İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dünyasının iki dayağı - Azərbaycan və Qazaxıstan Avrasiya güc balansını dəyişir

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə diplomatik hadisə kimi deyil, həm də Avrasiya məkanında Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından mühüm strateji məna daşıyır".

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

MİRZEBEY.jpeg (77 KB)

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev və Qazaxıstan lideri Kasım-Jomart Tokayevin Astanada baş tutan təkbətək görüşü və liderlərin iştirakı ilə keçirilən digər görüş və toplantılar, eləcə də "Orta Dəhlizin inkişafı" adlı birgə layihənin təqdimatı iki ölkənin siyasi, iqtisadi və geostrateji istiqamətlərdə sinxron fəaliyyət göstərdiklərini nümayiş etdirir:

"Keçirilən görüşlər zamanı və mətbuat üçün bəyanatlarında hər iki lider qarşılıqlı münasibətlərin strateji, müttəfiqlik səviyyəsində olduğunu vurğuladılar. Prezident Kasım-Jomart Tokayevin Azərbaycanı regionun aparıcı güclərindən biri kimi qiymətləndirməsi, Prezident İlham Əliyevin isə Qazaxıstanın sosial-iqtisadi islahatlarına verdiyi dəstək, Bakı və Astanın təkcə diplomatik deyil, eyni zamanda ideoloji və inkişaf fəlsəfəsi baxımından da yaxınlaşdıqlarını təsdiqləyir. Bu yaxınlaşma Türk dünyasının iki mühüm sütununu birləşdirən prosesin əsasını təşkil edir".

Elçin Mirzəbəyli vurğulayıb ki, hazırkı mərhələdə Azərbaycan-Qazaxıstan münasibətləri ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq geniş Avrasiya regionunun geosiyasi strukturunda mühüm rol oynamağa başlayıb:

"Bu, ilk növbədə, regionun iki əsas strateji zonası Cənubi Qafqaz və Türküstan (Mərkəzi Asiya) arasında nəqliyyat, enerji və təhlükəsizlik sahələrində yaranan qarşılıqlı faydalı əməkdaşlıq və asılılıqla bağlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Bakı və Astananın aktiv qarşılıqlı fəaliyyəti təkcə iqtisadi və siyasi baxımdan deyil, həm də geosiyasi mənada böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Qafqaz ilə Mərkəzi Asiyanın inteqrasiya proseslərini sürətləndirir, Avrasiya məkanında yeni güc balansının formalaşmasına töhfə verir və Türk Dövlətləri Təşkilatının gələcək strateji inkişafına real baza yaradır.

Zənnimcə, səfərin diqqət çəkən əsas məqamlarından birinin "Orta Dəhliz" - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin təqdimatı olduğunu vurğulamaq yerinə düşər. Bu layihə Çin və Orta Asiya ölkələrini Xəzər vasitəsilə Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas ticarət arteriyası kimi çıxış edir. Orta Dəhliz, bir tərəfdən, Avrasiya nəqliyyat xəritəsində strateji və təhlükəsiz alternativ yaradır, digər tərəfdən isə Azərbaycan və Qazaxıstanı Avropa-Asiya ticarət sisteminin mühüm tranzit mərkəzinə çevirir.

Proqnozlara görə, 2030-cu ilədək Çindən Azərbaycana daşımaların həcminin üç dəfə artması gözlənilir ki, bu da layihənin qlobal əhəmiyyətini artırır.

Əslində, bu təşəbbüs yalnız logistika infrastrukturu deyil, həm də Türk dövlətlərinin iqtisadi suverenliyinin və regional müstəqilliyinin reallaşması üçün strateji platforma rolunu oynayır".

Millət vəkili həmçinin bildirib ki, səfər çərçivəsində müzakirə edilən Zəngəzur dəhlizi layihəsi də Avrasiya nəqliyyat sisteminin mühüm həlqələrindən biri kimi ön plana çıxır:

"Prezident İlham Əliyevin açıqlamasına əsasən, Azərbaycanın ərazisində bu dəhlizin avtomobil və dəmir yolu seqmentlərinin 2026-cı ilin ortalarınadək tamamlanması planlaşdırılır və 2028-ci ilin sonunadək Zəngəzur dəhlizinin tam açılması mümkündür. Bu layihə reallaşdığı zaman Türk dünyasının qərb və şərq qanadları vahid logistik məkanda birləşəcək, Avrasiya məkanında yeni iqtisadi və siyasi inteqrasiya xətti formalaşacaq.

Zəngəzur dəhlizi həm də regionda sülh və əməkdaşlıq mühitinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırması və Qazaxıstan taxılının Ermənistana daşınmasına icazə verməsi, Cənubi Qafqazda post-münaqişə reallıqlarının praktik təzahürü kimi qiymətləndirilə bilər. Bu addım Azərbaycanın sülh gündəmini sözdə deyil, əməldə irəliyə doğru apoardığını göstərir.

Prezident İlham Əliyevin səfəri çərçivəsində enerji, nəqliyyat və logistika, rəqəmsallaşma və süni intellekt, səhiyyə, sənaye təhlükəsizliyi və mədəni-humanitar sahələri əhatə edən 15 sənədin imzalanması isə münasibətlərin çoxşaxəli və gələcəyə yönəlmiş xarakterini nümayiş etdirir.

Bu sənədlər iki əsas istiqamətdə əhəmiyyətlidir. Birincisi, Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri enerji resurslarından rəqəmsal texnologiyalara doğru genişlənir, ikincisi isə, tərəflər sənaye sabitliyi və strateji təhlükəsizlik baxımından qarşılıqlı müdafiə və koordinasiya mexanizmləri formalaşdırırlar".

Millət vəkili sonda xatırladıb ki, bu il Azərbaycan və Qazaxıstan arasında "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanmasının da 20 illiyi qeyd olunur:

"Dövlət başçılarının bu münasibətlə qəbul etdikləri Birgə Bəyanat iki ölkə münasibətlərində yeni mərhələnin – müttəfiqlikdən inteqrasiyaya keçidin başlanğıcını təsdiqləyir. Azərbaycan və Qazaxıstan bu gün təkcə Türk dünyasının əsas dayaqları deyil, həm də qlobal enerji təhlükəsizliyinin və Avrasiya nəqliyyat sisteminin mühüm təminatçıları kimi çıxış edirlər.

Beləliklə, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri regional miqyasda çoxölçülü proseslərin kəsişmə nöqtəsində dayanır. Bu səfər bir tərəfdən, Azərbaycan diplomatiyasının çoxvektorlu və rasional xarakterini nümayiş etdirir, digər tərəfdən isə Türk dünyasında iqtisadi, siyasi və mədəni inteqrasiyasa modelinin yeni istiqamətlərinin əsasını qoyur. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri bir daha təsdiqləyir ki, Bakı və Astana arasında münasibətlər artıq təkcə qardaşlıq və dostluq müstəvisində deyil, həm də ortaq geosiyasi vizyona və strateji hədəflərə söykənən uzunmüddətli ittifaq səviyyəsində inkişaf edir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR