Rusiya sülhün tam imzalanmasını istəmir - komitə sədrindən ilginc açıqlama
“Düşünürəm ki, bu məsələyə bir neçə prizmadan yanaşmaq lazımdır. Əsas məqam ondan ibarətdir ki, Moskva niyə Ermənistanla sülh sazişinin imzalanmasına belə yanaşır? Son vaxtlar Rusiya Ermənistan-Azərbaycan sülh sazişi prosesinə aktiv şəkildə daxil olub. Rusiya rəhbərliyinin sazişin imzalanması üçün məkan təklifi Moskvanı yenidən bu prosesəmüdaxilə etmək və öz nüfuzunu bərpa etmək üçün düşünülüb. Sülh sazişində Qərbin rolu, regionda Türkiyə - Azərbaycan münasibətinin möhkəmlənməsi Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna ciddi təsir edir. Ukrayna müharibəsindən sonra bu təsir özünü daha ciddi şəkildə göstərdi”.
Deputat, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a, Rusiyanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə müdaxilə imkanları ilə bağlı açıqlamasında bunları söylədi.
Komitə sədri hesab edir ki, artıq Moskva real proseslərlə deyil, diplomatik ritorika ilə idarəçiliyə üstünlük verir: “Son vaxtlar açıqlamaların əsasən, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova tərəfindən verilməsi bunun bariz nümunəsidir. Rəsmi Moskva sanki “Biz də varıq” prinsipindən çıxış edir. Paşinyan hakimiyyəti ciddi cəhdlə KTMT-dən uzaqlaşmağaçalışır və Qərblə yeni formatda təmaslar qurur. Rusiya sülh masasını Moskvaya daşımaqla İrəvanı bir qədər öz nüfuz dairəsinə qaytarmağa çalışır. Lakin Azərbaycan da öz balanslı siyasətini aparır. Həm Qərblə, həm də Türkiyə ilə regional tərəfdaşlıqda çoxsahəli əlaqələr qurur. Türk Dövlətləri Təşkilatları ilə də bu proseslər davam edir. Buna görə də Moskva çalışır ki, nəzarət etmək üçün bu və digər şəkildə hansısa bir məsələdən istifadə etsin. Bu nüanslar təbii ki, prosesi poza bilməz çünki ortada rəsmi Vaşinqton, avqust görüşü və ABŞ prezidentinin birmənalı şəkildə zəmanəti var. Ona görə də onlar hər hansı bir ciddi addım ata bilməzlər”.
A.Nağıyev bildirdi ki, rəsmi Bakı sazişin hansı paytaxda imzalanmasında çox orada hansı bəndlərin olmasına daha çox fikir verir: “Ermənistan, Moskva -Vaşinqton -Brüssel üçbucağında oyun balansı yaratmaq istəyir. Çalışır ki, hamıya yararlı olsun. Rusiya sülhün tam imzalanmasını təbii ki, istəmir. Çünki bu halda onun regionda vasitəçilik rolu bitəcək. Moskva Cənubi Qafqazda yeni reallıqları qəbul etmək istəmir. Yeni reallıqlara əsasən Azərbaycan qalib ölkə kimi çıxış edir və Ermənistan bu reallığı qəbul etmək məcburiyyətindədir. Eyni zamanda delimitasiya, demarkasiya və kommunikasiyaların açılması istiqamətində addımlar atılır. Mövcud şərtlər daxilində Rusiya yalnız müşahidəçi rolundadır. Bu səbəbdən də Moskvanın sülh sazişinə dair son bəyanatları faktiki olaraq strateji qayıdış cəhdidir. Bir daha qeyd edim ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir və bundan da hərtərəfli yararlanmağa çalışır”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ