İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün mühüm jest: Altı ay müddətində...

Moldova 2025-2026-cı il istilik mövsümü üçün Ukraynaya qaz tranziti tarifini yarıya endirmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, qərar Moldova Milli Enerji Tənzimləmə Agentliyinin veb saytında yerləşdirilib.

Agentlik bu yaxınlarda Yunanıstandan Mərkəzi və Şərqi Avropaya qaz nəql edən Trans-Balkan Qaz Boru Kəmərinin Moldova qolunun iş şəraiti ilə bağlı qərar qəbul edib. Təsdiq edilmiş dəyişikliklər qaz nəqli tarifinin altı aylıq müddət ərzində (noyabr 2025 - aprel 2026) 50 faiz azaldılmasını nəzərdə tutur. Bu, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın qaz ötürmə sistemi operatorlarının birgə təşəbbüsüdür. Rumıniya qaz ötürmə sistemi operatorunun da qaz nəqli tariflərində 50 faiz endirim tətbiq etdiyi bildirilir: "Təşəbbüs regional enerji təhlükəsizliyini gücləndirməyi və Ukraynaya təbii qaz tədarükünü təmin etməyi hədəfləyir. Bu qərarla Moldova Respublikası regional tranzit dəhlizi kimi rolunu gücləndirir, Yunanıstandan Ukraynaya təbii qazın nəqlini asanlaşdırır və marşrutların və təchizat mənbələrinin şaxələndirilməsini təşviq edir".

Qeyd edək ki, Trans-Balkan kəməri ilə Ukrayna Azərbaycandan da qaz almaq istəyir. Bu sahədə ilk pilot layihə bu ilin iyul-avqustunda icra edilib, Ukrayna kiçik həcmdə də olsa, Azərbaycan qazı alıb. Hazırda tərəflər qış mövsümündə yeni layihənin həyata keçirilməsi üzərində işləyirlər.

Oktyabr ayının əvvəlindən Rusiya Ukraynanın qaz infrastrukturuna aramsız zərbələr endirir. Xüsusilə oktyabrın 3-də endirilən zərbələr nəticəsində Ukrayna qaz hasilatı imkanlarının 60 faizindən məhrum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR