İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan mühüm mesaj – ABŞ başqa ölkələrin “daxili işlərinə qarışmaq” kitabını bağlayır, amma necə?

Donald Trampın ABş-NİN indiyədək digər dövlətlərin daxili işlərinə müdaxiləsini tənqid etməsi yeni, qəfildən ortaya çıxan bir şey deyil. Tramp bunun anonsunu hələ ötən il, seçkiqabağı təbliğat kampaniyası zamanı kütlələr qarşısında etdiyi çıxışlarda vermişdi.

O, dünən Səudiyyə Ərəbistanında ABŞ-nin əvvəlki administrasiyalarını Yaxın Şərqdəki hərbi müdaxilələrə görə kəskin tənqid edib və onları "dövlət quruculuğu" adı altında ölkələri dağıtmaqda ittiham edib. Bu ölkələrin sırasında Əfqanıstan, İraq, Suriya və başqa ölkələr var.

Bu, bir gerçəkdir: ABŞ bu ölkələrə hərbi müdaxiələr edib, hərəsində uzun müddət hərbi kontingent saxlayıb, marionet hökumətlər formalaşdırıb, onları idarə, istismar edib, günahsız insanlara qaşı əməliyyatlar keçirib, onları vaxtaşırı həbslərə, çox tələfatlı bombardmanlara məruz qoyub.
Bu cür hərbi müdaxillərin keçmişi də var: Koreya, Vyetnam, Kamboca, Panama, Qranada, Yuqoslaviya və sair. Onların hamısından Pentaqon əsgəri keçib ya tankla, ya qırıcı təyyarə ilə.

pentaqon.jpg (55 KB)

Bundan başqa, ABŞ-nin başqa dövlətlərin daxili işlərinə qarışması halları təkcə hərbi müdaxilə ilə yekunlaşmayıb, Ağ Ev və Dövlət Departamenti dünyanın əksər ölkələrinə necə siyasət yeritmələri, hansı məsələdə necə mövqe tutmalarına dair tövsiyələr verib, təzyiqlər edib, hətta sözə baxmayan ölkələrin daxilində maliyyələşdirdiyi rəğbət qrupları vasitəsilə qarışıqlıq salmağa cəhd göstərib, özünə yaxın hərbi qüvvələrin əliylə dövlət çevrilişləri törədib.

İndi Tramp bunun yanlış olduğunu etiraf və bəyan edir. O, bildirir ki, ABŞ siyasətini yönəldənlər həmin ölkələrdə heç bir sabitlik yarada bilməyiblər, əvəzində trilyonlarla dollar xərcləyiblər.

Bəlkə də Trampı narahat edən əsas məsələ havaya sovrulan trilyonlarla dollardır, ancaq o, haqlıdır ki, demokratiyaya hazır olmayan ölkələrdə ABŞ silahnın gücü ilə qanuni, azad, dürüst və şəffaf seçkilər keçirmək, demokratik rejim qurmaq, dövlət idarəetməsi mexanizmləri yaratmaq susuz quyuya su tökərək, onu sulu etməyə cəhd göstərmək kimi bir şeydir. Fakt odur ki, bu dövlətlərin yerli əhalisi, ictimai-siyasi fəalları ilk fürsətdəcə ABŞ-nin bərqərar etdiyi mülayim rejimləri (hakimiyyətə gətirilmiş klanları) devirdilər, yerində daha amansız və qəddar, hüdudsuz hakimiyyətə can atan qrupların rejimini yaratdılar.

Bu məsələdə Rusiya ilə ABŞ-nin əsas fərqi odur ki, Moskva heç vaxt başqa ölkələrə “demokratiya” ixrac etmək istəmir, hətta demokratiya şüarları qaldıranlara qarşı olur, onların devrilməsinə çalışır, bütün siyasi qüvvələrdən daha güclü olan, amma avtoritar idarəetməyə üstünlük verənlərlə işləyir.

İndi Tramp da bu siyasəti yeritməyə meyllidir, çünki anlayır ki, gerçəklik bu cürdür və onu dəyişdirmək üçün illər, qərinələr lazımdır.

ABŞ lideri bildirir ki, ölkəsi daha bu siyasətdən istifadə etməyəcək, regional liderlərlə əməkdaşlığa, terrorizmlə mübarizəyə qarşılıqlı iqtisadi maraq yaradacaq layihələrə fokuslanacaq.

Tramp ABŞ administrasiyasının başqa dövlətlərin daxili işlərinə qarışmalı olmadığını deyərkən, məhz həmin dövlətlərə “demokratiya” ixrac etməyəcəyini, Dövlət Departamentinin o ölkələrin necə idarə olunması barədə hesabatlar hazırlamayacağını nəzərdə tutur. Trampa görə, başqa ölkələrdəki hakim klanlar, partiyalar öz dövlətlərini ekstessiz, hər hansı bir siyasi təlatüm olmadan uzun illər boyunca idarə etsələr, ölkə bir o qədər sabit və firavan olar.

181021104206-01-trump-mbs-file-768x403.jpg (55 KB)

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Oman kimi, kral ailələrini idarə etdiyi dövlətlər məhz Trampın məmnunluqla qarşıladığı dövlətlərdir.

Bununla belə, Trampın digər açıqlamalarından görünür ki, o, başqa dövlətlrin daxili işlərinə necəsə müdaxilə etmək kitabını tam bağlamaq fikrində deyil. Məsələn, o, Danimarkadan Qrenlandiyanı tələb edərkən, onun daxili işlərinə qarışmış olmurmu? Yaxud Kanadaya qarşı irəli sürdüyü “gəl, ABŞ-nin 51-ci ştatl ol” tələbi böyük bir ölkəni qarışdırmaq cəhdi deyilmi? Meksika rəhbərliyinə “imkan verin, sızın ölkədəki narkokartellələ ərazinizdə müharibə aparaq” təklifi verməyin başqa adı nədir? Panamadan “okeanlararası kanalı biz işlətməliyik” tələbi də o cümlədən, başqa dövlətin daxil işlərinə qarışmaq cəhdi kimi anlaşılmırmı?

Bu, baxımdan, Trampın “başqa dövlətlərin daxili işlərinə qarışmamaq” söhbətini hələ tam və dürüst şəkildə səciyyələndirmək mümkün deyil.

Ancaq ABŞ-nin əvvəlki administrasiyalarının dövründə başqa ölkələrdə külli miqdarda maliyyə vəsaiti hesabına 5-ci kolonlar formalaşdırmaq, onların vasitəsilə yerli hökumətlərə təsir etmək, təzyiq göstərmək, bu, müsbət nəticə vermədikdə, onları hakimiyyətdən uzaqlaşdırmaq üçün ölkələrdə vətəndaş qarşıdurması yaratmaq cəhdləri faktdır.

USAİD və ABŞ dövləti tərəfindən maliyyələşdirilən başqa “azad institutlar”ın xətti ilə “rəngli inqilablar” təşkil etmək siyasəti barədə çox yazılıb. Bu, bəzi ölkələrdə baş tutub, bəzilərində isə fiaskoya uğrayıb. Amma heç bir ölkədəki kütləvi hərəkatlar ABŞ-nin siyasi, maliyyə dəstəyi olmadan “rənglənməyib”. Vaxtilə Ukraynada və Gürcüstanda da belə olmuşdu. Bu ölkələrin başına gələn müsibətlərdə “demokratiya ixracı” və ya “rəngli inqilablar” siyasəti yeridən ABŞ-nin xüsusi məsuliyyət payı var. Elə Ermənistan da bu siyasətin badına gedərək, çox şey itirdi və yaxşı ki, belə oldu. Bu fitnəyə uymağı yalnız düşmənə arzulamaq olar.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR