Onlayn ictimai-siyasi qəzet
"Donald Tramp Suriyaya elan edilmiş sanksiya müharibəsini dayandırmağa ABŞ-nin regionda uzunmüdətli strateji qələbəsini təmin edən fürsət kimi baxır. Çünki hazırkı sanksiyalar ABŞ və Körfəz ölkələrindən dəstək istəyən Suriyanın yeni hökuməti üçün problemli idi".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Aqşin Kərimov deyib.
Politoloqun fikrincə, yeni qərar Trampa Körfəz ölkələrinin maliyyəsindən yararlanmağa, Vaşinqtonu balanslaşdırıcı qüvvə kimi öz rolunu nümayiş etdirməyə imkan verəcək:
"Bu, Vaşinqtonun Suriya siyasətini Avropa İttifaqı, Böyük Britaniya, Türkiyə, Səudiyyə Ərəbistan kimi regional ərəb güclərinin siyasəti ilə uyğunlaşdırması deməkdir. Ehtimalla ABŞ həm də Rusiyanın, Çinin, İranın Suriyanın strateji sektorlarına çıxışını bloklamak üçün Türkiyə, Səudiyyə Ərəbistanı və Suriya hökumətləri ilə sövdələşmələrə üstünlük verir. PKK-nın ləğvi konteksti Donald Trampın Suriyaya sərmayə qoyuluşlarını gücləndirmək çağırışı ilə mütənasibdir. ABŞ-nin belə müstəvidə Suriyada iştirakı Türkiyəyə qarşı kombinasiya qurmağa çalışan Rusiya, İsrail, İranın təsirini tarazlaşdırmağa yardım ola biləcək komponent kimi şərh oluna bilər. Lakin ABŞ-nin oyun kartı Türkiyə ilə əməkdaşlıqla bərabər, İsrailin elan etdiyi təhlükəsizlik çağırışlarına uyğundur".
Xalidə Gəray
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ