İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şahed”lərin sonu gəldi - Ukrayna dronlardan BELƏ QORUNACAQ

Ukraynanın hava hücumundan müdafiə qüvvələri dronlarla mübarizədə artıq daha az pulemyotlardan istifadə edir. Onları artıq onlarla dronu vurmağa müvəffəq olan müasir qurğular əvəz edir.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski brifinqdə bəyan edib.

“Biz “Şahed”lərlə mübarizə məsələsi üzərində işləyirik. Hazırda onların təxminən üçdə biri mobil atəş qrupları tərəfindən məhv edilir. Bu qruplar artıq demək olar ki, pulemyotdan istifadə etmirlər, fərqli silah növləri ilə işləyirlər. Biz artıq tutucu sistemlərdən istifadə etməyə başlamışıq”, - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna bu yeni silah növü üzərində uzun müddətdir işləyir və hazırda bu sistemlər dörd yerli şirkət tərəfindən istehsal olunur, onlardan ikisi xüsusilə uğurla fəaliyyət göstərir.

“Bu gün hücum zamanı onlarla dron məhz bu sistemlər vasitəsilə vuruldu”, - deyə prezident vurğulayıb.

O əlavə edib ki, Almaniya və Kanada ilə silahın kütləvi istehsalı üçün maliyyələşmə ilə bağlı razılaşmalar əldə olunub.

“Biz Almaniya kansleri Fridrix Merts ilə danışdıq. Layihənin maliyyələşdirilməsi ilə bağlı razılaşma var. G7 sammitində isə Kanada baş naziri Castin Trüdo ayırdığı vəsaiti 2 milyard dollardan 4 milyarda qədər artırdı. Bizə bir qədər vaxt lazımdır ki, kütləvi istehsalı tam şəkildə quraq”, - deyə Zelenski bildirib.

Bu il Ukraynada “Şahed” tipli kamikadze dronlardan istifadənin artımı qeydə alınıb. Ukrayna tərəfinin fikrincə, bu hücumların məqsədi hava hücumundan müdafiə sistemlərinə təzyiq göstərmək və mülki əhali arasında gərginlik yaratmaqdır.

Belə ki, iyunun 9-na keçən gecə Ukrayna tarixində rekord sayda hava hədəfi qeydə alınıb, 499 obyekt, onlardan 479-u zərərsizləşdirilib. Bu barədə Ukrayna hərbi komandanlığı məlumat yayıb.

İyunun 17-nə keçən gecə isə yeni genişmiqyaslı hücum qeydə alınıb. Ukrayna tərəfinin məlumatına görə, bu dəfə 440 dron və 32 raket istifadə edilib.

Ukrayna kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rusiyanın silah arsenalında minlərlə “Şahed-136” tipli və ona bənzər zərbə dronları var. Onların gün ərzində buraxa biləcəyi maksimum sayın 500-ə qədər olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR