Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasındakı danışıqların ən müxtəlif formatlarında ABŞ dəfələrlə yer alıbdır. Məsələn, 90-cı illərdə ABŞ-da, Ki-Uestdə aparılan danışıqlar hələ də siyasi təhlilçilərin yadındadır.
Amma bütün bu danışıqlar tarixə, sadəcə, təşəbbüs kimi qovuşurdu, hansısa konkret bir irəliləyiş baş vermirdi, münaqişənin bütün yükü yenə də bizim çiyinlərimizdə qalırdı.
Elə deyiləndə ki, Əbu-Dabidən sonra növbəti görüş Vaçinqtonda, özü də prezident Donald Trampın iştirakı ilə keçiriləcək, doğrusu, bir az ikili hisslər yaşadıq.
Bir yandan yaddaş, keçmişin yükü diqtə edirdi ki, böyük ümidlərə qapılmaq olmaz, çünki İkinci Qarabağ savaşına qədərki təşəbbüslər bir tərəfə, hətta savaşdan sonra, prezident Co Baydenin də dövründə müəyyən addımlar (özünəməxsusluqlarla!) atmağa səy göstərilmişdi.
Onlar bəlkə də Ermənistandakı ümumi siyasi ab-havaya müəyyən təsir etmişdi, ona görə ki, Paşinyanın Qərbin ondan nə gözləməsini başa düşməsi üçün heç də az vaxt tələb olunmadı. Elə bu səbəbdən də Qərbin bu müstəvidəki səylərini tamam faydasız da hesab etmirik.
Düşünürük ki, ABŞ-ın indiki təşəbbüsü də daha çox başqa aspektdən maraq doğurur. Trampın birinci idarəçiliyi dövründəki təcrübə, onun ikinci dəfə hakimiyyətə gələndən sonra bir sıra istiqamətlərdə, xüsusən Rusiya, onun prezidenti Vladimir Putin, ən əsası Ukrayna müharibəsi ilə bağlı apardığı ziddiyyətli siyasət deyirdi ki, böyük ümidlərə qapılmağa dəyməz, çünki Trampı nəinki postsovet məkanı maraqlandırmır, o, bu müstəvidə Vladimir Putinlə nəinki “bazarlaşmağa”, hətta onun “əlinə oynamağa” hazırdır.
Amma son günlərin prosesləri göstərdi ki, tamam belə də deyil. Birincisi, deyəsən, Tramp anlamağa başlayıb ki, ya Ukraynanı tamam Rusiyaya verməlidir, ya da Putinlə başqa cür davranmalı və bunun da yollarını aramalıdır.
İkincisi, post-sovet məkanının digər seqmentinə gəldikdə, xüsusən də ABŞ-ın Cənubi Qafqazla bağlı son siyasətini nəzərdən keçirəndə belə anlaşıldı ki, Tramp və komandası bu müstəvidə də oyuna girməyə hazır görünür və buna görə Moskvadan çəkinmir.
Məsələn, ən son aylarda ən çox çək-çevir edilən məhz Zəngəzur dəhlizi oldu və aydınlaşdı ki, bu prosesdə ən iddialı aktorlardan-fiqurlardan biri də Vaşinqtondur.
Üstəlik, yeni ABŞ administrasiyasının Rusiyanın daha bir “geosiyasi tabu”larından birini ayaqlamağa, hətta onun Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirəcək Transxəzər geoiqtisadi layihəsinə nəfəs verməyə çalışdığı bəlli oldu.
İnanın, bunlar sevindirici əlamətdir, çünki kiçik dövlətlərin ən çox ehtiyat etdiyi böyük dövlətlər arasında növbəti “geosiyasi ticarət”in baş tutmasıdır.
Bu məqamda daha çox uduzan, hətta ayaqlar altında qalan kiçik dövlətlər olur, ona görə ki, kimsə tərəzinin gözünə onların da maraqlarını qoymur. Necə ki, bir filmdə Çörçill Stalinlə Şərqi Avropanı bölüşdürərkən deyir: “Siyasət elə həqiqətən çox biabırçı, hətta həyasız məşğuliyyətmiş”. Təsəvvür edin, Çörçill deyir bunu, təpədən-dırnağa qədər siyasətçi olan adam...
Həm də siyasət də “boşluğu” sevmir, Qərbin, xüsusən də ABŞ-ın çəkildiyi geosiyasi fəzada Rusiya peyda olur və bu boşluğu dərhal Moskva tutur - xüsusən də keçmiş postsovet məkanında, hara ki, Kreml iddialarını heç vaxt gizlətməyibdir və indi də gizlətmir.
Onu görə də Zəngəzur prosesi, bunun ardınca da Bakı və İrəvan liderlərinin baş tutacaq növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi haqdakı xəbər bizdə yenə də ümidlər yaratdı, azı məlum oldu ki, Cənubi Qafqazın Trampı qətiyyən maraqlandırmadığı haqqındakı fərziyyələr və gümanlar, deyəsən, tamam həqiqət də deyil.
Düzdür, bu xüsusda xeyli başqa "orijinal yozumlar" da var. Məsələn, deyilir ki, guya Tramp Nobel sülh mükafatını almaq üçün öz aktivlərini artırmağa səy edir və Azərbaycanla Ermənistan arasındakı danışıqlara da bu rakursdan baxır. Əlbəttə, biz belə düşünmürük. Həm də bizim azərbaycanlılarda belə bir misal var: təki sən süd verən inək ol, lap vur qabı da dağıt...
O ki qaldı son görüşə, əvvəlcədən dörd istiqamətdə sənədlərin imzalanacağı gözlənilsə də, bunların hələ Azərbaycanla Ermənistan arasında tamam sülh olmayacağı da deyilirdi.
Doğrusu, Bakı ilə İrəvan arasında sülhün əldə olunması yolundakı bu qədər yeni-yeni “mərhələ”lər adamı lap yorur və burada bəzi postsovet ölkələrinin Avropa İttifaqına və NATO-ya üzv olmaq üçün keçməli olduğu “prosedur”lar və “mərhələ”lər yada düşür: avropalı diplomatlar, strateqlər belə məsələlərdə çox pərgardılar.
Olsun. Heç nədənsə nəyinsə olması da irəliyə doğru çox böyük addım sayıla bilər. Həm də güman edirdik ki, ən azı Zəngəzur layihəsi istiqamətindəki razılaşmanın əldə olunması və xüsusən Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətin imzalanması da az iş olmazdı, çünki Nikol Paşinyanın Minsk Qrupu ilə bağlı məsələni süni şəkildə uzatması nəinki dilxorçuluq yaradır, hətta müəyyən şübhələr də doğururdu: əcəba, bəlkə adam öz opponentləri kimi münaqişənin hələ də bitmədiyini düşünür?..
Görüşdən ilk sevindirici müjdə "907-ci düzəliş"lə bağlı oldu; ümid edək ki, düzəliş nəhayət, siyasi təzyiq aləti kimi tarixin zibilliyinə gömüləcək.
Belədə isə Vaşinqton görüşünü də öncə qarşılıqlı anlaşma (tək Ermənistanla yox, həm də ABŞ-la) istiqamətində atılmış daha bir ciddi addım kimi dəyərləndirdik, çünki indiki mürəkkəb dövrdə bizim üçün çox vacibdir bu.
Qafqazda çox çətin bir dövrdür. Bir neçə dəfə yazmışıq ki, siyasətdə şərait bəzən düşmənləri də dost edir. Son proseslərdə Rusiya oyunçu kimi yoxdur, daha çox kənardan müdaxilə etməyə çalışır: Ermənistanda bazalarını gücləndirmək, erməni müxalifəti və kilsəsinə dəstək vermək, azərbycanlılara qarşı “soyuq savaş” açmaqla.
Belə bir durumda ABŞ-ın yenidən Cənubi Qafqaz müstəvisinə qayıtması, Bakı ilə İrəvan arasında hiss olunan anlaşmanın yaranması bütün hallarda, müəyyən ümidlər verirdi, hərçənd, özümüzü çox yüksək notlara da kökləmirdik.
Amma baş verənlər hətta bizim nəzəri gözləntilərimizi də bir xeyli üstələdi, bir yox, bir neçə istiqamətdə çox mühüm razılaşmalar əldə olundu, demək olar ki, sülhə doğru yolun ən azı üçdən ikisi keçildi və ən əsası da ABŞ-ın Qafqazlardan tamam çəkiləcəyi və bizi Rusiya ilə təkbətək buraxacağı haqdakı “proqnozlar” doğrulmadı, bu isə regiondakı sülhün təməl daşlarından biridir...
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ