İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynanın dron zərbələri Rusiyanın içindəki çatları üzə çıxarır” – Siyasi təhlilçidən mühüm təhlil

“Ukraynanın Rusiyanın İrkutsk, Murmansk, Ryazan və İvanovo vilayətlərindəki aviabazalara endirdiyi dron zərbələri taktiki xarakter daşıyır və Kreml daxilində mövcud olan institusional boşluqları üzə çıxarır”.

Bu barədə Musavat.com-a siyasi təhlilçi Aqşin Kərimov bildirib.

O deyib ki, Ukrayna Rusiyanın strateji bombardmançı təyyarələrini vurmaqla müharibədə əməliyyat sürprizləri hazırladığını elan edir. Hərçənd ki, bu texnologiyanın Ukraynanı hara qədər aparacağı bəlli deyil:

“Üstəlik bu, Kiyevin Rusiyanın uzunmüddətli müharibə səylərinə qarşı potensialı barədəki suallara da tam aydın cavablar vermir. Ehtimal ki, hadisələr Rusiyanın Ukraynaya qarşı raketlərlə zərbələr endirmək imkanlarını müvəqqəti olaraq məhdudlaşdıracaq. Bu məqamda, Rusiyanın Ukraynaya qarşı hücum kampaniyasının motiv və xarakterində dəyişiklik baş verə bilər.

Lakin Rusiyada taktiki nüvə silahından istifadə etməyə çağırışlar olsa da, Kreml bunu arqumentləşdirməkdən yayınacaq. Çünki Rusiya indi üçün nüvə silahlarını Qərb liderlərini qorxutmaq üçün ritorik vasitə kimi dövriyyədə saxlayır. Taktiki nüvə silahlarından istifadə o zaman mümkün olacaq ki, Rusiya hadisələri öz ərazilərinə ekzistensial təhlükə kimi tövsif etsin. Lakin bu, Kreml üçün hazırkı situasiyada uyğun sayılmır. Ona görə də Moskva Ukraynaya hazırkı əməliyyat xəttləri üzrə daha sərt cavab verməyi üstün sayacaq”.

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  | news365.az

Analitik əlavə edib ki, ümumiyyətlə Ukrayna Rusiyanın dərinliklərində kəşfiyyat əməliyyatlarını aşkar hərbi əməliyyat olaraq nəticələndirməkdə sürprizlər göstərə bilir: “Ancaq bu, Rusiyanın Ukraynadakı ərazi genişlənməsinə əsaslanan kampaniyasına böyük ölçüdə təsir göstərə bilmir.

Bununla belə, Ukraynanın Rusiyanın arxa cəbhə sektorlarındakı əməliyyatları Rusiyanın təhlükəsizlik, kəşfiyyat sahəsindəki boşluqları vurğulamağa əsas verir. Bu mənada dronların Rusiya ərazisindəki gizli hərəkət marşrutu böyük suallar doğurur. Rusiyada Prezidenti Vladimir Putinə Kremldaxili müqavimət oxu yaratmaq istəyən elitanın proseslərdə rolu varmı? Putinin hakimiyyətdaxili təsirlərini cilovlamaq üçün həmin qüvvələr Ukrayna ilə əməkdaşlıq edirmi? Putin həmin cəbhəni Ukraynadakı hərbi kampaniyaya haqq qazandırmaq üçün hansı metodlarla cəzalandıra bilər?  Rusiyaya bu zamana qədər misli görünməmiş hücum Çin Rusiyaya silah tədarük etdiyi ilə bağlı hesabatların yayımlanmasından sonraya təsadüf etdi. Ehtimalla ABŞ prosesləri Ukraynanın xeyrinə dəyişdirməyi hədəfləyərək iki məqsəd güdür. Burada ABŞ Çinə qarşı Ukrayna cəbhəsindən “müdriklik” göstərir. Yəqin ki, Vaşinqton Çinin Ukrayna müharibəsində mümkün hərbi komponentli iştirakının geosiyasi məqamlarını araşdırır. Rusiyanın hərbi kampaniyasının genişlənməsinin qarşısını almaq və mövcud şərtlər daxilində status-kvo yaratmaq istəyir Hərçənd Ağ Evdən bildirilir ki, Kiyev əməliyyat barədə əvvəlcədən Vaşinqtona məlumat verməyib. Ancaq aydındır ki, Donald Tramp administrasiyası hadisələri öz məqsədinə üçün ağıllı bir yol kimi dəyərləndirir. Bu fikir İstanbul danışıqlarının ikinci raunduna hazırlıq fonunda qiymətləndirilə bilər. Bundan başqa müharibədəki yeni hərəkətlənmələr Türkiyənin artan sülh formullarına hansı gücün cavab verdiyini aydınlaşdırmağı da tələb edir. Rusiya və Ukrayna İstanbul danışıqlarının növbəti raunduna dərinləşmiş maksimalist şərtlər prizmasından yanaşır. Lakin hadisələr elə cərəyan edə bilər ki tərəflərdən biri İstanbul danışıqlarının növbəti raundunda iştirakdan imtina etsin”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR