Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynaya maliyyə yardımı üçün yeni mexanizm hazırlayır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp komandası Avropa müttəfiqlərinə Çinin Rusiyadan aldığı neftə görə yüksək gömrük rüsumları tətbiq etməyi təklif edəcək və bu rüsumlardan toplanacaq vəsaiti “Ukrayna qələbə fondu” adlandırılan xüsusi fonda yönəltməyi planlaşdırır.
Tramp daha əvvəl də Çinlə bağlı bu cür çağırışlar səsləndirmişdi, lakin indi o, toplanacaq vəsaiti Ukraynaya hərbi yardım üçün istifadə etməyi planlaşdırır. ABŞ-ın maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib:
“Prezident Tramp Avropadakı müttəfiqlərimizə çatdırmaq üçün göstəriş verib ki, biz Çinə qarşı ‘Rusiya nefti rüsumu’ və ya ‘Ukrayna qələbəsi tarifi’ adlandırıla biləcək bir tədbiri dəstəkləyərdik. Amma bizim Avropa və Ukrayna tərəfdaşlarımız da bu addımı atmağa hazır olmalıdırlar. Əgər onlar bizə qoşulsalar, biz də cavab addımları atacağıq".
Yeni strategiyaya əsasən, Çindən idxal olunan mallara 500%-lik gömrük rüsumu tətbiq olunacaq, və bu yolla toplanan pullar Ukrayna Silahlı Qüvvələri üçün silah və sursat alınmasına sərf ediləcək.
Lakin The Telegraph yazır ki, Vaşinqtondakı diplomatik mənbələrin məlumatına görə, Avropa hökumətləri bu ideyanı ehtiyatla qarşılayıblar. Səbəb odur ki, bu addım Çinə qarşı dolayı iqtisadi sanksiya kimi qiymətləndirilə bilər. Tramp sentyabr ayında həm Çini, həm də Hindistanı Rusiyadan neft alışıdan çəkindirmək üçün 50–100% arasında rüsum təklifi ilə çıxış etmişdi. Lakin Avropa İttifaqının Çinlə çoxşaxəli iqtisadi əlaqələri var və Hindistanla azad ticarət zonası haqqında danışıqları başa çatmaq üzrədir. Bu səbəbdən Avropa liderləri Trampın təşəbbüsünü Moskva üzərində iqtisadi təzyiqin məsuliyyətini Avropanın üzərinə atmaq cəhdi kimi dəyərləndiriblər.
Hazırda Avropa İttifaqı Rusiyaya qarşı təzyiqi üçüncü ölkələrdə sanksiyaları pozmağa yardım edən təşkilat və şəxslərə qarşı hədəfli tədbirlər vasitəsilə davam etdirmək niyyətindədir.
Digər tərəfdən, Tramp administrasiyası Moskva ilə münasibətlərdə tonunu sərtləşdirir. Politoloq Aleksandr Baunovun fikrincə, Qəzza bölgəsində atəşkəsə nail olduqdan və HƏMAS tərəfindən saxlanılan israilli girovların azad edilməsinə vasitəçi olduqdan sonra, Vladimir Putinin sülh danışıqlarından imtinası Tramp üçün şəxsi çağırış kimi görünür.
Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələri də bu istiqamətdə daha kəskin bəyanatlar səsləndirirlər. ABŞ-ın müdafiə naziri Pit Hegset NATO üzrə həmkarlarına bildirib ki, əgər Moskva sülh danışıqlarına getməkdən imtina etməyə davam edərsə, Vaşinqton Kiyevi “yalnız Amerika edə biləcəyi şəkildə” dəstəkləməyə hazırdır.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ