Onlayn ictimai-siyasi qəzet
Bu gün, İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi keçiriləcək. Məhz bu həlledici anda Ukraynanın Rusiyaya intensiv hücumları baş verdi. İlk əvvəl dəmir yollarının partladılması ilə start verilən hücumları daha sonra strateji hava bazalarına nöqtə atışları izlədi. Məlumata görə, Murmansk, İrkutsk, Moskva ərazisində ən azı 5 hərbi aerodrom dron hücumlarına məruz qaldı. Nəticədə içərisində Tu-22M3 və Tu-95MS kimi strateji bombardmançılarının da olduğu 40-dan artıq təyyarəsi vuruldu. Bəs, bu intensiv hücumların məqsədi nə idi və niyə məhz danışıqlara bir neçə saat qalmış başladı?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz İstanbul danışıqları ilə bugünkü hücumlar arasında üzvi bir əlaqənin olduğuna inanır. Onun fikrincə, həm Rusiya, həm də Ukrayna İstanbul sammitinə “əlidolu” qatılmaq istəyir: “Məhz bu səbəbdən də hər iki tərəf qarşı tərəfdə dərin ruh düşkünlüyü yaradan həmlələrə əl atır”.
Siyasi şərhçi onu da istisna etmir ki, həm Kremldə, həm də Ukraynanın müttəfiqləri arasında müharibənin tezliklə bitməsini arzulamayan qüvvələr var: “Onlar bu tükəndirmə müharibəsinin son ana qədər davam etdirmək niyyətindədirlər. Elə bu səbəbdən də İstanbul sammitinin nəticəsiz başa çatmasını istəyirlər. Xüsusilə də Qərbi Avropa ölkələri. Uzun illər boy urus təhdidi altında yaşayan Avropa ölkələri Rusiyanın Ukrayna üzərində üstünlük qazanması ilə razılaşmırlar və razılaşmayacaqlar da. Çünki Ukraynanın Rusiya qarşısında məğlubiyyəti Moskvanı yenidən Berlinə qədər irəliləməyə təşviq edə bilər. Nəticədə Avropa yenidən ABŞ və Rusiya arasında qalar, öz müstəqil siyasətindən vaz keçməli olar. Avropa isə bu perspektivlə razılaşmaq istəmir. Odur ki, Ukraynanı sona qədər dəstəkləməyə və rus təhlükəsinin Qərbi Avropaya qədər uzanmasına imkan verməməyə çalışırlar.
Eyni zamanda Rusiya da əlinə fürsət düşmüşkən Ukrayna məsələsini tamamlamaq niyyətindədir. Bunun üçün də ilk növbədə hər an “küsüb” vasitəçilikdən geri çəkilməyə hazır olan Donald Trampı bezdirməkdən çəkinmir və Putin sanki onunla, yumşaq desək, “əylənir”. Putin üzərində böyük təsir gücü olduğuna inanılan Aleksadr Dugin ötən gün Türk mediasına verdiyi müsahibədə açıq şəkildə etiraf etmişdi ki, Rusiya prezidentinin danışıqları İstanbula salmaqda yeganə məqsədi Ukrayna rəsmilərinə 2022-ci ildə bu şəhərdə aparılan ilk danışıqları xatırlatmaqdır və bununun o mesajı vermək istəyir ki, siz nə qədər indiki şərtlərimizlə razılaşmasınız, növbəti danışıqlarda daha ağır tələblərimizlə qarşılaşacaqsınız. Bununla da İstanbul sammitinə sülh məramı ilə getmədiklərini bir növ etiraf edirdi. Bu vəziyyətdə heç bir tərəfin sülh danışıqlarına hazır olmadıqları məlum olur”.
Heydər Oğuz hesab edir ki, Ukraynanın Rusiya tərəfindən irəli sürülən sülh şərtləriylə razılaşmaması başadüşüləndir: “Çünki Rusiya faktiki olaraq onun qarşısında hətta danışıqlara başlamaq qarşılığında kapitulyasiya şərtləri qoyur. Ondan hətta işğal edə bilmədiyi əraziləri belə istəyir. Bundan əlavə, neytrallıq adı altında NATO və Avropa İttifaqına girməmək tələbi də var ki, bu da rəsmi Kiyevin suverenliyini şübhə altına almaq mənasına gəlir. Üstəlik, dövlət dilinin dəyişdirilməsi və ölkənin digər ərazilərində buffer zonanın yaradılması kimi alçaldıcı şərtlər də irəli sürür. Təbii ki, Ukraynanın yerinə kim olsa, bu ağır şərtlərlə razılaşmaz. Bu da azmış kimi, sülh danışıqlarının getdiyi müddətdə belə öz hücumlarını dayandırmır. Nəticədə Ukrayna sülh danışıqlarının onsuz da baş tutmayacağını anladığından danışıqlar başlamamışdan əvvəl özünün ən həlledici əməliyyatlarını keçirib Rusiyaya nəyə qadir olduğunu göstərir və gələcək ağır döyüşlər üçün öz mövqeyini möhkəmləndirir”.
Heydər Oğuzun fikrincə, Ukraynanın istər dəmir yollarına, istərsə də strateji hava bazalarına hücumları məhz bu məqsədə qulluq edir: “Rəsmi Kiyev bu hücumlarla həm Rusiyanı zəiflədir, həm də nəticə etibarilə öz mövqeyini gücləndirir. Xüsusilə Rusiyanın strateji hava qüvvələrinə bugünkü hücumlar onun döyüş gücünə bərpaolunmaz ağır zərərlər vurdu. Ukraynalı jurnalist Vitali Qlaqolanın iddiasına görə, bugünkü hücum nəticəsində Rusiya öz strateji hava potensialının 36%-ni itirdi. Belə ki, Belaya və Olenya aviabazalarında 79 ədəd Tu-22M3, 17 ədəd Tu-95MS, 7 ədəd Tu-160 və s. kimi strateji hücum təyyarələrinin yerləşdiyini bildirən Qlaqola bunlardan 41-nin sıradan çıxarıldığı iddia edir. Rusiyanın hərbi arsenalında cəmi 39 ədəd Tu-95MS təyyarəsi olduğunu və onlardan xeylisinin vurulduğunu nəzərə alsaq, Qlaqola ilə razılaşmamaq mümkün deyil. Xatırladaq ki, bu günə qədər Ukraynaya ağır raket zərbələri əsasən Olenya aviabazalarındakı Tu 95MS təyyarələri tərəfindən endirilirdi. Həmin təyyarələrin uçuşa yararlılarının vurulması ilə Rusiyanın bundan sonrakı hücumlarının xeyli azalacağı istisna edilmir. Üstəlik, Rusiyanın bu ay başladacağı güman olunan yay hücumlarında Ukraynanın əlində Almaniyanın verməyi planlaşdırdığı Taurus raketləri də olacaq. Bu isə o deməkdir ki, döyüş teatrının 500 km-liyində yerləşdirilən bütün rus texnikalarını Ukrayna rahatlıqla vura biləcək. Beləcə, yaxın zamanlarda vüsət alacağı gözlənilən müharibədə Ukrayna daha avantajlı vəziyyətə gələcək”.
Heydər Oğuzun fikrincə, Rusiyanın strateji hava bazalarının vurulması uzaq məsafəli döyüşlərdə avantaj qazanma cəhdidirsə, dəmir yollarının sıradan çıxarılması isə yaxın məsafəli döyüşlərdə üstünlük əldə etmək deməkdir: “Çünki piyada qüvvələri və hərbi texnikalar məhz bu dəmir yolu vasitəsi ilə Ukrayna sərhədlərinə gətirilirdi. Ukrayna Təhlükəsizlik Xidməti həm Kursk, həm də Bryansk vilayətində dəmir yollarına ağır zərbələr endirməklə bu ərazilərə operativ nəzarət imkanlarının olduğunu göstərdi. Fikrimcə, bu fakt Rusiyanı da dərindən narahat edəcək və Moskvanı ordu hissələrində təmizləmə aparmaq məcburiyyətində buraxacaq. Bunun özü də rus ordusuna vurulmuş ən böyük maddi-mənəvi zərbələrdəndir”.
Müharibənin növbəti və həlledici mərhələsində bu psixoloji üstünlüyü qazanmasının Ukrayna üçün çox böyük uğur olduğunu düşünən Heydər Oğuz bugünkü hücumları İsrailin Hizbullaha qarşı keçirdiyi “peycer əməliyyatı” ilə müqayisə etdi: “Məlumdur ki, peycer əməliyyatında İsrail təkcə Hizbullahın liderlərinə ciddi xəsarət yetirmədi. Həm də çox böyük psixoloji üstünlük qazandı, Hizbullah arasında bir-birinə qarşı etimadsızlıq mühiti yaratdı və onları faktiki olaraq rabitə imkanlarından məhrum etdi. Müasir ordularda rabitə bazasını düzgün qura bilməyənlər kor-koranə döyüş apardığını nəzərə alsaq, peycer əməliyyatından sonra Hizbullahın təsir gücünü niyə itirdiyini anlaya bilərik. Eyni şəkildə Ukrayna da Rusiyanın strateji hava gücünü ciddi ölçüdə sıradan çıxarmaqla faktiki onu ən böyük imkanlarından məhrum etdi. Yəqin ki, bundan sonra öz müttəfiqlərinin də köməkliyi ilə Rusiya üzərində böyük üstünlüklər qazanacaq. Təsadüfi deyil ki, bu hücumdan dərhal sonra Böyük Britaniyanın Müdafiə naziri Con Healey ölkəsinin Rusiya ilə müharibəyə hazır olduğunu və sabah yeni "Strateji Müdafiə İcmalı" adlı hərbi doktrinanın elan ediləcəyini bildirdi. O qeyd etdi ki, bu sənəddə Britaniya qvvələrinin Rusiyaya necə cavab verəcəyi və Britaniya xalqının necə müdafiə ediləcəyi ilə bağlı konsepsiya ortaya qoyulacaq. Ukraynanın ən yaxın dostu Böyük Britaniyanın öz hərbi strateji konsepsiyasını məhz İstanbul sammitinin keçirildiyi gün bəyan etməyə hazırlaşması, zənnimcə, təsadüfi deyil və Moskvaya verilmiş mesaj xarakteri daşıyır. Maraqlıdır ki, bu zamanadək Rusiyaya açıq dəstək verməyən ABŞ prezidenti Trampın da Ukraynanın məlum hücumlarına dolaylı dəstək verdiyi anlaşılır. ABŞ-ın məşhur "Axios" nəşrinin iddiasına görə, Ukrayna tərəfi Trampı Rusiyaya hücumlar barədə əvvəlcədən məlumatlandırıb. Və görünən budur ki, Tramp bu hücumun qarşısını almayıb və deməli ona xeyir-dua verib. Fikrimcə, bu faktın özü də Rusiya üçün ən pis xəbərlərdən biri olmalıdır. Çünki ABŞ və Böyük Britaniyanın xeyir-dua verdiyi, Almaniya və Fransa kimi hərbi sənaye devlərinin təchiz etdiyi Ukrayna Rusiyaya çox ciddi zərbələr vura bilər”.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ