nəticədə azı 4 illik zaman, bir də hər üç ölkənin – Azərbaycanın, ABŞ-ın və Ermənistanın köklü maraqları itirdi. Ancaq deyirlər, heç olmamaqdansa, gec olması daha yaxşıdır...

Ağ Evdə 8-9 avqust görüşləri və danışıqlarında bir detal məxsusi diqqət çəkir. Bu da Əliyevlə Trampın sanki köhnə dostlar kimi səmimi və isti münasibətləridir. Halbuki Nikol Paşinyanla bağlı oxşar davranış müşahidə olunmadı.

Əlbəttə ki, boşuna və təsadüfi deyil, səbəblər var. İlham Əliyevin diplomatik bacarığı və səriştəsi, mükəmməl ingiliscəsi öz yerində, səbəblərdən birini Ağ Evdə iki liderləri arasındakı dialoqdan görmək olar.

TRAMM.jpeg (131 KB)

Tramp: “Sizin böyük xalqınız var. Biz şəxsən görüşməzdən əvvəl mənim haqqımda gözəl sözlər demisiniz. Hələ seçkilərdə qalib gəlməmişdən əvvəl”.

İlham Əliyev: “Bəli, siz qalib gəlməmişdən əvvəl. Bunlar mənim səmimi sözlərim idi. Prezident kimi ilk müddətinizdə gördüyünüz hər şeyə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində siz Asiyaya, Afrikaya və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. Bu, inanılmazdır”.

Dialoqun sonunda da isə Tramp deyir: “Sənə başqa bir hədiyyəm var. Bunlar Ağ Evin simvolik açarlarıdır. Mən onu nadir hallarda kiməsə verirəm”...

Bu, əslində yalnızca Azərbaycan Prezidentinin şəxsinə hörmətin yox, onun timsalında bütövlükdə Azərbaycan xalqına etimad və ehtiramın təzahürü sayılmalıdır. Ağ Ev başçısının jesti eyni zamanda, o anlama gəlir ki, Tramp dönəmində ABŞ-dan bizə pislik dəyməyəcək. Ən azından bunu o, əngəlləyəcək. Hər necə olmasa, Konqresdəki respublikaçı çoxluğun lideri də onun özüdür.

Bəli, siyasətdə səmimiyyət, səmimi münasibətlər mümkündür və lazımdır. Hər kəsin qabiliyyəti daxilində olmasa da...

İmzalanan tarixi sənədə və simvolik açara gəlincə, hər iki xalq və tərəflər üçün düşərli olsun. Şəkk-şübhəsiz, bundan sonra istər Amerikada olsun, istəsə də Avrasiyada, Azərbaycana qarşı məkrli planlar qurmaq istəyən çevrələr və ya ölkələr iki dəfə düşünməli olacaqlar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR