Onlayn ictimai-siyasi qəzet
Rusiyada tüğyan edən nasizmdən yazanda bəziləri hesab edirlər ki, rəngləri tündləşdiririk.
Elə şey yoxdur. Heç kimi boyanı nə qatılaşdırmır, nə tündləşdirmir, onu necə var, elə təsvir edir.
Problem gerçəkliyin təqdimatında, baş verənlərin yozumunda deyil, gerçək problemin olmasındadır.
Son günlərdə RF-də baş verən iki olaya baxaq.
Bunlardan biri Kazanda əmək miqrantı olan və ən ağır işdə, inşaatda çalışan orta asiyalı fəhlələrin başına açılan oyundur.
Digəri Xantı-Mansı muxtar dairəsi parlamentinin deputat Xalid Tağızadənin dilə gətirdiyi adi sözlərə görə üzr istəməyə məcbur edilməsidir.
Birinci hadisənin mahiyyəti budur ki, qastarbayterlərə qarşı illərdən bəri davam edən reydlərdən daha biri baş verib: fəhlələri işlərindən ayırıb sıraya düzüblər, ikisini üzüqoylu yerə yıxıblar, qalanlarını avtobuslara doldurub polis bölməsinə aparıb, sənədlərini yoxlayıblar.
Son illərdə Rusiyada minlərlə belə reyd olub. Bu, artıq rutinə çevrilib. Poqonsuz və poqonlu rəislərə pul lazım olan kimi xüsusi təyinatlılı dəstələri əmək miqrantlarının iş, yaşayış yerinə göndərirlər, çarəsiz insanları avtobuslara yığıb polis bölmələrinə gətirirlər, orada hamsını A.-dan Z-yə “sağmal-subay” edir, qazandıqlarını əllərindən alır, buraxırlar. Pulu olmayanlar, yaxud xəsislik edib verməyənlər isə həm təhqirə, fiziki təzyiqə məruz qalırlar, həm də “qanunsuz miqrant” elan edilərək RF-dən çıxarılırlar.
İllərdir belədir. Miqrantlar hüquq-mühafizə orqanları zabitlərinin dolanışıq yeridir. Heç bir hüququ olmayan fəhlələr artıq kölə vəziyyətinə salınıblar. Onlar “qara millət”dir, işləməli, rus məmurları varlandırmalıdırlar. 1930-cu illərdə Almaniyada yəhudi olmaq nə idisə, hazırda Rusiyada asiyalı miqrant, hətta qaraşın olmaq odur. Bu gedişlə onları xüsusi gettolara, rezervuarlara da yığacaqlar. Bu, açıq-aşkar rasizm əlamətidir.
Xantı-Mansı parlamentinin deputatı olan həmvətənimiz Xalid Böyükağa oğlu Tağızadənin bir ifadəsinə bu qədər aqressiv reaksiya verilməsi isə rusimin təzahürüdür.
X.Tağızadə parlamentin iclasında çıxış edərkən bildirib ki, özbək miqrantların Xantı-Mansı dairəsinə axışması təbiidir, çünki bu yerləri “özbəklərin tarixi vətəni” hesab etmək olar.
Adam tarixi aspektdən çıxış edib və bu, Rusiyaya qarşı ərazi iddiası deyil. Deputat demək istəyir ki, özbəklər və digər türk xalqları vaxtiilə mövcud olan Sibir xanlıının təbəələri olublar və bu torpaqlarda “yadelli” sayılmazlar.
İndi burada nə var ki? Deputatı asıb-kəsənlər, söyənlər, mandatının ləğv edilməsini tələb edənlər tarixi gerçəkliyi niyə danırlar ki? Rusiyanın indiki ərazisi əsrlərcə monqol-tatar xanlarının qurduğu dövlətlərin ərazisi olmayıb. Qızıl Orda dövlətinin ərazisinin yarıdan çoxu hazırkı Rusiya ərazisinə düşür – Krıma qədər.
Tarixlə, etnoqrafiya ilə maraqlanan hər kəs bilir ki, dünya türklərini mətəsi Altay diyarı və onun ətrafıdır. Bunu hətta bir neçə il öncə prezident Putin də , gərək ki, Türkiyə rəhbərləri ilə görüşündə qeyd etdi.
Görünür, Xalid Tağızadə orta əsrlər tarixi ilə dərindən maraqlanıb, məhz ona görə çıxışında Küçüm xanın və Şeybanilər sülaləsinin adını çəkib.
Dünyanın yarısına ərazi iddiası irəli sürən, SSRİ-nin dağılması ilə barışmayan, Avropaya, Yaxın Şərqə əl və dil uzadan rusiyalı ictimai-siyasi xadimlər isə deputatın bu fikrində “rus dövlətçiliyi” üçün təhlükə görürlər.
Hanı bəs deputatlar öz fikirləri sərbəst ifadə etmək hüququna malik idlər, o məsələ necə oldu?
Bu cür davranışlar və ritorika göstərir ki, Rusiyada Stalin dövrünə qayıdış sürətlənib. Xarici ölkələrlə hər hansı bir əlaqəsi olanlar “xarici agent”dir, hökumətin siyasətini tənqid etmək “anti-Rusiyaçılıqdır” (SSRİ dövründə “antisovetizm” idi), sülhə çağırmaq “vətən xainliyi”dir, muxtar dairələrin tarixindən danışmaq “dövlətə qarşı çıxmaq”dır, Rusiyada miqrant olmaq “rus mədəniyyətini korlamaq”dır və sair və ilaxır.
Hələ bu günlərdə Rusiyanın baş keşişinin Rusiyada yaşayan, eləcə də yaxın ölkələrdən gələn müsəlmanlarla ailə qurmağın, hətta hər hansı bir əlaqədə olmağın “haramlığı” barədə, necə deyərlər, “fətva verib”, ocaq üstünə benzin çiləyib.
Bütün bunlar onu göstərir ki, 10-15 il əvvəl "qırxıqbaş" neo-nasistlrin simasında tzahür edən ris millətçiliyi artıq hüquq-mühafizə orqanları səviyyəsində davam etdirilir. Yaəni Rusiyanı idarə edənlərin federasiyanın keçmiş müstəmləkələrindən gələnlərə qarşı yeritdikləri siyasət məqsədyönlüdür və konkret hədəfləri var. Görünür, onların əlində dominant millətiin genefonduna və demoqrafik durumuna dair aparılmış elmi təhqiqatların xoşagəlməz nəticələri var və görürlər ki, doğum əmsalı aşağı düşən xalqın azman coğrafiyada hökmranlığı bir gün sona çatacaq.
Ukrayna müharibəsində qırğına verilənlərin milli tərkibinə baxanda da ortada xoşagəlməz təmayülü sezməmək mümkün deyil. Rusiyada məskunlaşmış azsaylı xalqlardan döyüşən orduya yüzminlərlə əsgər cəlb edildiyi halda Moskva və Sankt-Peterburqun gecə barlarında yüz minlərlə hərbi mükəlləfiyyətli rus gənc hər gecə əyləncədədir. Onlara “vətən sizi çağırır” deyən, çağırış vərəqəsi verən yoxdur.
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ