İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xarici agent” elan edilənlər... – Rusiya “ölkə düşmənləri”nə qarşı sərtləşir

Rusiya “xarici agentlər” məsələsinə dair hüquqi bazanı getdikcə təkmilləşdirir.

Bu günlərdə federasiyanın Maliyyə Nazirliyi rəsmi olaraq təsdiqləyib ki, xarici agentlər 30% daha yüksək fərdi gəlir vergisinə cəlb olunacaqlar. Onlar həm də bir sıra maliyyə hüquqlarının itirilməsi, həmçinin müəyyən vergi güzəştlərinin ləğvi ilə üzləşirlər. Məsələn, miras üçün pul ödəməli olacaqlar.

Daha bir təşəbbüs hakimiyyətə “ölkə düşmənləri”ni pul kisələrini və ciblərini boşaltmağa məcbur etmək üçün nəzərdə tutulub. Bu, “xarici agent”lərin hər hansı əsərinin ictimai istifadəsinə tam qadağadır. Bu ölkədə “xarici agentlər”in tam əksəriyyəti yaradıcı insanlar, intellektuallardır və onların yeganə dolanışıq vasitəsi əsərləridir.

İndi Rusiya hakimiyyəti onların əsərlərinin satışını, yayılmasını məhdudlaşdırmaqla bu şəxsləri dolanışıq vasitəsindən məhrum edir. Bu, “tısbağanı öldürməmək, arxası üstə çevirmək” taktikasıdır.

Dünən RF-nin Maliyyə Nazirliyinin saytında belə bir xəbər də dərc olunub: “Xarici agentlərin vergi güzəştlərindən istifadəsinin məhdudlaşdırılması təklif olunur”. Bu, büdcə, vergi və gömrük tarif siyasətinin əsas sahələrinin müəyyən müddəalarının həyata keçirilməsi üçün Anton Siluanovun nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində bir sıra xüsusi müddəalara aiddir.

Maliyyə Nazirliyinin press-relizində “xarici agent”lərin maliyyə vəziyyətinin bu xüsusi reqlamenti belə formalaşdırılıb ki, onlar həmçinin uzunmüddətli investisiyalar üçün vergi endirimləri, aktivlərin satışından əldə edilən gəlirlər üzrə vergidən azadolmalar, hədiyyələr və mirasdan əldə edilən gəlirlər ala bilməyəcəklər.

Qeyd edək ki, bir ay əvvəl KİV-lər mənbələrə istinadən xarici agentlərə qarşı da analoji yanaşmanın inkişaf etdirilməsi barədə məlumat vermişdilər.

Rusiyada bir qrup insanın “sinfi düşmən” elan edilməsi, seçib-seçilmək və digər vətəndaş hüququndan məhrum edilməsi, arzuolunmaz şəxslər elan edilərək toplu şəkildə sürgünlərə göndərilməsi, ölkədən didərgin salınması ilk dəfə deyil.

Ötən əsrin 30-cu illərində də iki öküzü, bir arabası, 50 qoyunu olan yüz minlərlə adam “qolçomaq” elan edilib, ya əllərindəki alıb var-yoxdan çıxarıblar, ya da həbs və sürgün ediblər.

Hətta ötən əsrin ortalarında iki kəlmə düz söz yazan, danışan onlarla ədibi, rəssamı, rejissoru və başqa ziyalıları “dissident” elan edərək cəzalandırıblar, əsərlərini çap etməyiblər, işdən çıxarıblar, dolanışıq vasitəsindən məhrum ediblər, bəzən isə aparıb ölkənin sərhədindən xarici ölkəyə ötürüblər.
Yadfikirli ziyalılara qarşı indiki cəzalandırma dalğası isə əsasən 2022-ci ilin fevralında başlayan, adı “xüsusi hərbi əməliyyat” qoyulan, mahiyyətcə son 80 ildə Avropada aparılan ən qanlı, od-alovlu müharibə olan “Ukrayna savaşı”ndan sonra vüsət alıb.

Bəzi şəxslər Rusiyanın keçmiş SSRİ ölkəsinə, qardaş slavyan xalqlarından birinə hərbi müdaxiləsini yanlış sayaraq, təqdir etməyiblər. Biri passiv, o biri aktiv şəkildə hərbi aqressiyanı lazımsız, yersiz hesab edib. Bununla da onlar dərhal “xarici agent”ə çevriliblər. Hakimiyyətə yarınmaq, ondan faydalanmaq istəyən jurnalistlər, sənətçilər, psevdopatriotlar neçə ildir belə adamları “ifşa edir”, hüquq-mühafizə orqanlarına ötürmə verirlər. Bəziləri 3 il 7 aydır həyatlarını məşhur müğənni Alla Puqaçovanın da “xarici agent” edilməsinə nail olmağa həsr ediblər və artıq məqsədlərinə yetişməyin bir addımlığındadırlar.

Bu gedişlə yaxın zamanlarda Ukraynadan, Qərbdən danışarkən nifrət püskürməyən şəxsləri də “qara siyahı”ya salacaqlar.

Ədliyyə Nazirliyinin məlum siyahısında adı olmaq Maliyyə Nazirliyinə də “hüquq” verir ki, onlara qarşı sanksiya tətbiq etsin. Hətta hansısa fiziki şəxs bir günlüyə “xarici agent” olubsa, o, artıq ən varlı şəxslərlə müqayisədə daha yüksək fərdi gəlir vergisi ödəməlidir – həm də ilboyu.

Rusiyada “xarici agent”in statusu ləğv edilənə qədər özü hesabından pul çıxara bilməz. Lakin dövlət, əksinə, “xarici agent”in aldığı bütün vergiləri və cərimələri bu hesabdan çıxara bilər. Bu, təbii ki, xarici agentlərin təkcə daşınmaz əmlakdan deyil, həm də əqli fəaliyyətdən və müəlliflik hüququndan gəlir əldə etməsinə mane olur.

Adam bu cür xəbərləri oxuyur və düşünür ki, əgər “xarici agent” adlandırılanlar xaricdə olmasalar, federasiya daxilində yaşasalar, yəqin ki, onları həbs edər, ağır şəkildə cəzalandırar, bütün əmlaklarını müsadirə edərdilər.

Ancaq gün gələcək, Rusiyada hakimiyyət dəyişikliyi olacaq, müharibə bitəcək, o zaman “xarici agent” adlandırılan şəxslər də bəraət qazanacaqlar. Bu, bir çoxlarına ölümlərindən sonra nəsib olacaq.

Nahaq yerə cəzalandırılmış adamlara ölümlərindən sonra bəraət vermək işində Rusiyanın əngin təcrübəsi var.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR