İnsanlara hürriyət, millətlərə istiqlal!

Turizm Agentliyində аpаrılan auditin nəticələri nə göstərib? 18,5 milyonluq iddiaya vəkilin şərhi

Hesablama Palatasının aktı prokurorluğa təhqiqata başlamaq üçün hüquqi əsas verir; vəkil: “Belə əməllər inzibati yox, cinayət məsuliyyəti yaradır”

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün İş Planına əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində (Agentlik) həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb. Audit  2021-2024-cü illəri əhatə edib.

“Unikal” xəbər verir ki, auditlə aşağıdakılar müəyyən olunub: Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib. Agentlik tərəfindən “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi” publik hüquqi şəxslərə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18500,0 min manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.

Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub. Bir müddət əvvəl agentlikdə həbslər aparılmışdı. Amma sədr vəzifəsində qalmışdı. Bu fakt isə onun gedişini şərtləndirə bilər.

Xatırladaq ki, Hesablama Palatası Dövlət Turizm Agentliyində 2021-2024-cü illəri əhatə edən audit aparıb və nəticədə 18,5 milyon manatlıq büdcə vəsaitinin məqsəddən kənar istifadəsi, artıq ödənişlər və illik qalıqların “gizlədilməsi” hallarını aşkarlayıb. Bu, sıradan texniki nöqsan deyil. Burada söhbət artıq maliyyə intizamının sistemli şəkildə pozulmasından gedir. Məsələni daha da ağırlaşdıran odur ki, bu agentlikdə bundan əvvəl də hüquq-mühafizə orqanlarının əməliyyatları və həbslər olub. O vaxt rəhbərlik toxunulmaz qalmışdı. İndi isə Hesablama Palatasının rəsmi aktı var və bu, artıq hüquqi məsuliyyəti qaçılmaz edən əsasdır.

CAVAD SON.jpg (36 KB)

Cavad Cavadov

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, bu hallar təkcə inzibati pozuntu deyil, Cinayət Məcəlləsinin konkret maddələrinin predmetidir: “Dövlət vəsaitinin məqsədsiz istifadəsi Cinayət Məcəlləsinin bir neçə maddəsi kontekstdə nəzərdən keçirilməlidir. Belə əməllər inzibati yox, cinayət məsuliyyəti yaradır. Ən əsası, burada vəzifə səlahiyyətlərinin aşılması və mənimsəmə əlamətləri var. Əgər auditin nəticələri rəsmi təsdiq olunubsa, artıq prokurorluğun hərəkətə keçməsi labüddür”.

O əlavə edib ki, belə hallarda məsələ təkcə vəsaitin geri qaytarılması ilə bitməməlidir: “Çünki söhbət büdcə intizamının pozulmasından yox, dövlət əmlakına zərər vurulmasından və şəxsi maraqlar naminə idarəetmədən sui-istifadədən gedir. Bu isə ciddi hüquqi nəticələr doğurur və vəzifədən uzaqlaşdırma, cinayət işinin başlanması üçün yetərli əsasdır”.

Vəkil bildirib ki, dövlət vəsaitinin tabelikdə olan qurumlara formal köçürülərək ilin sonuna vahid xəzinə qaydasından yayınması və faktiki xərclənməsi bu maddənin Cinayət Məcəlləsinin 179-cu maddəsinin - mənimsəmə və ya israf;

Dövlət vəzifəsinin şəxsi və ya üçüncü şəxslərin maraqları üçün istifadə edilməsi Cinayət Məcəlləsinin 308-ci maddəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə;

Normativ aktların tələblərinə zidd qərarların qəbul edilməsi, dövlət büdcəsinə zərər vurulması Cinayət Məcəlləsiin 309-cu maddəsi - vəzifə səlahiyyətlərini aşma;

Dövlət vəzifələrinin icrasında diqqətsizlik və məsuliyyətsizlik nəticəsində ciddi zərərin vurulması Cinayət Məcəlləsinin 314-cü maddəsi - səhlənkarlıq etmə predmetinə düşür.

Audit materiallarına görə, 18,5 milyon manat vəsait ilin sonunda tabelikdəki qurumlara köçürülərək vahid xəzinə qaydası ilə dövlət büdcəsinə geri qaytarılmalı qalıqların görünməz edilməsinə nail olunub. Bu, büdcə intizamı qaydalarının pozulmasıdır. Bu hərəkət həm maliyyə fırıldağı, həm də büdcə intizamından yayınma kimi qiymətləndirilir. Hesablama Palatasının aktı Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə görə “cinayət hadisəsi haqqında məlumat” statusu daşıyır. Bu halda Baş Prokurorluğun xüsusilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dərhal araşdırmaya başlamalıdır. CM-in 157.1-ci maddəsinə görə, vəzifəli şəxs barəsində cinayət işi başlandıqda müstəntiqlərin tələbi ilə vəzifədən kənarlaşdırılma təmin edilməlidir. Bu, sübutların saxtalaşdırılması və təzyiq ehtimalının qarşısını almaq üçün hüquqi zərurətdir. Auditin göstərdiyi kimi, smeta dəyəri olmayan işlərə və podratçılara artıq vəsaitin ödənilməsi halları da var. Bu, yalnız inzibati maliyyə pozuntusu deyil, Cinayət Məcəlləsinin 179.2.3 - mənimsəmə və 308.2 - ağır nəticəli sui-istifadə kimi ağırlaşdırıcı əlamətlərlə qiymətləndirilə bilər.

Hesablama Palatasının rəsmi aktı artıq prokurorluğa təhqiqata başlamaq üçün hüquqi əsasdır. Bu, sadəcə, intizam məsuliyyəti ilə bitə bilməz. Burada söhbət dövlət vəsaitinin gizlədilməsi, mənimsənilməsi və səlahiyyətlərin aşılması kimi ağır cinayətlərdən gedir. Bu səbəbdən cinayət işi başlanması və sədrin vəzifədən uzaqlaşdırılması hüquqi baxımdan qaçılmazdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR