Onlayn ictimai-siyasi qəzet
Azərbaycan siyasi tarixinin ən qalmaqallı fiqurlarından biri, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev artıq hüquqi məsuliyyət qarşısındadır. On illərlə görünməz güc kimi hər siyasi hadisənin kölgəsində adı hallanan 87 yaşlı Mehdiyev bu dəfə DTX-nin İstintaq Baş İdarəsinin istintaq obyektinə çevrilib.
Rəsmi məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət) və 193-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bu maddələrin hər biri ağır və xüsusilə ağır cinayət kateqoriyasına daxildir. Lakin məhkəmə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
Maraqlıdır, bu qərar sırf yaş amili ilə əlaqədardırmı, yoxsa hüquqi mexanizmlərin doğurduğu insani yanaşmadır?
Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, Azərbaycan qanunvericiliyində yaşlı şəxslərin cəzalandırılmasına dair xüsusi toxunulmazlıq maddəsi yoxdur. Lakin hüquq tətbiqi praktikasında yaş amili həm istintaqın gedişinə, həm də məhkəmənin hökmünə ciddi təsir göstərir.
Vəkilin sözlərinə görə 80 və daha yuxarı yaşlı şəxslərin həbsdə saxlanılması həm humanizm prinsiplərinə, həm də tibbi baxımdan riskli sayılır: "Qanun birbaşa qadağa qoymasa da, Cəzaların İcrası Məcəlləsinin 80-ci maddəsi və Cinayət-Prosessual Məcəllənin 157-ci maddəsi yaşlı və səhhətində ciddi problem olan şəxslər üçün alternativ qətimkan tədbirlərinin – yəni ev dustaqlığı və ya girovla azadlıqda qalma formasının tətbiqini mümkün sayır.
Bundan əlavə, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə görə, məhkəmə hökmündən sonra belə, məhkumun xəstəliyə və yaşa görə cəzanın icrasını təxirə salmaq hüququ da mövcuddur. Bu hüquqi mexanizmlər Ramiz Mehdiyev kimi şəxslər üçün faktiki olaraq bir növ "qalxan” rolunu oynayır. Onlar nə tam azaddırlar, nə də həbsdədirlər. Bir növ həbslə azadlıq arasında asılmış vəziyyətdə qalırlar".
Cavad Cavadovun sözlərinə görə, bu hallar tək Ramiz Mehdiyevə aid deyil, ümumiyyətlə, yaşlı və xəstə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq təcrübəyə uyğun mexanizmdir:
“Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarında göstərilir ki, hətta ağır cinayətlərdə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təkcə cinayətin ağırlığı əsas ola bilməz. Hökumət sübut etməlidir ki, həmin şəxs azadlıqda qaldıqda istintaqa mane olacaq və ya gizlənəcək. 87 yaşlı bir şəxsin belə imkanlara malik olması real deyil. Bütün bunlar Ramiz Mehdiyevin azadlıqda qalmasının hüquqi əsasını təşkil edir. Lakin bu, onu məsuliyyətdən tam azad etmir. Əksinə, məhkəmə prosesində onun yaşı və sağlamlıq vəziyyəti yüngülləşdirici hal kimi qiymətləndirilsə də, cinayətin sübut olunması halında cəza istisna edilmir. Sadəcə, bu cəza şəxsin səhhətinə uyğun formada icra olunur.
Məsələn, məhkəmə hökmü ilə o, şərti məhkumluq, cərimə, yaxud ictimai işlərdən məhrumetmə kimi cəza növlərindən biri ilə üzləşə bilər. Lakin fiziki həbs, xüsusən də ömürlük azadlıqdan məhrumetmə istisna edilir. Beləliklə, Ramiz Mehdiyevin yaşı onu fiziki həbsdən qoruyur, amma hüquqi məsuliyyətdən yox".
Cavad Cavadov deyib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası hökm çıxarılan günədək altmış beş yaşına çatmış kişilərə tətbiq edilmir:
Qeyd etdiyimiz kimi Ramiz Mehdiyevə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz: "Amma Ramiz Mehdiyevin barəsində ev dustaqlığı növündə qətimkan tədbirinin seçilməsi normal praktikadır. İstintaq orqanı Ramiz Mehdiyevin yaşını nəzərə alaraq belə bir qətimkan tədbirinin seçilməsini istəyib. Ev dustaqlığı qətimkan tədbiri müəyyən məhdudiyyətlər olmaqla nəzarət altında saxlanılmadır.
Ramiz Mehdiyevin ayağına elektron qolbaq taxılması vəzifəsini də nəzarət orqanının üzərinə qoya bilər. Ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə bərabər tutulur. Ev dustaqlığı qətimkan tədbiri cəza təyin olunarkən də həbs müddəti olaraq hesablanır".
Vəkil deyib ki, cinayət işi materialları məhkəməyə göndəriləndən sonra ittihamedici hökm çıxarılarsa, məhkəmə Ramiz Mehdiyevin yaşını nəzərə ala bilər: "Ramiz Mehdiyev ağır cinayətlərdə ittiham olunsa da, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi normal haldır. Hesab edirəm ki, tək bu rezonanslı işdə deyil, digər işlərdə də qətimkan tədbiri seçilərkən ev dustaqlığı növünün olmasını da unutmasınlar. Avropa İnsan Haqları Məhkəməsinin president hüququna görə cinayətin xarakter, xüsusilə ağır cinayətdə ittiham olunmaq belə həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət deyil".
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ